Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK

Uşağınıza qiymətlərini yaxşılaşdırmağa necə kömək edə bilərsiniz?

Uşağınıza qiymətlərini yaxşılaşdırmağa necə kömək edə bilərsiniz?

 Ola bilsin, övladınız dərslərinə ciddi yanaşmır və ev tapşırıqlarını etmir. Buna görə də uşaq qeyri-nümunəvi olur və qiymətləri aşağı düşür. Uşağınıza qiymətlərini düzəltməyə necə kömək edə bilərsiniz?

 Nəyi bilməlisiniz?

 Təzyiq göstərmək problemi artırır. Uşağınıza təzyiq göstərməyiniz onun məktəbdə evdə stress keçirməyinə səbəb ola bilər. Və bu stressdən qaçmaq üçün o, yalan danışa, aşağı qiymətlərini gizlədə, gündəliyində valideyn imzası yerinə özü qol çəkə və ya dərsdən qaça bilər. Nəticədə, vəziyyət daha da pisləşəcək.

 Mükafatlandırmaq əks nəticə verə bilər. Andrey adlı ata deyir: «Qızımızı həvəsləndirmək üçün çalışırdıq, yaxşı qiymətlər alanda onu mükafatlandıraq, amma sonra gördük ki, onun fikri-zikri yalnız mükafatda qalır. Pis qiymət alanda isə qiymətdən çox mükafat ala bilməyəcəyinə görə məyus olur».

 Müəllimləri günahlandırmağın uşağa xeyri yoxdur. Bu zaman uşağınız düşünə bilər ki, yaxşı oxumaq üçün çox çalışmağa dəyməz. Üstəlik, o, səhvlərinə görə başqalarını günahlandıran və problemlərini başqalarının həll etməsini gözləyən bir insan kimi böyüyəcək. Bir sözlə, övladınız həyatı boyu ona lazım olacaq vacib bir keyfiyyətə — hərəkətlərinə görə məsuliyyət daşımaq bacarığına yiyələnə bilməyəcək.

 Nə edə bilərsiniz?

 Hisslərinizi nəzarət altında saxlayın. Əgər hirslisinizsə, onda uşağınızın aldığı qiymətlərlə bağlı söhbəti sonraya saxlayın. «Həyat yoldaşım və mən söhbəti sakit və anlayışlı olduğumuz vaxta saxlayanda daha yaxşı nəticə əldə edirik», — deyə Bret adlı ata bölüşür.

 Müqəddəs Kitab prinsipi: «Eşitməyə hazır [olun], danışmağa və hirslənməyə [tələsməyin]» (Yaqub 1:19).

 Əsl problemi müəyyən edin. Adətən, uşağın pis qiymət almasına kobud rəftara məruz qalması, məktəbini dəyişməsi, imtahan qabağı gərginlik yaşaması, ailədəki problemlər, yuxusuzluq, qrafikinin olmaması, eləcə də diqqətini bir şeyə cəmləyə bilməməsi səbəb ola bilər. O dəqiqə uşağınızın tənbəl olduğunu düşünməyin.

 Müqəddəs Kitab prinsipi: «Məsələyə anlayışla yanaşan uğur tapar» (Məsəllər 16:20).

 Dərs oxuması üçün münasib şərait yaradın. Uşağınızın ev tapşırıqlarını etməsi üçün cədvəl qurun. Dərslərini oxuması üçün diqqəti yayındıran şeylərin (məsələn, televizor və mobil telefon) olmadığı bir yer təşkil edin. Uşağınızın yorulmaması üçün ev tapşırıqlarını düzgün şəkildə bölün. Almaniyadan olan Hektor adlı ata deyir: «İmtahan vaxtı yaxınlaşanda biz hər gün dərsləri az-az təkrarlayırıq, oturub axırıncı saniyəni gözləmirik».

 Müqəddəs Kitab prinsipi: «Hər şeyin öz vaxtı var» (Vaiz 3:1).

 Oxumağa həvəs oyadın. Uşağınız məktəbin indi ona hansı faydası olduğunu başa düşsə, oxumağa bir o qədər həvəsli olacaq. Məsələn, riyaziyyatı bilmək ona cib xərcinin büdcəsini təşkil etməyə kömək edə bilər.

 Müqəddəs Kitab prinsipi: «Hikmət qazan, dərrakə qazan... Hikməti uca tut» (Məsəllər 4:5, 8).

 Məsləhət. Uşağınıza ev tapşırıqlarını etməyə kömək edin, amma bunu onun əvəzinə etməyin. Andrey deyir: «Qızımız bizim ağlımıza arxalanır və beynini işləmək istəmir». Uşağınıza ev tapşırıqlarını özünün necə edə biləcəyini öyrədin.