Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | NİKAH

Spirtli içkinin nikahınızda problem yaratmasına yol verməyin

Spirtli içkinin nikahınızda problem yaratmasına yol verməyin

 Həyat yoldaşınız sizin həddən artıq çox spirtli içki içdiyinizə görə narahat olduğunu deyir? Əgər belədirsə, onda bəzi məqamları götür-qoy etməlisiniz.

Bu məqalədə

 Spirtli içkidən sui-istifadə və nikah — təhlükəli birləşmə

 Həddən artıq çox spirtli içki içmək sağlamlığınızda müxtəlif problemlər yarada bilər. Məsələn, ürək xəstəliyi, qaraciyər sirrozu və xərçəngə səbəb ola bilər. Amma spirtli içkilərdən sui-istifadə təkcə sağlamlığınız üçün deyil, həmçinin nikahınız üçün də təhlükə yaradır, çünki bu, məişət zorakılığına, maddi problemlərə, xəyanətə və boşanmaya gətirib çıxara bilər.

 Müqəddəs Kitabda deyilir ki, insan həddən çox spirtli içki içərsə, bu onu «ilan kimi çalar, gürzə kimi zəhər buraxar» (Məsəllər 23:32). Spirtli içkidən asılı olduğunuzu necə müəyyən edə bilərsiniz?

 Spirtli içkidən asılılığınız var?

 Növbəti suallar bunu müəyyən etməyə kömək edə bilər:

  •   İçki içəndə onun qədərini idarə edə bilirsiniz?

  •   Növbəti dəfə nə vaxt içəcəyiniz barədə tez-tez düşünürsünüz?

  •   Həyatınızda və nikahınızda problem yaratsa da, içməyə davam edirsiniz?

  •   Bu vərdişi tərgitmək istəyəndə özünüzü pis hiss edirsiniz?

  •   İçki içməyiniz həyat yoldaşınızla mübahisələrə səbəb olur?

  •   İndi əvvəlkindən daha çox içə bilirsiniz?

  •   Gizli-gizli içirsiniz? Evinizdə, iş yerinizdə içki gizlədirsiniz?

 Əgər bu sualların birinə və ya bir neçəsinə «hə» deyə cavab verirsinizsə, onda, ola bilsin, sizin spirtli içkidən asılılığınız var.

 Problemi inkar etməyin

 Həyat yoldaşınız həddən artıq çox spirtli içki içdiyinizə görə narahat olduğunu deyir? Bəlkə də, həmin vaxt belə bir probleminizin olduğunu danır və ya özünüzə bəraət qazandırırsınız. Hətta, ola bilsin, bu cür vərdişinizin olmasında başqalarını, o cümlədən həyat yoldaşınızı günahlandırırsınız. Bəlkə də, belə sözlər deyirsiniz:

  •   «Mənimlə xoş davransaydın, içki içməzdim».

  •   «Mənim kimi ağır işdə işləsəydin, sən də içərdin».

  •   «Məndən çox içən insanlar da var».

 Bu cür sözlər deyirsinizsə, ola bilərmi ki, içki içmək istəyinizi ailənizin xoşbəxtliyindən üstün tutursunuz? Hansı daha vacibdir?

 Müqəddəs Kitab prinsipi: «Evli adam isə arvadını razı [salmağın]... dərdini çəkir» (1 Korinflilərə 7:33).

İnadkarlıq divarını yoldaşınızın narahatlığını görməyə kömək edən pəncərə ilə əvəz edin

 Nə edə bilərsiniz?

  •   Yoldaşınızın dediklərinə ciddi yanaşın. Hətta həyat yoldaşınız bu məsələyə həddən artıq həssas yanaşırsa belə, bəlkə, yenə də nəyisə dəyişəsiniz? Əgər dəyişiklik edə bilmirsinizsə və həyat yoldaşınızın narahatlığına baxmayaraq, spirtli içki içirsinizsə, bu özü-özlüyündə sizdə spirtli içki aludəçiliyinin olduğunu göstərə bilər.

     Müqəddəs Kitab prinsipi: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24).

  •   Faktları araşdırın. Döyüşü qazanmaq üçün əsgər düşmənin taktikasını öyrənməlidir. Sizdə də vəziyyət eynidir. Düşməniniz üzərində qələbə qazanmaq üçün alkoqolizmlə bağlı faktları və onun insanları necə tələyə saldığını öyrənin. Bundan əlavə, spirtli içki aludəçiliyindən yaxa qurtarmaq və gələcəkdə bir daha içməmək üçün hansı addımları ata biləcəyinizi müəyyən edin.

     Müqəddəs Kitab prinsipi: «Canınızla savaşan cismani istəklərdən uzaq durun» (1 Butrus 2:11).

  •   Kömək üçün müraciət edin. Alkoqolizm problemi ilə mübarizə aparmağa kömək edən çoxlu sayda müalicə proqramları, məsələn, bərpa proqramları, müalicə mərkəzləri və xəstəxanalar var. Həmçinin yetkin dostunuzdan da xahiş edə bilərsiniz ki, sizdə bu asılılığın hansı səbəblərdən yarandığını müəyyən etməyə kömək etsin. Yenidən spirtli içki içmək istəyiniz yarananda zəng edib həmin dostunuzdan kömək istəyin.

    Kömək üçün mütəxəssisə müraciət edin

     Müqəddəs Kitab prinsipi: «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

 Spirtli içkilərdən sui-istifadə ciddi problemdir və sadəcə kiçik bir məqalə oxumaqla bu məsələni həll etmək mümkün deyil. Həmçinin «daha az içəcəyəm» deməklə də bu vərdişdən yaxa qurtara bilməzsiniz. Amma unutmayın ki, bu pis vərdiş təkcə sağlamlığınıza deyil, nikahınıza da təsir edir.

 Əlavə məlumat: Aşağıdakı məqalələri oxuyun və görün başqaları spirtli içki aludəçiliyinin öhdəsindən necə gəliblər.

 «Artıq qəddar insan deyiləm»

 «Daha özümdən utanmıram»

 «Küçələr evim oldu»

 Həmçinin «Bu cür yaşamaqdan bezmişdim» adlı videoya baxın