Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşaqlar və sosial şəbəkələr. II Hissə. Yeniyetmə övladınıza sosial şəbəkələrdən düzgün istifadə etməyi öyrədin

Uşaqlar və sosial şəbəkələr. II Hissə. Yeniyetmə övladınıza sosial şəbəkələrdən düzgün istifadə etməyi öyrədin

 Bir çox valideynlər təhlükələri nəzərə alaraq uşaqlarına sosial şəbəkələrdən istifadə etməyə icazə vermirlər. Amma əgər siz icazə vermək qərarına gəlmisinizsə, onda övladınıza özünü sosial şəbəkələrin mənfi təsirindən qorumağı və onlardan düzgün istifadə etməyi öyrədin.

Bu məqalədə

 Vaxt

 Nəyi bilməlisiniz? Sosial şəbəkələr asılılıq yaradır. Ona görə də övladınıza sosial şəbəkələrdə keçirdiyi vaxta nəzarət etmək üçün kömək lazımdır.

 Müqəddəs Kitab prinsipi: «Daha vacib şeyləri ayırd [edin]» (Filippililərə 1:10).

 Düşünün. Yatmaq vaxtı olanda, ev tapşırıqlarını edəndə və ya ailəniz birgə vaxt keçirəndə övladınız sosial şəbəkələrdən istifadə edir? Tədqiqatçılar deyir ki, yeniyetmələr hər gün təxminən doqquz saat yatmalıdır. Amma hər gün sosial şəbəkələrdə bir neçə saat keçirən yeniyetmə çox ehtimal ki, yeddi saatdan az yatır.

 Nə edə bilərsiniz? Övladınızla sosial şəbəkələrdə keçirdiyi vaxta məhdudiyyət qoymağın vacibliyi barədə danışın. Qaydalar qoyun, məsələn, gecə vaxtı yataq otağında elektron cihaz saxlamaq olmaz. Məqsədiniz övladınıza özünə hakim olmağı öyrətməkdir. Bu keyfiyyət ona böyüyəndə də çox kömək edəcək (1 Korinflilərə 9:25).

 Emosional sağlamlıq

 Nəyi bilməlisiniz? Yeniyetmə dostlarının redaktə edilmiş şəkillərinə, «Reels»lərinə (qısa videolar) baxanda özünü tənha, narahat hiss edə və depressiyaya düşə bilər.

 Müqəddəs Kitab prinsipi: «Hər cür... paxıllığı... kənara qoyun» (1 Butrus 2:1).

 Düşünün. Sosial şəbəkələrdə gördüklərinin təsirinə düşərək övladınız xarici görünüşündə və bədən quruluşunda hansısa qüsurun olduğunu düşünməyə başlayıb? Yaxud onda elə hiss varmı ki, başqalarının həyatı çox şən və maraqlı keçir, onun həyatı isə darıxdırıcıdır?

 Nə edə bilərsiniz? Övladınızla özünü başqaları ilə müqayisə etməyin nəyə görə təhlükəli olduğu barədə danışın. Nəzərə alın ki, video və şəkillərdə gördükləri qızlara oğlanlardan daha çox təsir edir, çünki qızlar münasibətlərə və xarici görünüşə daha çox önəm verirlər. Övladınıza təklif edə bilərsiniz ki, vaxtaşırı sosial şəbəkələrdən istifadəyə fasilə versin. Ceykob adlı bir gənc deyir: «Mən bir müddətlik sosial şəbəkələri elektron cihazımdan sildim. Bu mənə nəyin daha vacib olduğunu, eləcə də özümə və başqalarına qarşı münasibətimi təhlil etməyə kömək etdi».

 İnternetdə davranış

 Nəyi bilməlisiniz? Sosial şəbəkələrdən aktiv istifadə etmək həyatını camaatın gözü qarşısında yaşamağa bənzəyir. Fikirayrılığı və münaqişələr qaçılmazdır.

 Müqəddəs Kitab prinsipi: «Hər cür kini, hirsi, qəzəbi, qışqırığı, təhqiri... kənara qoyun. Bir-birinizə qarşı xeyirxah... olun» (Efeslilərə 4:31, 32).

 Düşünün. Övladınız sosial şəbəkələrdən istifadə edəndən qeybətcil, dalaşqan olub, sözləri ilə başqalarını acılayır?

 Nə edə bilərsiniz? Övladınıza internetdə özünü düzgün aparmağı öyrədin. Bir kitabda deyilir: «Valideyn uşağına istər virtual, istər real dünyada qəddarlığın pis olduğunu aydın başa salmalıdır» («Digital Kids»).

 Unutmayın ki, sosial şəbəkələr həyati vacib bir şey deyil. Bu səbəbdən elə valideynlər var ki, onlar yeniyetmə övladlarına sosial şəbəkələrdən istifadə etməyə icazə vermirlər. Uşağınıza sosial şəbəkələrdən istifadə etməyə icazə verməzdən əvvəl əmin olun ki, o sosial şəbəkələrdə keçirdiyi vaxta özü nəzarət edə biləcək, dostları ilə canlı ünsiyyət edəcək və internetdə pis şeylərə baxmayacaq.