AİLƏLƏRƏ KÖMƏK | NİKAH
Nikahdan əvvəl birgə yaşamaq bir-birimizi tanımağa kömək edə bilər?
Bir çox cütlüklər nikahdan əvvəl birlikdə yaşayırlar. Bununla onlar bir-birilərinə nə dərəcədə uyğun olduqlarını və nikahlarının uğurlu olub-olmayacağını müəyyən etmək istəyirlər. Bəs nikahdan əvvəl birlikdə yaşamaq yaxşı fikirdir?
Bu məqalədə
Müqəddəs Kitabda bu haqda nə deyilir?
Müqəddəs Kitabda nikahdan kənar cinsi əlaqə qadağan olunur. Məsələn, orada yazılıb: «Əxlaqsızlıqdan uzaq [durun]» (1 Salonikililərə 4:3; 1 Korinflilərə 6:18). Bu, birgə yaşayan və gələcəkdə nikaha daxil olmağı planlaşdıran kişi ilə qadın arasındakı cinsi münasibətləri də özünə daxil edir a. Müqəddəs Kitab prinsipləri cütlükləri arzuolunmaz hamiləlik və birgə yaşamağın digər acı nəticələrindən qoruyur.
Nikah quruluşunun banisi Allahdır. O, nikahı təsis edəndə demişdi: «Kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Yaradılış 2:24). Nikah zamanı bağlanılan sədaqət əhdi uzunömürlü və xoşbəxt ailənin təməlidir.
Birgə yaşamaq sizi nikaha hazırlayır?
Bəziləri bu suala «hə» deyə cavab verir. Onlar düşünürlər ki, birlikdə iş görmək və bir-birinin gündəlik həyatdakı vərdişlərini müşahidə etmək onlara dəyərli təcrübə qazandırır. Bununla belə, nikah əhdi uğurlu ailə üçün olduqca vacibdir.
Cütlük həm şad, həm bəd gündə bir bədən kimi olmağı necə öyrənə bilər? «Sınaq müddəti» adlandırdıqları dövr, yəni nikahdan əvvəl birgə yaşamaq çarə deyil. Nikaha daxil olmadan birgə yaşayanda hər iki tərəf düşünür ki, istənilən vaxt münasibətlərə son qoya bilər. Lakin onlar bir-birilə əhd bağlayanda və problemlərin öhdəsindən birgə gəlməyə çalışanda münasibətlər daha da möhkəmlənir.
Nəticə: Nikahdan əvvəl sınaq üçün birgə yaşayan cütlük, əslində, xoşbəxt ailə üçün yox, ayrılıq üçün təməl qoymuş olur.
Müqəddəs Kitab prinsipi: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).
Birgə yaşamaq sizə maddi cəhətdən fayda gətirəcək?
Bəziləri bu suala «hə» deyə cavab verir. Pyu adına Tədqiqat Mərkəzindən olan hesabata əsasən ABŞ-də birgə yaşamaq qərarına gələn hər on nəfərdən dördü bunu maddi mənfəət xatirinə edir. Lakin bir müddət birgə yaşadıqdan sonra onlar maddi problemləri ayrılıq üçün əsas səbəb kimi gətirirlər.
Birgə yaşamağın digər acı nəticələri ola bilər, xüsusən də qadınlar üçün. Məsələn, uşaq dünyaya gəlibsə, münasibətlərə son qoyulanda adətən, onu böyütmək məsuliyyəti qadının üstündə qalır.
Nəticə: Nikahdan əvvəl birgə yaşamağın acı nəticələri daha çox olur, nəinki faydası.
Müqəddəs Kitab prinsipi: «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm» (Əşiya 48:17).
Birgə yaşamaq sizi yanlış insanla ailə qurmaqdan qoruyacaq?
Bəziləri bu suala «hə» deyə cavab verir. Lakin bir kitabda yazılıb: «Nikahdan əvvəl birgə yaşayan insanlar anlamırlar ki, münasibətlərə son qoymaq lazım gələrsə, bu onlar üçün daha da çətin olacaq» («Fighting for Your Marriage»). Nəyə görə? Birgə yaşamağı seçən cütlüklər bir-birinə uyğun gəlmədiklərini sezə bilərlər. Amma bu müddət ərzində onlar ola bilsin, birlikdə ev heyvanı sahibləniblər, əmlak icarəyə götürüblər, yaxud arzuolunmaz hamiləlik problemi ilə qarşılaşıblar. Tədqiqatçıların fikrincə, bu kimi öhdəliklər ucbatından onlar birgə yaşamağa məcburən davam etməli olurlar. Başqa sözlə, «bəlkə də bəziləri evliliyə qədəm qoymazdan qabaq ayrılardılar, lakin ayrılmaq birgə yaşamaqdan daha çətin olduğu üçün onlar münasibətlərə son qoymurlar» («Fighting for Your Marriage»).
Nəticə: Birgə yaşamaq əslində düzgün qərar verməyə kömək etmir, əksinə, yanlış münasibətlərə son qoymağı daha da çətinləşdirir.
Müqəddəs Kitab prinsipi: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 22:3).
Bəs başqa seçim var?
Nikahdan qabaq birgə yaşamağın gətirdiyi acı nəticələri dadmadan xoşbəxt ailə qura bilərsiniz. Necə? Müqəddəs Kitabın ailə ilə bağlı prinsiplərinə bağlı qalaraq. Ailə qurub birlikdə yaşamağa başlamazdan əvvəl görüşdüyünüz insanı yaxından tanımağa kifayət qədər vaxt ayırın. Gələcək həyat yoldaşınızı görünüşünə, yaxud yaraşığına görə deyil, sahib olduğunuz ortaq iman və dəyərlər əsasında seçmək hikmətli qərardır.
Müqəddəs Kitabdakı məsləhətlər xoşbəxt və uzunömürlü ailəyə sahib olmağa sizə kömək edə bilər b. Sizin üçün faydalı ola biləcək prinsiplərdən bəziləri…
Sədaqətli olun
Yaxşı həyat yoldaşına xas xüsusiyyətlərə sahib olun
Görüşərkən qarşı tərəfin mənfi xüsusiyyətlərini görməzdən gəlməyin
Bu mövzularla bağlı daha ətraflı məlumat əldə etmək üçün jw.org saytından «Nikah və ailə» bölməsinə daxil olun.
Müqəddəs Kitab prinsipi: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və təlim… üçün faydalıdır» (2 Timutiyə 3:16).
a «Eşq nikahdan əvvəl cinsi əlaqədə olmağa bəraət verir?» adlı məqaləyə (türk.) baxın.
b Bəzi mədəniyyətlərdə övladları üçün həyat yoldaşı seçimini valideynləri edir. Bu halda da Müqəddəs Kitab valideynlərə seçim etməyə, insanda hansı xüsusiyyətlərə önəm verməli olduqlarını görməyə kömək edə bilər.