Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Yaxşı ata olmaq üçün nə etmək lazımdır?

Yaxşı ata olmaq üçün nə etmək lazımdır?

 Ailədə atanın rolu nədir?

  •   Övladınız doğulmazdan əvvəl. İndi necə ər olmağınız gələcəkdə necə ata olacağınızı göstərir. Bir kitabda deyilir:

     «Əgər ər hamilə yoldaşına alış-veriş etməyə kömək edirsə, onu həkimə aparırsa, UZİ-də körpəsinə baxırsa, körpənin ürək döyüntülərinə qulaq asırsa, çox yəqin ki, o, körpəsi dünyaya gələndən sonra da həyat yoldaşının və övladının qayğısına qalacaq» («Do Fathers Matter?» kitabı).

     «İstəmirdim ki, həyat yoldaşım hamiləlik dövrünü tək keçirdiyini düşünsün. Ona görə də ona kömək etmək üçün əlimdən gələni edirdim. Biz hətta uşağımızın otağını da birgə hazırladıq. Körpəmizin dünyaya gələcəyini gözlədiyimiz bu dövr ikimiz üçün də xüsusi bir dövr idi» (Ceyms).

     Müqəddəs Kitab prinsipi: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).

  •   Övladınız doğulandan sonra. Körpənizlə oynamaqla və onu qucağınızda saxlamaqla onunla aranızda xüsusi bağ yarada bilərsiniz. Həyat yoldaşınıza uşağınıza baxmağa kömək edin. Bir ata kimi uşağınıza diqqət göstərməyiniz, onun qayğısına qalmağınız övladınızın inkişafında böyük rol oynayır. Aranızda bağlar yaratmaqla uşağınızın sizə nə qədər əziz olduğunu göstərirsiniz.

     «Uşaqla uşaq kimi olun, şıltaqlıq edin, onunla oynayın. Gülməli görünməkdən qorxmayın. Unutmayın ki, uşaq sevginin nə olduğunu ilk dəfə valideynindən öyrənir» (Riçard).

     Müqəddəs Kitab prinsipi: «Övladlar Yehovanın verdiyi mirasdır, bətnin bəhrəsi bir paydır» (Zəbur 127:3, haşiyə).

  •   Övladınız böyüdükcə. Araşdırmalar göstərir ki, ataları ilə yaxın münasibətdə olan uşaqlar məktəbdə daha yaxşı oxuyur, emosional problemləri daha az olur, narkotik maddələrdən sui-istifadəyə, eləcə də qanun pozuntuları etməyə daha az meyilli olurlar. Övladınızla yaxşı münasibətlər qurmaq üçün əlinizdən gələni edin.

     «Oğlum mənə demişdi ki, evdən köçəndən sonra ən çox darıxdığı şey maşınla uzun yol gedəndə və ya nahar vaxtı etdiyimiz söhbətlər idi. Bizim ən vacib söhbətlərimiz heç gözləmədiyim və yaxud planlaşdırmadığım vaxtlarda olub. Biz bir yerdə çoxlu vaxt keçirdiyimiz üçün bu cür söhbətlər etməyə fürsətimiz olurdu» (Dennis).

     Müqəddəs Kitab prinsipi: «Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin və... vaxtınızın qədrini bilin» (Efeslilərə 5:15, 16).

 Nəyə görə ailədə ata vacib rol oynayır?

 Cəmiyyətdə belə qəbul olunub ki, ata ailənin maddi ehtiyaclarını təmin etməli və ailəni qorumalıdır, ana isə ailənin emosinal ehtiyaclarının qayğısına qalmalıdır (Qanunun təkrarı 1:31; Əşiya 49:15). Amma elə ailələr də var ki, ata ananın, ana isə atanın bəzi vəzifələrini yerinə yetirir. Bununla belə, tədqiqatçılar deyir ki, həm atanın, həm də ananın uşağın həyatında öz rolu var a.

 Ailə məsələləri üzrə ekspert Cudit Volerstin şəxsi təcrübəsində bunun vacibliyini görmüşdü. O bölüşür: «On iki yaşlı qızımı maşın vuranda o istədi ki, təcili yardım maşınında onunla atası getsin, çünki həmin vəziyyətdə atasının onu qoruya biləcəyinə inanırdı. Xəstəxanada olanda isə istəyirdi ki, mən bütün günü onun yanında oturub, onu sakitləşdirim» b.

 «Ata ailənin özünü təhlükəsizlikdə və güvəndə hiss etməsinə kömək edir. Bir ana üçün bunu təkbaşına etmək çətin ola bilər. Ana isə övladlarına şəfqətlə qulaq asmaqla onlara sevildiklərini hiss etdirir və ailədə xoş ab-hava yaradır. Onlar bir komanda kimi çalışırlar» (Daniel).

 Müqəddəs Kitab prinsipi: «Oğlum, atanın tərbiyəsinə qulaq as, ananın öyüd-nəsihətini rədd etmə» (Məsəllər 1:8).

 Atalar və qız övladları

 Bir ata kimi, siz qızınıza kişi xeylaqları tərəfindən necə münasibətə layiq olduğunu öyrədirsiniz. O, bunu növbəti iki yolla öyrənir:

  •   Həyat yoldaşınızla necə davrandığınızı müşahidə etməklə. Siz həyat yoldaşınızı sevəndə və ona hörmət edəndə qızınız kişilərdə hansı xüsusiyyətlərin vacib olduğunu görür. Gələcəkdə həyat yoldaşı seçərkən o, bunları nəzərə alacaq (1 Butrus 3:7).

  •   Onunla necə davrandığınızı müşahidə etməklə. Qızınıza hörmət göstərəndə ona özünə hörmət etməyi öyrədirsiniz. O həmçinin öyrənir ki, digər kişilər də ona eyni cür hörmət göstərməlidirlər.

     Bunun əksi olaraq, ata qızını elə hey danlasa, bu, onun özünü dəyərsiz hiss etməsinə səbəb olacaq. Nəticədə, o, bu hissdən qurtulmaq üçün başqa kişilərə üz tutacaq, bu kişilərin isə niyyəti heç də yaxşı olmaya bilər.

     «Atasının sevgisini və qayğısını hiss edən qız yaxşı ərə xas xüsusiyyətləri olmayan kişiyə vurulmayacaq» (Veyn).

a Bir çox analar həyat yoldaşlarının köməyi olmadan da yaxşı övlad böyüdə biliblər.

b «The Unexpected Legacy of Divorce» kitabı.