AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU
Uşaq və smartfon. Hissə 1. Uşağa smartfon alım-almayım?
Smartfon a işlədən uşaqların sayı günü-gündən artır. Əksər uşaqlar valideynlərinin gözündən uzaq smartfonları ilə rahat internetə daxil olur. Uşaqların smartfon işlətmələrinin təhlükələri və müsbət cəhətləri hansılardır? Uşağa gün ərzində telefondan istifadə etməyə nə qədər vaxt vermək olar?
Bunları bilmək vacibdir
Müsbət cəhətləri
Uşağın təhlükəsizliyi — valideynin qəlb rahatlığı. İki yeniyetmə övladı olan Betani deyir: «Yaşadığımız dünyada uşağı addımbaşı təhlükə gözləyir. Ona görə uşaqların valideynləri ilə əlaqə saxlamaları üçün bir vasitələri olmalıdır».
Ketrin üçün isə smartfon ancaq əlaqə vasitəsi deyil. O deyir: «İndi elə mobil tətbiqlər çıxıb ki, valideyn övladının telefonuna qoşulmaqla onun harada olduğunu görə bilir. Bu tətbiqlər hətta maşın sürən uşağın hansı sürətlə hərəkət etdiyini görməyə imkan verir».
Ev tapşırıqlarında köməkçi. Mari deyir: «Uşaqlar elektron poçt və ya mesaj vasitəsilə ev tapşırıqları alır, müəllimləri ilə əlaqə saxlayır».
Təhlükələri
Telefonla həddən çox vaxt keçirmək. Uşaqlar, orta hesabla, telefonda gündə bir neçə saat keçirir. Valideynlərə gəldikdə isə, onların telefonda keçirdikləri vaxt uşaqları ilə ünsiyyətə sərf etdikləri vaxt qədərdir. İndiki dövrdə bir çox ailələr, bir məsləhətçinin dili ilə desək, «bir yığın cihaz aludəçisi olan yad adamlar məclisinə» b çevrilib.
Pornoqrafiya. Bəzi məlumatlara əsasən, yeniyetmələrin yarısından çoxu hər ay internetdə pornoqrafik material axtarır. Smartfonla bunu etməyin daha asan olduğunu nəzərə alsaq, acınacaqlı statistika təəccüb doğurmur. İki yeniyetmə övladı olan Viliam deyir: «Uşaqlarına smartfon almaqla valideynlər özləri də istəmədən onların əlinə hər yerdə pornoqrafiyaya baxmaq fürsəti vermiş olurlar».
Asılılıq. Bir çox insanların smartfondan psixoloji asılılığı var. Telefonları gözlərinə dəyməyəndə dərhal təşvişə düşür, özlərini çarəsiz hiss edir, hətta halları pisləşir. Telefon işlədən uşaqların xasiyyətinin kobudlaşdığını deyən valideynlər də var. «Bəzən oğluma söz demək olmur: ya gözlərini süzdürəcək, ya da cavab qaytaracaq, təki onu heç nə telefonundan ayırmasın», —deyə Karmen adlı bir qadın gileylənir.
Digər təhlükələr. Smartfon işlədən uşaqların kiberxuliqanlığa və sekstinqə məruz qalmaq təhlükəsi var. Bundan əlavə, yuxusuz gecələr və qamət pozuntusu uşağın sağlamlığında bir sıra fəsadlar törədə bilər. Elə uşaqlar var ki, «kabus proqramlardan» məharətlə istifadə etməyi öyrəniblər: onlar valideynlərindən gizli saxlamaq istədikləri məlumatları, yazışmaları, şəkil və videoları kalkulyator kimi adi, zərərsiz tətbiqlərin adı altında gizlədirlər.
Yeniyetmə qızı olan Danielin sözləri yuxarıda deyilənlərə çox gözəl yekun vurur: «Smartfon internetdə olan həm yaxşı, həm də pis şeylərə qapı açır».
Özünüzə verməli olduğunuz suallar
«Uşağıma smartfon lazımdır?»
Müqəddəs Kitabda deyilir: «Uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15). Bu ayəni yadda saxlayaraq özünüzə növbəti sualları verin:
«Təhlükəsizlik və digər səbəblərə görə uşağıma smartfon lazımdır? Bunun müsbət və mənfi tərəflərini gözə almışam? Bəlkə, smartfon əvəzinə başqa nədənsə istifadə etmək olar?»
Tod deyir: «Satışda hələ də adi telefonlar var. Belə telefonla uşağa zəng etmək və ya ona mesaj göndərməklə əlaqə saxlamaq olur. Üstəlik, belə telefon pula qənaətdir».
«Uşağım bu məsuliyyətin öhdəsindən gələcək?»
Müqəddəs Kitabda deyilir: «Hikmətlinin ürəyi düz yola yönəlir» (Vaiz 10:2). Bu ayəni yadda saxlayaraq, özünüzdən soruşun:
«Uşağımın etibarlı insan olduğu nədən görünür? O, hər şeyi mənə açıq danışır? Məndən heç nə gizlətmir ki: məsələn, kiminlə dostluq etdiyini? Televizor, planşet, notbuk kimi elektron cihazlardan istifadə etməyin qədərini və qaydalarını bilir?» Serena deyir: «Smartfon çox faydalı, eyni zamanda təhlükəli cihazdır. Təcrübəsiz uşağın çiyninə ağır məsuliyyət yükü qoymazdan əvvəl yaxşı-yaxşı düşünün».
«Mən bu məsuliyyətin öhdəsindən gələcəyəm?»
Müqəddəs Kitabda deyilir: «Uşağa düzgün yolu öyrət» (Məsəllər 22:6). Ayəni yadda saxlayaraq özünüzdən soruşun:
«Bəs mən özüm smartfonlardan baş çıxarıram? Onun daşıdığı təhlükələri və bu təhlükələrdən qaçınmağın yollarını uşağıma izah edə bilərəm? Smartfonun “valideyn nəzarəti” rejimini qoşmağı bacarıram? Uşağıma smartfondan ağılla istifadə etməyi necə öyrədəcəyəm?» Yuxarıda sözləri gətirilmiş Daniel deyir: «Fikir vermişəm ki, əksər valideynlər uşağın əlinə smartfon verib onunla baş-başa qoyurlar».
Nəticə. Uşaqlara smartfondan məsuliyyətlə istifadə etməyin qaydalarını öyrətmək lazımdır. Bir kitabda deyilir: «Elektron cihazların yaratdığı təhlükələrə qarşı durmaq müşkül məsələdir. Ona görə düşünməməliyik ki, uşaqlar özləri bu təhlükələrin öhdəsindən gələ bilər, xüsusilə valideynlərin nəzarətindən kənarda olduqda» («Indistractable»).