Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşaqlar və sosial şəbəkələr. I Hissə. Uşağıma sosial şəbəkələrdən istifadə etməyə icazə verim?

Uşaqlar və sosial şəbəkələr. I Hissə. Uşağıma sosial şəbəkələrdən istifadə etməyə icazə verim?

 Bir tədqiqata əsasən, yeniyetmələrin 97 faizi sosial şəbəkələrdən istifadə edir. Sizin də uşağınız özünə səhifə açmaq istəyir? Əgər belədirsə, növbəti məqamlar haqda düşünməyə dəyər.

Bu məqalədə

 Vaxt

 «Sosial şəbəkələr elə qurulub ki, ora girdinsə, çıxa bilməyəsən, daima onlayn olasan və yeni bir şeyin gəlib-gəlmədiyini hər dəfə yoxlayasan» (HelpGuide saytından).

 «Hərdən özümə deyirəm: kimin nə paylaşdığına tez baxıb çıxıram. Amma bir də görürəm ki, artıq axşamdır. Telefonu kənara qoyub faydalı işlə məşğul olmaq inanılmaz dərəcədə çətindir» (Lin, 20 yaş).

 Özünüzdən soruşun: «Uşağım sosial şəbəkədən istifadəyə qoyduğum məhdudiyyətə əməl edəcək? O nə dərəcədə nizam-intizamlıdır? Sosial şəbəkələrdə keçirdiyi vaxta o özü nəzarət edə biləcək?»

 Müqəddəs Kitab prinsipi: «Diqqətli olun... müdriklər kimi hərəkət edin və... vaxtınızın qədrini bilin» (Efeslilərə 5:15, 16).

Heç nə izah etmədən uşağa sosial şəbəkələrdə səhifə açmağa icazə vermək onu hazırlıqsız atın belinə mindirib yüyəni əlinə verməyə bənzəyir

 Dostlarla münasibət

 «Sosial şəbəkə» termini istifadəçilərin çoxlu dost-tanışlarının olduğu təəssüratı yaradır. Amma çox vaxt bu sadəcə təəssüratdır.

 «Bir çox həmyaşıdlarım o fikirdədir ki, laykları və izləyiciləri nə qədər çoxdursa, onlara qarşı laqeyd olmayan insanların da sayı bir o qədər çoxdur. Halbuki onlar bu insanların çoxu ilə tanış deyil» (Patrisiya, 17 yaş).

 Özünüzdən soruşun: «Uşağım layk və izləyicilərin sayına nə dərəcədə əhəmiyyət verir? O, real həyatda insanlarla dostluq qurmağı bacarır?»

 Müqəddəs Kitab prinsipi: «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

 Emosional sağlamlıq

 Tədqiqatlar göstərir ki, sosial şəbəkələrdə çox vaxt keçirən insanlar tənhalıq, depressiya və narahatçılıq hissindən əziyyət çəkirlər.

 «Dostlarının sənsiz necə şənləndiyinə şəkillərdə baxmaq insanı kədərə qərq edir» (Sirena, 19 yaş).

 Özünüzdən soruşun: «Sosial şəbəkələrdə başqalarının paylaşdığı şəkil və videoları görəndə uşağımda xudbinlik və rəqabət baş qaldırır? O, başqalarının təsiri altına düşür?»

 Müqəddəs Kitab prinsipi: «Məğrur olmayaq, bir-birimizi rəqabətə təhrik etməyək, bir-birimizin paxıllığını çəkməyək» (Qalatiyalılara 5:26).

 İnternetdə davranış

 Sosial şəbəkələr hədə-qorxu gəlmək, böhtan atmaq, zorakılıq, ədəbsiz şəkil və videolar paylaşmaq və pornoqrafiyaya baxmaq üçün açıq meydandır. Uşağınızın bu kimi işlərlə məşğul olmaq niyyəti olmasa da, o, pis təsirə məruz qala bilər.

 «Çox vaxt sosial şəbəkələrdə qarşına çıxanlar zərərsiz görünür, amma heç özün də gözləmədən söyüş və ədəbsiz musiqi ilə üzləşə bilərsən» (Linda, 23 yaş).

 Özünüzdən soruşun: «Uşağım sosial şəbəkələrdən düzgün istifadə etməyi bacarır? Ədəbsiz şeylərə “yox” deyə bilir?»

 Müqəddəs Kitab prinsipi: «Əxlaqsızlığın, hər cür natəmizliyin, acgözlüyün adını belə çəkməyin... Həmçinin aranızda abırsız hərəkətlərə, axmaq söhbətlərə və ədəbsiz zarafatlara yer verməyin» (Efeslilərə 5:3, 4).

 Sosial şəbəkələrsiz keçinmək olar?

 Sosial şəbəkələr həyati vacib bir şey deyil, onlarsız da xoşbəxt və rahat yaşamaq olur. Sosial şəbəkələrdə səhifəsi olmayan bir çox gənclər onsuz rahat keçinir. Belələrinin arasında əvvəllər sosial şəbəkələrdən istifadə edən, amma sonra səhifələrini bağlayanlar da az deyil.

 «Sosial şəbəkələr bacıma çox pis təsir etmişdi. Ona görə də mən öz səhifələrimi bağladım. O vaxtdan özümü daha xoşbəxt hiss edirəm və ürəyim rahatdır. İndi həyatdan daha çox zövq alıram» (Neytan, 17 yaş).

 Nəticə. Uşağınıza sosial şəbəkələrdə səhifə açmağa icazə verməzdən əvvəl, görün o, vaxtdan düzgün istifadə etməyi, real həyatda dostluq qurmağı və ədəbsiz şeylərə «yox» deməyi bacarır, yoxsa yox.

 Müqəddəs Kitab prinsipi: «Uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15).