Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Yeniyetmə övladınız etibarınızı doğrultmayanda

Yeniyetmə övladınız etibarınızı doğrultmayanda

 Bəzi yeniyetmələr valideynlərinin dediyi vaxtda evə gəlmirlər. Digərləri valideynlərini aldadırlar, dostları ilə bir yerdə olmaq üçün evdən gizlincə çıxırlar. Əgər sizin də övladınız etibarınızı doğrultmayıbsa, nə edə bilərsiniz?

 Övladım dikbaşdır?

 Belə olmaya da bilər. Müqəddəs Kitabda deyilir ki, «axmaqlıq uşağın ürəyində kök salar» (Məsəllər 22:15). Bu sözlərin həqiqət olduğu çox vaxt yeniyetmələrin davranışında əks olunur. Doktor Lorens Staynberq yazır: «Yeniyetmələr bəzən tələsik, ağılsız qərar verirlər. Onların səhvə yol verəcəyinə hazır olun» a.

 Övladım məni aldadıbsa, deməli, məni saymır?

 Düşünməyin ki, övladınızın məqsədi sizin dediyinizin əksini etməkdir. Araşdırmalardan məlum olur ki, yeniyetmələr üzdə özlərini başqa cür göstərsələr də, əslində, valideynlərin onlar haqqında nə düşündüyü onlar üçün önəmlidir. Ola bilsin, övladınız bunu büruzə vermir, amma sizi məyus etdiyinə görə özü də məyus və dilxor olub.

Sınıq sümük yenidən bitişib möhkəmlənə bilər. Etibarı da bərpa edib möhkəmləndirmək olar

 Kim günahkardır?

  •    Düşdüyü mühit? Müqəddəs Kitabda deyilir: «Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:33). Doğrudan da, dostlar, eləcə də başqa amillər, o cümlədən media və reklamlar yeniyetmələrə güclü təsir edir. Bir tərəfdən də, yeniyetmələrin həyat təcrübəsi azdır. İndi başa düşmək olar ki, nəyə görə yeniyetmələr ağılsız hərəkətlər edirlər. Sözsüz ki, böyüyəndə məsuliyyətli insan olmaq üçün onlar əməllərinə görə məsuliyyət daşımağı öyrənməlidirlər.

  •    Mən nəyi düz etməmişəm? Ola bilsin, düşünürsünüz ki, həddən artıq sərt olduğunuza görə uşağı yanlış hərəkətə vadar etmisiniz. Bəzən də narahat ola bilərsiniz ki, görəsən, uşağın ipini boş buraxmamısınız, ona lazımından artıq sərbəstlik verməmisiniz. Bu vəziyyətin yaranmasında öz səhvinizə diqqətinizi cəmləməkdənsə, məsələni həll etmək üçün nə edə biləcəyiniz barədə düşünün.

 Övladıma yenidən etibarımı qazanmağa necə kömək edə bilərəm?

  •   Hisslərinizi cilovlayın. Yəqin ki, övladınız sizin əsəbiləşəcəyinizi gözləyir. Amma siz çalışın, başqa cür davranasınız. Sakit-sakit övladınızla nəyə görə belə hərəkət etdiyi barədə danışın. Ona sadəcə maraqlı idi? Darıxırdı? Özünü tək hiss edirdi? Dostlarını görmək istəyirdi? Bu səbəblərin heç biri onun hərəkətinə bəraət qazandırmasa da, sizə və övladınıza nəyin bu vəziyyətə səbəb olduğunu başa düşməyə kömək edə bilər.

     Müqəddəs Kitab məsləhəti: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa və hirslənməyə tələsməməlidir» (Yaqub 1:19).

  •   Övladınızı düşündürün. Ondan soruşun: «Bundan özünə nə dərs götürdün? Gələn dəfə belə vəziyyət yarananda necə davranacaqsan?» Bu cür suallar yeniyetməyə düzgün davranmaq üçün düşünüb-daşınmağı öyrədəcək.

     Müqəddəs Kitab məsləhəti: «Bütün səbrini toplayaraq, müəllimlik qabiliyyətini işə salaraq tənbeh et, məzəmmət et, ürəkləndir» (2 Timutiyə 4:2).

  •   Qoyun əməlinin nəticəsini dadsın. Cəza törədilən əmələ müvafiq olanda daha təsirli olur. Məsələn, əgər uşaq dostları ilə vaxt keçirmək üçün dərsdən qaçıbsa, bir müddət ona dostları ilə vaxt keçirməsinə məhdudiyyət qoyun.

     Müqəddəs Kitab məsləhəti: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).

  •   Diqqəti etibarı bərpa etməyə cəmləyin. Düzdür, bu birdən-birə olmayacaq. Bununla belə, övladınız bilməlidir ki, vaxt keçdikcə, etibarınızı qazana bilər. Onu buna əmin edin. Övladınız daha heç vaxt ona etibar etməyəcəyinizi düşünsə, düzəlməyə çalışmayacaq.

     Müqəddəs Kitab məsləhəti: «Uşaqlarınızı qəzəbləndirməyin, yoxsa onlar ruhdan düşərlər» (Koloslulara 3:21).

a «Siz və övladınız» adlı kitabdan.