Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşaq və smartfon. Hissə 2. Uşağa smartfonu ağılla işlətməyi öyrədin

Uşaq və smartfon. Hissə 2. Uşağa smartfonu ağılla işlətməyi öyrədin

 Necə istifadə edildiyindən asılı olaraq, smartfon zərər və ya fayda gətirə bilər. Uşağınıza bu güclü cihazdan ağılla istifadə etməyi necə öyrədə bilərsiniz? Məsələn, uşağa gün ərzində smartfondan istifadə etməyə nə qədər vaxt vermək olar? a

 Bunları bilmək vacibdir

  •   Smartfon istifadəçilərini təhlükəyə məruz qoyur. «Uşaq və smartfon. Hissə 1. Uşağa smartfon alım-almayım?» məqaləsində deyildiyi kimi, smartfon internetdə olan həm yaxşı, həm də pis şeylərə qapı açır.

     «Valideyn asanlıqla unuda bilər ki, smartfon vasitəsilə uşağı təhlükəli insanların və fikirlərin təsirinə məruz qala bilər» (Brenda).

  •   Uşaqların təlimata ehtiyacı var. İndiki uşaqlar texnologiya dövründə dünyaya göz açıblar. Əksər valideynlər üçün isə texnologiya yeni bir şeydir. Amma bu o demək deyil ki, onlar bu məsələdə tamamilə xamdır və uşaqlar smartfondan necə və nə vaxt istifadə etməyi onlardan yaxşı bilir.

     Düzdür, uşaqlar smartfondan istifadə etməkdə daha məharətlidir, amma məharəti yetkinliklə qarışdırmayın. Smartfondan məsuliyyətlə istifadə etmək məsələsinə gəldikdə, müasir texnologiyaları beş barmağı kimi bilən uşaqların da valideyn təlimatına ehtiyacı var.

     «Təlimat vermədən uşağın əlinə smartfon vermək ona bənzəyir ki, uşağa maşın sürməyi öyrətmədən açarını verirsən, sükan arxasına otuzdurursan, mühərriki işə salırsan və deyirsən: “Xahiş edirəm, ehtiyatlı ol”» (Set).

 Nə etməlisiniz?

  •   Uşağınızın telefonunun funksiyalarını öyrənin. Uşağınıza telefondan məsuliyyətlə istifadə etməyə kömək edəcək alətlərlə tanış olun. Məsələn:

     Telefondan istifadəni məhdudlaşdırmaq üçün onun hansı valideyn nəzarəti funksiyaları var?

     Bilirsinizmi ki, telefonun zərərli saytları blok edən parametrləri tam müdafiəni təmin etmir?

     Uşağınızın telefonundan başınız nə qədər yaxşı çıxarsa, bir o qədər ona telefondan məsuliyyətlə istifadə etməyi öyrədə biləcəksiniz.

     Müqəddəs Kitab prinsipi: «İnsanın elmi qüvvətini artırar» (Məsəllər 24:5).

  •   Məhdudiyyətlər qoyun. Nəyə icazə verib-verməyəcəyinizi müəyyən edin. Məsələn:

     Uşağınıza süfrə arxasında, yaxud qonaqlıqda telefondan istifadə etməyə icazə verəcəksiniz?

     Uşaq yatmağa gedəndə telefonu özü ilə aparmağa icazə verəcəksiniz?

     Hansı tətbiqlərdən istifadə etməyə icazə verəcəksiniz?

     Telefondan gündəlik istifadəyə vaxt məhdudiyyəti qoyacaqsınız?

     Qoyduğunuz qaydaları uşağa başa salın və qaydalar pozulduqda cəza tətbiq etməyə hazır olun.

     Müqəddəs Kitab prinsipi: «Uşaqdan tərbiyəni əsirgəmə» (Məsəllər 23:13).

  •   Nəzarət edin. Uşağınızın telefonunun şifrəsini bilin, vaxtaşırı içindəkilərini, o cümlədən mesajları, tətbiqləri, proqramları, şəkilləri və onun daxil olduğu saytları yoxlayın.

     «Qızımıza demişdik ki, ona xəbər vermədən istənilən an telefonunu yoxlayacağıq. Əgər ondan düzgün istifadə etmədiyi məlum olarsa, istifadəsinə məhdudiyyət qoyacağıq» (Loreyn).

     Bir valideyn kimi, uşağınızın smartfondan necə istifadə etdiyini bilməyə haqqınız çatır.

     Müqəddəs Kitab prinsipi: «Uşaq... əməllərindən tanınır, oturuşu-duruşu təmizmi, dürüstmü bəlli olur» (Məsəllər 20:11).

  •   Uşağınıza əxlaq dəyərləri aşılayın. Çalışın ki, uşaq özü düzgün davranmaq istəsin. Əks halda, uşaq valideynlərin gördüyü tədbirlərə baxmayaraq, istədiyini gizlətməyin yolunu tapacaq b.

     Buna görə uşağınızda dürüstlük, özünə hakim olmaq kimi xüsusiyyətlər yetişdirin və əməllərinə görə məsuliyyət daşımağı öyrədin. Əxlaq dəyərləri olan uşağın telefondan ağılla istifadə etmək ehtimalı daha böyükdür.

     Müqəddəs Kitab prinsipi. «Yetkin adam... ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14).

a Bu məqalədə «smartfon» dedikdə, internetə çıxışı olan mobil telefon nəzərdə tutulur. Mahiyyət etibarilə, bu, minikompüterdir.

b Məsələn, bəzi uşaqlar «kabus proqramlardan» istifadə edirlər. Onlar valideynlərindən gizli saxlamaq istədikləri məlumatları, yazışmaları, şəkil və videoları kalkulyator kimi adi, zərərsiz tətbiqlərin adı altında gizlədirlər.