Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | NİKAH

Qısqanclıq hissindən necə qurtulmaq olar?

Qısqanclıq hissindən necə qurtulmaq olar?

 Şübhə və inamsızlıq olan yerdə xoşbəxtlik ola bilməz. Səbəbsiz yerə qısqanc olmamaq üçün nə edə bilərsiniz?

Bu məqalədə

 Qısqanclıq nədir?

 «Qısqanclıq» sözünün müxtəlif mənaları var. Bu məqalədə «qısqanclıq» dedikdə, kiminsə bizim həyat yoldaşımıza və ya həyat yoldaşımızın kiməsə romantik hisslər bəslədiyini düşünəndə keçirdiyimiz hisslər başa düşülür. Bizə elə gələ bilər ki, evliliyimiz təhlükə altındadır. Əgər həqiqətən təhlükə varsa, qısqanclıq hissi keçirməyimiz təbiidir. Çünki evlilik iki insan arasındakı ən güclü bağdır və ərlə arvad evliliklərini qorumaq üçün əllərindən gələni etməlidirlər.

 Müqəddəs Kitab prinsipi: «Onlar artıq iki yox, bir bədəndir... Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mətta 19:6).

 «Bəzən qısqanclıq yanğın siqnalizasiyasına bənzəyir. Evlilik üçün təhlükə yarananda o sizə bu barədə xəbər verir və tədbir görməyiniz üçün həyəcan təbili çalır» (Benjamin).

 Əsassız qısqanclıq səbəbsiz yerə şübhə və ya qorxuya qapılmaq deməkdir. Əsl məhəbbət bizi bu cür qısqanclıqdan qoruyur. Psixoloq Robert Lehi deyir: «Əsas olmadan həyat yoldaşınızı qısqanmaq, əslində, qorumağa çalışdığınız münasibətləri daha da korlayır» a.

 Əsassız qısqanclığa nə səbəb olur?

 Əsassız qısqanclığın səbəblərindən biri əvvəlki evliliyinizdə həyat yoldaşınızın sizə xəyanət etməsi ola bilər. Yaxud ola bilsin, valideynləriniz xəyanətə görə boşanıblar və siz qorxursunuz ki, eyni şey sizin də başınıza gələr.

 «Mən gənc ikən atam anama xəyanət etmişdi. Ona görə də mənə başqalarına etibar etmək çətin idi. Bu mənim həyatımda elə dərin iz qoyub ki, bəzən həyat yoldaşıma da etibar etməkdə çətinlik çəkirəm» (Melisa).

 Digər səbəb özünüzə əmin olmamağınız ola bilər. Belə olanda sizə elə gələ bilər ki, kimlərsə ailənizi dağıtmağa çalışır. Hətta düşünə bilərsiniz ki, fürsət olsa, həyat yoldaşınız sizi başqa birinə görə tərk edər.

 Səbəb nə olur-olsun, əsassız qısqanclıq ucbatından düşünə bilərsiniz ki, həyat yoldaşınız sizə xəyanət edib. Bu cür düşüncə həm evliliyinizə, həm də sağlamlığınıza xətər yetirə bilər.

 Müqəddəs Kitab prinsipi: «Qısqanclıq sümükləri çürüdər» (Məsəllər 14:30).

 Qısqanclıq hissinizi necə cilovlaya bilərsiniz?

 Etibarınızı artırın. Ürəyinizə şübhə toxumları əkmək əvəzinə, yoldaşınızın sizin üçün etdikləri barədə düşünərək ona etibarınızı artırın.

 «Diqqətimi ərimin yaxşı xüsusiyyətlərinə cəmləyirəm. Əgər o kiminləsə diqqətcil davranırsa, bunun arxasında pis niyyət durmur. Əslində, bu, ərimin qayğıkeş olduğundan xəbər verir. Özümə daima xatırladıram ki, valideynlərimin evliliyinin uğursuz olması o demək deyil ki, məndə də belə olacaq» (Melisa).

 Müqəddəs Kitab prinsipi: «Məhəbbət... hər şeyə inanır» (1 Korinflilərə 13:4, 7).

 Şübhələrinizin əsaslı olub-olmadığını yoxlayın. Yuxarıda sözləri gətirilən psixoloq Robert Lehi yazır: «Çox vaxt düşüncələrimizin doğru olduğuna inanırıq. Bu cür əminlik bizim üçün danılmaz dəlilə çevrilir. Amma insanın güclü əminliyi düşündüklərinin doğruluğuna əsas vermir» b.

 «Yoldaşımızın hərəkətlərini pis yerə yozuruqsa, durduq yerə ailədə söz-söhbət yaradırıq» (Nadin).

 Müqəddəs Kitab prinsipi: «Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (Filippililərə 4:5).

 Hisslərinizi yoldaşınızla bölüşün. Qısqanclığınızın səbəbi nə olursa olsun, bu barədə yoldaşınızla açıq danışın. Bu həm sizə, həm də yoldaşınıza bir-birinizlə münasibətdə daha diqqətcil olmağa kömək edəcək.

 «Hisslərinizi bölüşəndə ağlınızda tutun ki, yoldaşınızın məqsədi sizi incitmək deyil. Sizdə, yaxud yoldaşınızda yaranan şübhələrin yaxşı niyyətdən irəli gəldiyini düşünün. Ola bilsin, siz həddən artıq həssassınız və ya yoldaşınızdan çox şey gözləyirsiniz. Yaxud yoldaşınız sizə kifayət qədər diqqət göstərmədiyinin fərqində deyil» (Siara).

 Müqəddəs Kitab prinsipi: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24).

a b «The Jealousy Cure» kitabından.