MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI
«Allah sadiqdir» (1 Korinflilərə 10:13)
«Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir. Ancaq Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız. Sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək» (1 Korinflilərə 10:13, «Yeni Dünya Tərcüməsi»).
«Siz hər insanın başına gələndən başqa bir imtahana məruz qalmadınız. Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da təmin edəcəkdir ki, tab gətirə biləsiniz» (1 Korinflilərə 10:13, İncil, 1996).
1 Korinflilərə 10:13 ayəsinin mənası
Bu ayədə Allahın gözəl keyfiyyətlərindən biri olan vəfa barədə danışılır. Allaha sədaqətlə xidmət edən kəslər, xüsusilə də, çətinliklər və sınaqlar vaxtı Onun köməyinə arxalana bilərlər.
«Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir». Allahın xidmətçiləri Onun bəyənmədiyi bir iş tutmağa təhrik oluna bilərlər. Nə qədər çətin olsa da, bu cür sınaqlar ona görə qeydi-adi deyil ki, çoxları belə vəziyyətlərlə üzləşir a. Allaha ibadət edən kəslər əmin ola bilərlər ki, onlar da bu sınaqlara tab gətirə bilərlər.
«Ancaq Allah vəfalı Allahdır». Yehova b etibarlı və sadiq Allahdır. Yehova söz verib ki, Onu sevən, Ona sadiq qalan və əmrlərinə riayət edən kəsləri heç vaxt atmayacaq (Qanunun təkrarı 7:9; Zəbur 9:10; 37:28). Buna görə də bizlər əmin ola bilərik ki, O, ayənin davamında verdiyi iki vədə də sadiqdir.
«O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız». Allahın vəfalı olduğu ondan görünür ki, O, üzləşdiyimiz sınaqların dözə bilməyəcəyimiz qədər şiddətli olmasına yol vermir.Yehova hər bir xidmətçisinin gücünə və nəyə qadir olduğuna yaxşı bələddir (Zəbur 94:14).
«Sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək». Allah sınağı ya birbaşa aradan qaldıra, ya da dözmək üçün kömək edə bilər. Məsələn, O, müqəddəs ruhu ilə rəhbərlik, Müqəddəs Kitabdan təskinlik verə və ya dindaşlarımız vasitəsilə dayaq ola bilər (Yəhya 14:26; 2 Korinflilərə 1:3, 4; Koloslulara 4:11).
1 Korinflilərə 10:13 ayəsinin konteksti
Bulus bu sözləri Korinf şəhərindəki məsihi yığıncağına yazmışdı. Məktubunun bu hissəsində o, məsihilərə xəbərdarlıq etmək üçün İsrail xalqının tarixini nümunə çəkir (1 Korinflilərə 10:11). Bulus bütpərəstlik və cinsi əxlaqsızlıq da daxil olmaqla israillilərin üzləşdiyi bir sıra sınaqları və nəfsani meyilləri sadalayır (1 Korinflilərə 10:6—10). İsraillilərdən bəziləri bu cür istəklərə yenik düşmüşdülər. Onların nümunəsi əsasında Bulus məsihilərə xəbərdarlıq edir ki, özlərinə həddən artıq arxayın olmasınlar və ya heç vaxt nəfsani istəklərə təslim olmayacaqlarını düşünməsinlər (1 Korinflilərə 10:12). Bununla belə, o, 1 Korinflilərə 10:13 ayəsindəki sözlərlə məsihiləri əmin edir ki, Allaha sədaqətlə xidmət edən kəslər istənilən sınaqdan üzüağ çıxa bilərlər.
Bu qısa videoya baxın və «1 Korinflilərə» kitabı ilə tanış olun.
a «Nəfsani meyillər» kimi tərcümə olunan yunan sözü həm də sınaqlara və təqiblərə aid işlənir.
b «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsini oxuyun.