AİLƏLƏRƏ KÖMƏK
Nəvazişi necə göstərə bilərsiniz?
İllər keçdikcə bəzi ər-arvadlar bir-birilərinə daha az nəvaziş göstərirlər. Əgər sizin nikahınızda da belədirsə, narahat olmalısınız?
Nəyi bilməlisiniz?
Nəvaziş nikahı möhkəmləndirmək üçün çox zəruridir. Fiziki cəhətdən sağlam və güclü olmaq üçün müntəzəm olaraq qida və su qəbul etmək vacib olduğu kimi, nikahı da möhkəmləndirmək üçün müntəzəm olaraq nəvaziş göstərmək olduqca vacibdir. Evləndikdən on illər keçsə belə, ərlər və arvadlar bir-birilərini çox sevdiklərinə və hörmət etdiklərinə həmişə əmin olmaq istəyirlər.
Əsl məhəbbət öz xeyrini güdmür. Bu cür məhəbbət qarşı tərəfin xoşbəxtliyinə çalışır. Belə ki, qayğıkeş ər və ya arvad təkcə onda istək yarananda nəvaziş göstərməyəcək, o, istənilən vaxt qarşı tərəfin nəvazişə ehtiyac duyduğunu başa düşəcək və bu ehtiyacı ödəmək üçün əlindən gələni əsirgəməyəcək.
Adətən, arvadlar ərlərinin göstərdiyi nəvazişdən daha çoxuna ehtiyac duyurlar. Ola bilsin, ər öz arvadına dərin məhəbbət bəsləyir. Amma əgər o, bu sevgini yalnız günün əvvəlində və ya axırında, yaxud yalnız cinsi münasibətlərdən əvvəl göstərirsə, onda arvadda ərinin onu həqiqətən sevib-sevmədiyinə dair şübhələr yarana bilər. Yaxşı olardı ki, həyat yoldaşları bir-birilərinə gün ərzində tez-tez nəvaziş göstərsinlər.
Nə edə bilərsiniz?
Sözlərinizlə nəvaziş göstərin. «Səni sevirəm» və ya «Sən mənim üçün çox əzizsən» kimi sadə cümlələr həyat yoldaşınıza özünü dəyərli hiss etdirəcək.
Müqəddəs Kitab prinsipi: «İnsan ürəyində aşıb-daşan fikirləri dilə gətirir» (Mətta 12:34).
Məsləhət: Nəvazişli sözləri yalnız danışıqda yox, həmçinin açıqçalarda, elektron poçtlarda və mesajlarda da istifadə edin.
Hərəkətlərinizlə nəvaziş göstərin. Qucaqlamaq, öpmək və ya sadəcə əlindən tutmaq həyat yoldaşınıza göstərə bilər ki, «Səni sevirəm» deyəndə məhz bunu nəzərdə tutursunuz. Zərif bir toxunuşla, sevgi dolu baxışla və ya gözlənilmədən verilən hədiyyə ilə də həyat yoldaşınıza göstərə bilərsiniz ki, ona həqiqətən dəyər verirsiniz. Bəs həyat yoldaşınıza kömək edə biləcəyiniz işlər, məsələn, çantaları daşımaq, qapı açmaq, qabları və paltarları yumaq, yaxud yemək bişirmək kimi işlər barədə nə demək olar? Çoxlarına görə bu, praktiki köməkdən də böyük məna kəsb edir. Bu yolla onlar hərəkətləri ilə nəvaziş göstərmiş olurlar.
Müqəddəs Kitab prinsipi: «Gəlin bir-birimizi [təkcə] sözdə, dildə yox, əməldə, həqiqətən sevək» (1 Yəhya 3:18).
Məsləhət: Həyat yoldaşınıza görüşdüyünüz vaxtlardakı kimi münasibət göstərin.
Bir-birinizə vaxt ayırın. Təklikdə qalmaq nikahınızı gücləndirir və həyat yoldaşınızı əmin edir ki, siz onunla birlikdə olmaqdan məmnunluq duyursunuz. Təbii ki, əgər uşaqlarınız və ya hər gün görməli olduğunuz çoxlu vacib işləriniz varsa, təklikdə vaxt keçirmək çətin ola bilər. Bəlkə, yalnız ikinizin edə biləcəyi sadə planlar qurasınız, məsələn, vaxtaşırı gəzintiyə çıxasınız.
Müqəddəs Kitab prinsipi: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10).
Məsləhət: Bəzi işgüzar ər-arvadlar vaxtaşırı olaraq axşamlar və ya həftəsonları görüş təyin edib, bir yerdə vaxt keçirirlər.
Həyat yoldaşınızı tanıyın. Hər insanın nəvazişə duyduğu ehtiyac fərqlidir. Bir-birinizdən görmək istədiyiniz və ehtiyac duyduğunuz nəvaziş barədə söhbət edin. Daha sonra isə həyat yoldaşınızın bu ehtiyacını ödəmək üçün əlinizdən gələni əsirgəməyin. Yadda saxlayın ki, nəvaziş göstərmək nikahınızın möhkəm olması üçün çox vacibdir.
Müqəddəs Kitab prinsipi: «Məhəbbət... öz xeyrini güdmür» (1 Korinflilərə 13:4, 5).
Məsləhət: Qarşı tərəfdən nəvaziş tələb etməkdənsə, özünüzdən soruşun: «Nə edə bilərəm ki, həyat yoldaşım mənim ona nəvaziş göstərdiyimi hiss etsin?»