Kontentə keç

İMAN ÖRNƏKLƏRİ | YONATAN

Yehovaya heç nə mane ola bilməz

Yehovaya heç nə mane ola bilməz

 Təsəvvür edin, bir keşikçi dəstəsi quraq və sıldırımlı bir mənzərəyə göz gəzdirir. Bu əraziyə keşik çəkən filiştli əsgərlər burada maraqlı bir şey görür: iki israilli kişi dərənin o tayında dayanıb. Əsgərlərin vecinə də deyil, onlar burada heç bir təhlükə sezmirlər. Filiştlilər uzun müddətdir israillilərə hakimlik edir. İsraillilər hətta dəmir ləvazimatlarını itiləmək üçün düşmən filiştlilərin yanına getməli olurlar. Elə buna görə də israilli əsgərlər zəif silahlanırlar. Üstəlik, burada cəmi iki israilli əsgər var! Hətta onlar döyüşçü kimi silahlansaydılar, nə edə bilərdilər ki?! Filiştlilər istehza ilə çağırır: «Yanımıza qalxın, dərsinizi verək!» (1 İşmuil 13:19—23; 14:11, 12).

 Düzdür, bir dərs verildi, amma israillilərə yox, filiştlilərə verildi. İki israilli dərədən aşağı düşüb, o taya keçib, filiştlilərin yanına qalxmağa başlayır. Bu elə sıldırımlı dərədir ki, onlar əlləri ilə tuta-tuta yuxarı qalxmalı olurlar. Amma onlar dayanmır, qayaların üzərinə dırmaşır və düz keşikçi dəstəsinin üstünə gedirlər! (1 İşmuil 14:13). Filiştlilər artıq öndə gedən israillinin silahlı olduğunu və silahdarının onun ardınca gəldiyini görə bilərlər. Bəs həqiqətənmi, bu israilli bütün keşikçi dəstəsinin üzərinə hücuma rəhbərlik edirdi? Özü də iki nəfər ola-ola? Bu adam dəli olmuşdu?

 Yox, o dəli olmamışdı, sadəcə güclü iman sahibi idi. Onun adı Yonatandır və hekayəsi bugünkü həqiqi məsihilər üçün əsl örnəkdir. Düzdür, biz müharibələrdə iştirak etmirik, amma Yonatandan cəsarət, sədaqət və fədakarlıq sahəsində çox şey öyrənə bilərik. Axı əsl iman yetişdirməyimiz üçün bu xüsusiyyətlərə çox ehtiyacımız var (Əşiya 2:4; Mətta 26:51, 52).

Sadiq oğul və cəsur əsgər

 Yonatanın nəyə görə həmin keşikçi dəstəsinə hücum etməyini başa düşmək üçün onun necə bir insan olduğunu bilmək lazımdır. Yonatan İsrailin ilk padşahı olan Talutun ən böyük oğlu olub. Talut padşah kimi məsh olunanda Yonatanın artıq 20 və ya daha çox yaşı olardı. Görünür, Yonatanın atası ilə sıx münasibətləri var idi. Atası tez-tez ona sirlərini açırdı. Əvvəl-əvvəl Yonatan atasını nəinki ucaboy, yaraşıqlı, cəsur döyüşçü kimi tanıyırdı, üstəlik, o, atasında daha vacib şeyləri — imanı və təvazökarlığı görmüşdü. Yonatan başa düşürdü, Yehova nəyə görə Talutu padşah seçib. Hətta İşmuil peyğəmbər Talut haqda demişdi ki, xalqın arasında onun kimisi yoxdur! (1 İşmuil 9:1, 2, 21; 10:20—24; 20:2).

 Yonatan üçün atasının əmri ilə Yehovanın xalqının düşmənlərinə qarşı döyüşmək qürurverici idi. O vaxtkı müharibələr bu günün milli çəkişmələri kimi deyildi. Yehova İsrail xalqını Onu təmsil etmələri üçün seçmişdi və bu xalq daima yalan allahlara ibadət edən xalqların hücumuna məruz qalırdı. Filiştlilər saxta allahlara, məsələn, Daqona sitayiş etmək nəticəsində yoldan çıxmışdılar. Onlar Yehovanın seçilmiş xalqına zülm etməyə, hətta məhv etməyə çalışırdılar.

 Yonatan kimi insanlar üçün Yehovanın yolunda döyüşmək sədaqət məsələsi idi. Yehova Yonatanın cəhdlərini xeyir-dualandırırdı. Talut padşah olandan qısa müddət sonra oğlunu 1000 əsgər üzərinə rəhbər təyin etmişdi. Yonatan bu əsgərlərlə birlikdə filiştlilərin Gibahdakı keşikçi dəstəsinə hücum etmişdi. Əsgərlərinin zəif silahlanmasına baxmayaraq, Yonatan həmin gün Yehovanın köməyi ilə qələbə çalmışdı. Cavabında filiştlilər böyük bir qoşun toplamışdı. Talutun əsgərlərinin çoxu bərk qorxmuşdu. Bəziləri qaçmış və gizlənmiş, bir neçəsi isə hətta düşmən filiştlilərin tərəfinə keçmişdi. Amma Yonatan heç vaxt cəsarətini itirməmişdi (1 İşmuil 13:2—7; 14:21).

 Məqalənin əvvəlində təsvir olunan gün Yonatan qərara gəlir ki, təkcə silahdarı ilə birlikdə sakitcə uzaqlaşsın. Onlar filiştlilərin Mihmaşdakı keşikçi dəstəsinə yaxınlaşan kimi Yonatan planını silahdarına açıqlayır. Onlar özlərini oradakı filiştli əsgərlərə açıq-aydın göstərəcəkdilər. Əgər filiştlilər onları döyüşmək üçün yanlarına çağırsaydılar, onda bu, Yehovanın Öz xidmətçilərinə kömək edəcəyinə dair bir işarə olacaqdı. Silahdarı o dəqiqə razılaşır. Bəlkə də onu razılığa gətirən Yonatanın növbəti sözləri olur: «Yehova istəsə, az adamla da, çox adamla da qurtuluş verər, Ona heç nə mane ola bilməz» (1 İşmuil 14:6—10). O, bu sözlərlə nə demək istəyirdi?

 Görünür, Yonatan öz Allahını yaxşı tanıyırdı. Şübhəsiz o bilirdi ki, keçmişdə İsrail xalqına onlardan sayca qat-qat üstün olan düşmənlərini məğlub etməyə Yehova kömək edib. Bəzən O, qələbə qazanmaq üçün hətta cəmi bir nəfərdən də istifadə edib (Hakimlər 3:31; 4:1—23; 16:23—30). Ona görə də Yonatan yaxşı başa düşürdü ki, əsas olan Allahın xalqının sayı, gücü, silahı yox, onların imanıdır. İmandan irəli gələrək, Yonatan yol verdi ki, onun və silahdarının keşikçi dəstəsinə hücum edib-etməməsini Yehova müəyyənləşdirsin. O, Yehovadan bir razılıq əlaməti istədi və bu razılığı alaraq cəsarətlə irəli getdi.

 Yonatanın imanının iki yönünə diqqət yetirin. Birincisi, o öz Allahı Yehovaya dərin hörmət bəsləyirdi. O bilirdi ki, Külli-İxtiyar Allah niyyətlərini həyata keçirmək üçün insan gücünə arxalanmır və üstəlik, Ona sidqi-ürəkdən xidmət edən insanları xeyir-dualandıranda fərəhlənir (2 Salnamələr 16:9). İkincisi, Yonatan hərəkətə keçməzdən əvvəl Yehovadan razılıq əlaməti istədi. Düzdür, bu gün biz addım atmazdan öncə Allahımızdan bizi istiqamətləndirməsi üçün fövqəltəbii əlamətlər gözləmirik. Allahdan ilhamlanaraq yazılan Kəlam hər birimiz üçün əlçatandır və Onun iradəsini anlamaq üçün ehtiyac duyduğumuz hər şey bu Kəlamdadır (2 Timutiyə 3:16, 17). Vacib qərarlar verməzdən öncə Müqəddəs Kitabı diqqətlə araşdırırıq? Əgər elədirsə, onda göstəririk ki, Yonatan kimi biz də özümüzün yox, Allahın iradəsini birinci yerə qoyuruq.

 Beləcə, bu iki israilli — döyüşçü və onun silahdarı keşikçi dəstəsinə doğru dik yamacı cəld dırmaşır. Nəhayət, filiştlilər hücuma məruz qaldıqlarını başa düşür və bu iki istilaçını dayandırmaq üçün onların üzərinə əsgərlər göndərir. Filiştlilər nəinki sayca üstün idilər, həm də hündür yerdə durmuşdular. Ona görə də onlar bu iki hücumçunu dərhal öldürməli idilər. Amma Yonatan əsgərləri bir-birinin ardınca yerə sərir, silahdarı isə onları öldürür. Bu iki israilli bapbalaca bir ərazidə 20 düşmən əsgərini qətlə yetirir. Həmçinin Yehova da onlara kömək etmək üçün bir şey etmişdi. Biz oxuyuruq: «Ordugaha və bütün keşikçilərin canına qorxu düşdü, hətta basqınçı dəstələrini vahimə bürüdü. Yer titrədi. Allah hamının canına vəlvələ saldı» (1 İşmuil 14:15).

Yonatan silahdarı ilə birgə düşmən keşikçi dəstəsinə hücum edir

 Talut və adamları uzaqdan görür ki, filiştlilərin arasına qarmaqarışıqlıq və çaxnaşma düşüb, bir-birilərini qılıncdan keçirməyə başlayıblar (1 İşmuil 14:16, 20). İsraillilər cəsarətlərini toplayıb hücuma keçir və ehtimal ki, ölən filiştlilərin silahlarını götürür. Yehova həmin gün Öz xalqına böyük qələbə qazandırdı. O, həmin gündən bu günə heç dəyişməyib. Əgər Yonatan və silahdarı kimi Yehovaya iman etsək, onda etdiyimiz seçimlərə görə heç vaxt peşman olmayacağıq (Məlaki 3:6; Romalılara 10:11).

«O, Allahın köməyi ilə iş görüb»

 Yonatan üçün bu qələbə böyük məna kəsb edirdi, amma Talut üçün heç bir məna kəsb etmirdi. Talut bəzi ciddi səhvlərə yol vermişdi. O, yalnız lavili peyğəmbərin təqdim edə biləcəyi bir qurban təqdim etməklə Allahın peyğəmbəri İşmuilə qarşı itaətsizlik etmişdi. İşmuil gəlib çatanda Taluta deyir ki, bu itaətsizliyi ucbatından onun padşahlığı çox çəkməyəcək. Daha sonra Talut öz adamlarını döyüşə göndərəndə onlara and verdirir: «Axşamacan, mən öz düşmənlərimdən intiqam alana qədər dilinə çörək vuran kəsə lənət olsun!» (1 İşmuil 13:10—14; 14:24).

 Talutun sözləri göstərirdi ki, o, get-gedə pis insana çevrilir. Bu təvazökar və ruhani insan şöhrətpərəst və eqoist insan oldu? Aydındır ki, Yehova heç vaxt belə rəhbərlik verməzdi, bu cəsur, çalışqan əsgərlərin üzərinə səbəbsiz yerə məhdudiyyət qoymazdı. Bəs Talutun «mən öz düşmənlərimdən intiqam alana qədər» sözləri barədə nə demək olar? Talut bu müharibənin yalnız ona aid olduğunu düşünürdü? Bəlkə, o unutmuşdu ki, bu döyüş onun qisas, şan-şöhrət və istila susuzluğunu yatırmaq üçün yox, Yehovanın ədaləti bərpa etməsi üçündür?

 Yonatan atasının düşüncəsiz andından xəbərsiz idi. Bu gərgin müharibədən yorğun düşmüş Yonatan dəyənəyini şanı balına batırır və ağzına aparır. O dəqiqə gözlərinə işıq gəlir. Bu zaman adamlarından biri ona atasının yemək barədə qadağasını danışır. Yonatan cavabında deyir: «Atam camaata zülm edir. Bir az bal yedim, gör gözlərimə necə işıq gəldi. Əgər xalq bu gün düşmənlərdən aldığı qənimətdən doyunca yesəydi, gör nə olardı! Onda lap çox filiştlini qırardıq!» (1 İşmuil 14:25—30). O haqlı idi. Düzdür, Yonatan sadiq oğul idi, amma onun sədaqəti kor-koranə deyildi. O, atasının dediyi və etdiyi hər şeylə boş-boşuna razılaşmırdı və bu tarazlı münasibətinə görə başqalarının hörmətini qazanmışdı.

 Talut Yonatanın onun qoyduğu qadağanı pozduğundan xəbər tutanda o, yenə də verdiyi əmrin nə qədər düşüncəsiz olduğunu boynuna almır. Hələ bu azmış kimi, öz doğma oğluna ölüm hökmü kəsir! Yonatan nə mübahisə edir, nə də mərhəmət diləyir. Görün bu fədakar insan necə cavab verir: «Budur, qarşındayam! Ölməyə hazıram!» Lakin xalq deyir: «Necə? İsrailə bu böyük qələbəni gətirən Yonatan öləcək? Heç vaxt! Yehovaya and olsun, onun başından bir tük belə, əskik olmayacaq! Çünki bu gün o, Allahın köməyi ilə iş görüb». Nəticədə, Talut öz fikrindən daşınır. Beləcə, xalq Yonatanı qurtarır və o ölmür (1 İşmuil 14:43—45).

«Budur, qarşındayam! Ölməyə hazıram!»

 Yonatan cəsarətli, zəhmətkeş və fədakar olduğu üçün yaxşı ad qazanmışdı. Təhlükə ilə üzləşəndə qazandığı ad-san onun dadına çatmışdı. Biz də günü-gündən öz üzərimizdə işləyib qazandığımız ad üzərində düşünə bilərik. Çünki Müqəddəs Kitab yaxşı adın çox qiymətli olduğunu deyir (Vaiz 7:1). Əgər biz də Yonatan kimi Yehovanın qarşısında yaxşı ad qazanmağa çalışsaq, qazandığımız ad daha dəyərli olacaq.

Artan zülmət

 Talutun səhvlərinə baxmayaraq, Yonatan uzun illər atasının tərəfində sədaqətlə döyüşməyə davam etdi. Təsəvvür etmək olar, o, atasında itaətsizliyin və təkəbbürün artdığını görəndə necə narahat olmuşdu. Atasının daxilindəki zülmət get-gedə artırdı və Yonatan bunun qarşısını almaqda aciz idi.

 Yehova Talutu əmaliqələrə qarşı döyüşə göndərəndə bu problem pik nöqtəyə çatdı. Əmaliqələr Musanın günlərində o qədər pis əməllər törətmişdilər ki, Yehova yer üzündən onların kökünü kəsəcəyini demişdi (Çıxış 17:14). Yehova Taluta tapşırmışdı ki, onların bütün mal-qarasını məhv etsin və padşahları Aqaqı edam etsin. Talut bu döyüşdə qələbə çaldı. Şübhəsiz, Yonatan həmişə olduğu kimi bu döyüşdə də atasının əmri ilə şücaətlə döyüşmüşdü. Amma Talut Aqaqı sağ saxlamaqla, xəzinəni və mal-qaranın ən yaxşısını mənimsəməklə Yehovaya qarşı açıq-aşkar itaətsizlik etdi. Nəticədə, İşmuil peyğəmbər Taluta Yehovanın son hökmünü bildirdi: «İndi ki sən Yehovanın sözünü rədd elədin, O da səni padşah kimi rədd etdi» (1 İşmuil 15:2, 3, 9, 10, 23).

 Bu hadisədən çox keçməmiş Yehova müqəddəs ruhunu Talutun üzərindən götürdü. Yehovanın sevgisini itirəndən sonra Talutun ruh halı tamam dəyişdi, o, qəzəblə doldu və güclü qorxuya qapıldı. Sanki şər ruh Allahın izni ilə ondakı yaxşı ruhun yerini tutmuşdu (1 İşmuil 16:14; 18:10—12). Bir vaxtlar adlı-sanlı insan olan atasının bu qədər dəyişdiyini görmək Yonatan üçün necə də ağır olmalı idi! Bununla belə, Yonatan heç vaxt Yehovaya olan sədaqətindən dönmədi. O, bacardığı qədər atasını dəstək olur, hətta bəzən onunla çox açıq danışırdı, bununla belə, bütün diqqətini əsla dəyişməyən Allahı və Atası Yehovaya cəmləmişdi (1 İşmuil 19:4, 5).

 Bəs siz nə vaxtsa sevdiyiniz bir insanın, məsələn, ailə üzvünüzün tamamilə dəyişib pis insan olduğunun şahidi olmusunuz? Bu, sizi dərindən yaralaya bilər. Yonatanın nümunəsi bizə məzmurçunun növbəti sözlərini xatırladır: «Doğma atam, anam məni atsalar belə, Yehova qəbul edər» (Zəbur 27:10). Yehova sadiqdir. Qeyri-kamil insanların sizi məyus etməsindən və yarı yolda qoymasından asılı olmayaraq, Yehova sizi də qəbul edəcək və sizin üçün xəyal edə biləcəyiniz ən yaxşı Ata olacaq.

 Çox güman Yonatan bilirdi ki, Yehova padşahlığı Talutun əlindən almaq niyyətindədir. Bəs o, buna necə yanaşırdı? O, necə bir padşah olacağı haqda heç düşünürdü? O, atasının bəzi səhvlərini düzəltməyə, sadiq və itaətkar bir padşah kimi daha yaxşı nümunə qoymağa ümid edirdi? Biz onun ağlından nələr keçdiyini bilmirik; amma bir şeyi bilirik ki, bunların heç biri əsla gerçəkləşmədi. Bəs bu, Yehovanın imanlı insan olan Yonatanı tərk etdiyi mənasına gəlirdi? Xeyr. Yehova Müqəddəs Kitabda yer alan ən sədaqətli dostluq nümunələrindən biri kimi, Yonatanla Davudun dostluğunu qələmə aldırıb. Bu dostluq münasibəti haqda Yonatanla bağlı növbəti məqalədə danışılacaq.