Kontentə keç

İMAN ÖRNƏKLƏRİ | ƏYYUB

Yehova onun yaralarına məlhəm oldu

Yehova onun yaralarına məlhəm oldu

 Axır ki, bu kişilər susdular. Ətrafda təkcə Ərəbistan səhrasından əsən isti küləyin xəfif səsi eşidilirdi. Əyyubun daha deməyə sözü qalmamışdı, uzun-uzadı söhbətlərdən gücü tükənmişdi. Bununla belə, o, zəndlə Əlifəzə, Bildada, Söfərə baxıb, onlara meydan oxuyur, sanki deyirdi: «Hə, indi deyin görüm, nə deyəcəksiniz?!» Onlar isə Əyyubun gözlərinə baxa bilmirdilər. Öz ağıllı dəlillərinin, gurultulu sözlərinin, acı eyhamlarının boşa çıxdığını görüb, pərt halda gözlərini ondan qaçırırdılar (Əyyub 16:3). Əyyub özünün təqsirsiz olduğunu sübut etməyə qətiyyətli idi.

 Əyyub üçün ən önəmlisi kamilliyini qorumaq idi. Onun heç nəyi qalmamışdı, var-dövləti talanmışdı, on övladı tələf olmuşdu, dost-tanışının hörmətini itirmişdi, canı əldən getmişdi. Xəstəlikdən dərisi qapqara qaralmışdı, qaysaq bağlamışdı, bədəninə qurdlar daraşmışdı. Nəfəsi belə, iyrənc idi (Əyyub 7:5; 19:17; 30:30). Amma bu üç kişinin ittihamları onu lap yandırıb-yaxmış, hiddətləndirmişdi. O, qətiyyətlə günahsız olduğunu sübut etməyə qalxmışdı. Əyyubun son sözləri onları susdurdu. Onların yağdırdığı acı sözlər yağışı, axır ki, qurudu. Amma Əyyubun ürəyinin yanğısı dinmədi. O, təsəlliyə möhtac idi!

 Əyyub vəziyyətə düzgün baxa bilmirdi. Bunun səbəbini başa düşmək olar. Ona məsləhət lazım idi. Həmçinin Əyyubun ona təsəlli verəcək, dayaq olacaq bir kəsə ehtiyacı var idi. Ancaq bu üç nəfər bunların heç birini etmədi. Bəlkə, siz də elə bir müşkülə düşmüsünüz ki, məsləhət, təsəlli axtarmısınız. Dost sandığınız insanlar isə sizi məyus edib. Əyyubun əhvalatını araşdırmaq sizə kömək edə bilər, qəlbinizi ümidlə doldura bilər. Gəlin görək Yehova Allah Öz sadiq bəndəsi Əyyuba necə kömək etdi və Əyyub necə davrandı.

Müdrik və xeyirxah dost

 Birdən-birə hadisələrin axarı dəyişdi. Onların yanında Əlihu adlı bir cavan da var idi. O, bütün bu vaxt ərzində orada dayanıb, özündən böyüklərə sakitcə qulaq asırdı. Eşitdikləri heç də ona xoş gəlmirdi.

 Əyyubun sözləri Əlihunu dilxor etmişdi. O görürdü ki, saleh Əyyub kişilərin sözlərinin təsiri altında yanlış yola yönəlir, Allahı yox, özünü haqlı çıxarmağa çalışır. Əlihu bundan çox məyus olmuşdu, ancaq yenə də Əyyubun halına yanırdı. Onun ürəyinin dərdini, səmimiyyətini duyur, dostyana məsləhətə, təsəlliyə möhtac olduğunu başa düşürdü. O üç nəfər Əlihunun səbir kasasını daşırmışdı. Əlihu onların acı sözlərlə Əyyubun ləyaqətini alçaltdıqlarını, imanını, kamilliyini məhv etməyə çalışdıqlarını görürdü. Ən betəri isə onlar ikibaşlı danışaraq Yehovanı da ədalətsiz Allah kimi qələmə vermişdilər. Əlihu artıq susa bilmədi, içindəki ədalət hayqırdı! (Əyyub 32:2—4, 18).

 O dilə gəldi: «Mən cavanam, siz isə ahıl yaşdasınız. Buna görə hörmət edib səsimi çıxarmadım, bildiklərimi danışmağa cürət etmirdim». Amma Əlihu artıq susa bilməmişdi. O dedi: «Ağıl təkcə yaşda deyil, düzgünlüyü ancaq ahıllar anlamır» (Əyyub 32:6, 9). Sonra Əlihu xeyli danışdı və bu sözlərin həqiqət olduğunu təsdiq etdi. O, Əlifəz, Bildad və Söfərdən fərqli mövqe tutdu. Əlihu Əyyubu arxayın etdi ki, onu alçaltmayacaq, sözləri ilə onu əzməyəcək. Həmçinin Əyyubun ləyaqətinə hörmət etdiyini göstərdi: ona adı ilə xitab etdi və bu üç nəfərin ona qarşı haqsız davrandığını, ona rişxənd etdiyini açıq dedi a. Hörmətcil şəkildə söylədi: «İndi isə, Əyyub, məni dinlə» (Əyyub 33:1, 7; 34:7).

Əlihu Əyyuba adı ilə xitab etdi, onunla hörmətlə, dostyana rəftar etdi

 Əlihu Əyyuba məsləhət verdi: «Dediklərin qulağımdadır... Deyirsən: “Mən pakam, təqsirsizəm, təmizəm, qəbahətim yoxdur. Lakin Allah mənə qarşı bəhanə axtarır”». Əlihu Əyyubun düşüncəsindəki səhvi göstərərək soruşdu: «Yəni sən haqlı olduğuna o qədər əminsən ki, “mən Allahdan haqlıyam”, — deyirsən?» Əlihu bu sözə göz yuma bilməzdi. O dedi: «Bu yerdə sən haqsızsan» (Əyyub 33:8—12; 35:2). Əlihu başa düşürdü ki, üz verən dəhşətli itkiyə, bu üç nəfərin haqsız sözlərinə görə Əyyub qəzəblidir. Buna görə də Əyyubu xəbərdar etdi: «Qəzəb səni bədxahlığa sürükləməsin» (Əyyub 36:18).

Əlihu Yehova Allahın xeyirxahlığını mədh edir

 Əlihu əsas məsələyə keçdi: Yehova Allahın müdafiəsinə qalxdı. Sadə, amma təsirli sözlərlə mühüm bir həqiqəti söylədi: «Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz!.. Qüdrət Sahibi ədaləti təhrif etmir» (Əyyub 34:10, 12). Əlihu Yehovanın mərhəmətli, ədalətli olduğuna bir nümunə olaraq Əyyuba xatırlatdı ki, Yehovaya qarşı düşünmədən, hörmətsiz danışdığına görə Yehova onu cəzalandırmayıb (Əyyub 35:13—15). Həm də Əlihu özünü elə aparmadı ki, guya Allahın bütün işlərini tam dərk edir. O, təvazökarlıqla dedi: «Allahın böyüklüyü ağlasığmazdır» (Əyyub 36:26).

 Əlihu açıq danışsa da, sözlərində xeyirxahlıq duyulurdu. O, Əyyuba ümid verdi ki, gün gələcək Yehova ona şəfa verəcək. Allah bu sadiq bəndəsi barədə deyəcək: «Qoy bədəni gənclik çağındakından da təravətli olsun, cavanlıqdakı gümrahlığına qayıtsın». Əlihunun xeyirxahlığı həm də ondan bəlli idi ki, o, Əyyuba moizə oxumadı, onu danışmağa, cavab verməyə səslədi. Əlihu dedi: «Danış, səni haqlı çıxarmaq istəyirəm» (Əyyub 33:25, 32). Amma Əyyub cavab vermədi, belə canıyananlıqla, dostyana verilən məsləhətin qarşısında özünü müdafiə etməyə ehtiyac duymadı. Bəlkə də, Əyyub kiminsə, nəhayət ki, onu başa düşdüyünü hiss etdiyi üçün göz yaşlarını saxlaya bilməyib ağladı.

 Bu mömin insanların ikisindən də çox şey öyrənə bilərik. Əlihudan darda olanlara məsləhət və təsəlli verməyin təhərini öyrənirik. Əsl dost nə qədər çətin olsa da, dostunun ciddi səhvini, təhlükəli yola qədəm qoyduğunu ona deyəcək (Məsəllər 27:6). Biz də dara düşən insanlar üçün əsl dost olmaq istəyirik. Hətta onlar düşünmədən danışanda belə, xeyirxah və qayğıkeş olmaq istəyirik. Digər tərəfdən, bizə məsləhət veriləndə Əyyubdan nümunə götürərək məsləhətə qulaq asmalıyıq, onu qulaqardına vurmamalıyıq. Hər kəsin məsləhətə ehtiyacı var. Məsləhətə əməl etmək həyatımızı xilas edə bilər (Məsəllər 4:13).

«Qasırğanın içindən»

 Əlihu danışanda tez-tez külək, bulud, şimşək və ildırımdan söz açırdı. O, Yehova haqqında dedi: «Onun səsinin gurultusuna... qulaq as!» Sonra isə tufandan danışdı (Əyyub 37:2, 9). Görünür, Əlihu danışan vaxt külək əsməyə və get-gedə güclənməyə başlamışdı. Axırda isə külək güclü qasırğaya çevrildi. Birdən qeyri-adi bir hadisə vaqe oldu. Yehova Özü danışdı! (Əyyub 38:1).

Təsəvvür edin, kainatın Yaradanının təbiət haqqında mühazirəsinə qulaq asmaq necə böyük şərəfidir!

 «Əyyub» kitabını oxuyarkən Yehovanın Əyyuba dediyi sözlərə gəlib çatanda insan rahatlıq tapır. Sanki həqiqət qasırğası əsib, Əlifəzin, Bildadın, Söfərin dediyi bütün boş sözləri, yalanları havaya sovurur. Yehova əvvəldə o adamların heç adını da çəkmədi. Onun diqqəti təkcə Əyyubda idi. O bir ata kimi, sevimli bəndəsinə mülayimliklə düzəliş etdi.

 Sevimli bəndələri əzab çəkəndə Yehova onların halına yanır. Eynilə, Əyyubun da dərdini anlayırdı, onun halına acıyırdı (Əşiya 63:9; Zəkəriyyə 2:8). Amma Yehova görürdü ki, Əyyub avam-avam danışıb, öz vəziyyətini daha da ağırlaşdırır. Ona görə də Yehova Əyyuba çoxlu suallar verərək onun yanlış düşüncələrini düzəltdi. O dedi: «Mən dünyanın təməlini qoyanda sən harada idin? Bilirsənsə, söylə». Yehova dünya-aləmi yaratmağa başlayanda «dan ulduzları», yəni Allahın mələklərdən ibarət ailəsi yaradılış möcüzələrinə görə hayqırıb alqış oxuyurdu (Əyyub 38:2, 4, 7). Sözsüz ki, Əyyubun bütün bunlar barədə heç bir anlayışı yox idi.

Yehova qasırğanın içindən danışıb, Əyyubun düşüncəsinə mülayimliklə düzəliş etdi

 Yehova yaratdıqları barədə sözünə davam etdi. O, sanki Əyyubu bu gün insanların təbiət elmləri adlandırdığı elm sahələrinə qısaca səyahətə çıxardı. Astronomiya, biologiya, geologiya, fizika kimi sahələrə toxundu. Yehova Əyyubun yaşadığı ərazidə olan heyvanlardan aslanı, quzğunu, dağ keçisini, çöl eşşəyini, çöl öküzünü, dəvəquşunu, atı, şahini, qartalı, behemotu (ehtimal ki, begemot) və livyatanı (ehtimal ki, timsah) təsvir etdi. Təsəvvür edin, kainatın Yaradanının təbiət haqqında mühazirəsinə qulaq asmaq necə böyük şərəfidir b!

Təvazökarlıq və məhəbbət dərsi

 Bütün bunların məğzi nə idi? Əyyubda təvazökarlıq çatışmırdı. Yehovanın ona qarşı haqsız olduğunu deyib, şikayətlənməklə Əyyub öz vəziyyətini ağırlaşdırırdı, özünü qayğıkeş Atasından uzaqlaşdırırdı. Ona görə də Yehova dönə-dönə Əyyubdan soruşdu ki, kainatdakı bu möcüzələri xəlq edəndə o harada idi, yaxud yaratdığı məxluqları yedizdirə, əhliləşdirə bilərmi. Əgər Əyyub heç Yehovanın yaratdıqlarını idarə edə bilməzdisə, necə fikrindən keçirirdi ki, Yaradana göstəriş verməyə ixtiyarı var? Məgər Yehovanın yolları və fikirləri Əyyubun bilik və dərrakəsindən misilsiz dərəcədə üstün deyildi?

Əyyub Yehova ilə nə mübahisə etdi, nə özünə bəraət qazandırdı, nə də bəhanələr gətirdi

 Yehovanın bütün sözlərində dərin məhəbbət duyulurdu. Sanki Yehova Əyyuba deyirdi: «Oğlum, əgər Mən bu qədər şeyi yaratmışamsa, bunların qeydinə qalıramsa, necə düşünə bilərsən ki, sənin qayğına qalmayacağam. Doğrudanmı sən düşünürsən ki, Mən səni tərk etmişəm, övladlarını, gələcəyini, sağlamlığını əlindən almışam? İtirdiklərini sənə geri qaytarmağa, iztirablarına son qoymağa qadir olan təkcə Mən deyiləmmi?»

 Əyyub Yehovanın düşündürücü sualları qarşısında cəmisi iki dəfə dilləndi. O nə mübahisə etdi, nə özünə bəraət qazandırdı, nə də bəhanələr gətirdi. Boynuna aldı ki, heç nə bilmir, düşünmədən dediyi sözlərə görə tövbə etdi (Əyyub 40:4, 5; 42:1—6). Burada Əyyubun imanı özünü möhtəşəm surətdə büruzə verdi. O qədər dərd-bəladan sonra da o, böyük iman sahibi olaraq qalmışdı. Əyyub Yehovaya qulaq asdı və yanlış düşüncəsini düzəltdi. Biz də özümüzə sual verə bilərik: «Səhvimi göstərəndə, mənə məsləhət verəndə qürurumu sındırıb, məsləhəti qəbul edirəm?» Hər birimizin bu cür köməyə ehtiyacı var. Bu köməyi qəbul edəndə Əyyub kimi, imanla davranmış oluruq.

«Mənim barəmdə həqiqəti danışmadınız»

 Bu məqamda Yehova Əyyubu ovundurmağa başladı. Ehtimal ki, üç kişinin içində ən böyüyü olan Əlifəzə müraciət edərək dedi: «Sənə və sənin iki yoldaşına bərk qəzəblənmişəm. Çünki siz qulum Əyyubdan fərqli olaraq, Mənim barəmdə həqiqəti danışmadınız» (Əyyub 42:7). Bu sözlərə diqqət yetirin. Elə çıxır, Yehova deyirdi ki, üç kişi hər şeyi səhv demişdi, Əyyubun isə hər sözü düz idi? Əlbəttə ki, yox c. Ancaq Əyyubla onu ittiham edənlər arasında çox böyük fərq var idi. Əyyubun ürəyi dərddən qubar bağlamışdı. Üstəlik də, yalan ittihamlar onu pərişan etmişdi. Buna görə də bəzən düşünmədən danışmasını başa düşmək olardı. Əlifəzlə yanındakı iki kişi isə Əyyubun yaşadıqlarını yaşamamışdılar. Onların imanı zəif idi. Qürurlu idilər. Qəsdən Əyyubu yandırıb-yaxan sözlər deyirdilər. Günahsız insanın üstünə düşmək bir tərəfə qalsın, onlar Yehovanı şərləmiş, Onu amansız, ədalətsiz Allah kimi qələmə vermişdilər!

 Buna görə təəccüblü deyil ki, Yehova bu kişilərdən günahlarının haqqını ödəməyi tələb etdi. Onlar yeddi buğa, yeddi qoç qurban gətirməli idilər. Bu onlara ucuz başa gəlməyəcəkdi. Sonralar Tövrata əsasən, baş kahin bütün xalqa suç qazandıran günah işləyərdisə, ondan buğa qurbanı gətirmək tələb olunurdu (Lavililər 4:3). Buğa Tövrata əsasən, qurban gətirilən heyvanların içində ən bahalısı idi. Üstəlik, Yehova dedi ki, Əyyubu ittiham edən kişilərin qurbanını bir şərtlə qəbul edəcək, gərək əvvəlcə Əyyub onlar üçün dua etsin d (Əyyub 42:8). Təsəvvür etmək olar, Yehova Allah Əyyuba bəraət qazandıranda, ədaləti bərqərar edəndə Əyyub necə təsəlli tapmışdı!

«Qulum Əyyub da sizdən ötrü dua edəcək» (Əyyub 42:8).

 Yehova əmin idi ki, Əyyub Onun dediyini edəcək, qəlbinə dərin yara vuran kişiləri bağışlayacaq. Əyyub da Yehovanı məyus etmədi (Əyyub 42:9). Onun itaətkarlığı kamil olduğuna sözlərdən qat-qat güclü sübut idi. Üstəlik, Əyyubun bu itaətkarlığı ona misilsiz nemətlər qazandırdı.

Yehova çox mehriban Allahdır

 Yehova Əyyubla çox mehriban və mərhəmətlə davrandı (Yaqub 5:11). Ona şəfa verdi. Təsəvvür edin, Əyyub Əlihunun dediyi kimi, bədəninin gənclik çağındakından da təravətli olduğunu görəndə nə hiss etdi! Onun ailəsi, dostları, nəhayət ki, ətrafına toplaşdılar, dərdinə şərik oldular, ona bəxşiş gətirdilər. Yehova Əyyuba əvvəlkindən iki dəfə artıq var-dövlət verdi. Bəs ən böyük faciə olan övlad dərdinə necə çarə qıldı? Əyyubla arvadı yenidən on uşağa sahib olub, müəyyən dərəcədə təsəlli tapdı! Yehova Əyyubun ömrünü möcüzəli şəkildə uzatdı. Əyyub 140 il də yaşayıb, dörd nəsilə qədər nəvə-nəticə gördü. O, «uzun ömür sürdü və həyatdan doymuş halda vəfat etdi» (Əyyub 42:10—17). Cənnətdə isə Əyyubla sevimli arvadı ailəsinə, o cümlədən Şeytanın onlardan aldığı on övladına yenidən qovuşacaq (Yəhya 5:28, 29).

 Nə üçün Yehova Əyyubun başından bu qədər nemət tökdü? Müqəddəs Kitabda deyilir: «Siz Əyyubun dözümü haqqında eşitmisiniz» (Yaqub 5:11) Əyyubun dözdüyü çətinlikləri biz, bəlkə də, heç ağlımıza belə gətirə bilmərik. «Dözmək» sözü Əyyubun sadəcə bu çətinliklərdən sağ çıxdığını göstərmir. Əyyub Yehovaya imanını və məhəbbətini qoruyub-saxladı. O, qəzəbli, kinli insan olmadı, ona qəsdən yara vuran insanları bağışladı. Əyyub gözəl ümidini, həmçinin sahib olduğu ən dəyərli şeyi, sədaqətini qorudu (Əyyub 27:5).

 Hər birimiz dözüm göstərməliyik. Şeytan Əyyub kimi, bizi də mütləq ruhdan salmağa çalışacaq. Ancaq biz dözüb, imanımızı qorusaq, təvazökar olsaq, başqalarını bağışlamağa hazır olsaq, Allaha sadiq qalmağa əzmli olsaq, əmin ola bilərik ki, gələcəyimiz gözəl olacaq (İbranilərə 10:36). Əyyubun imanından örnək alsaq, Şeytan qəzəbindən alışıb-yanacaq, Yehovanın isə qəlbi şad olacaq!

a Əlifəz, Bildad və Söfər Əyyubla uzun-uzadı danışmışdılar. Onların sözləri Müqəddəs Kitabda doqquz fəsili əhatə edir. Ancaq bir dəfə də olsun Əyyuba adı ilə müraciət etməmişdilər.

b Bəzən Yehova yaratdıqlarını təsvir edərkən konkret faktlardan rəvan şəkildə məcazlara, bədii ifadələrə keçirdi. (Məsələn, Əyyub 41:1, 7, 8, 19—21 ayələrinə baxın.) Hər bir halda, Allahın məqsədi o idi, Əyyubun Yaradana duyduğu ehtiram daha da artsın.

c Əslində, sonralar həvari Bulus Əlifəzin sözlərini düz söz kimi sitat gətirmişdi (Əyyub 5:13; 1 Korinflilərə 3:19). Əlifəz həqiqəti deyirdi, amma bu sözləri Əyyuba aid etməkdə yanılırdı.

d Müqəddəs Kitabda Allahın Əyyubdan arvadı üçün də belə bir qurban gətirməyi tələb etdiyi yazılmayıb.