MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI
«Mən onların üzərinə bəla gətirəcəyəm» (Ərəmya 11:11)
«Odur ki, Yehova belə deyir: “Başlarına elə bəla gətirəcəyəm ki, ondan yaxa qurtara bilməyəcəklər. Məndən imdad diləyəndə onlara qulaq asmayacağam» (Ərəmya 11:11, «Yeni Dünya Tərcüməsi»).
«Buna görə də Rəbb belə deyir: “Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər. Onlar Mənə üz tutub fəryad edəcək, amma Mən onları eşitməyəcəyəm» (Ərəmya 11:11, Müqəddəs Kitab şirkəti, 2009).
Ərəmya 11:11 ayəsinin mənası
Allah bu sözləri Ərəmya peyğəmbərin dövründə yaşamış yəhudilərə ünvanlamışdı. Xalq Yehova a Allahın sadiq qanunlarına hörmət etmir və Onun məhəbbətdən irəli gələrək verdiyi düzəlişləri qəbul etmirdi. Ona görə də Yehova onları pis əməllərinin acı nəticələrindən müdafiə etməyəcəkdi (Məsəllər 1:24—32).
«Odur ki, Yehova belə deyir». «Odur ki» ifadəsi əvvəlki ayələri sonrakı ayələrlə bağlayır. Ərəmya 11:1—10 ayələrində Yehova xalqa deyir ki, onlar atalarının Onunla bağladığı əhdə sadiq qalmadılar (Çıxış 24:7). Yaradana ibadət etmək əvəzinə, onlar bütlərə sitayiş etdilər. Dönük yəhudilər hər cür iyrənc əməllər törədir, hətta uşaqlarını qurban gətirirdilər (Ərəmya 7:31).
«Başlarına... bəla gətirəcəyəm». Müqəddəs Kitabda Allahın nəyisə etdiyi deyiləndə, çox vaxt, bunu icra etməsi yox, həmin hadisənin baş verməsinə yol verdiyi nəzərdə tutulur. Bəs bu vəziyyətdə necə? Yalan allahlara üz tutmaqla, Allahın əxlaq normalarını rədd etməklə xalq başına bəla açdı. Həmçinin onlar Allahın müdafiəsindən də məhrum oldular. Nəticədə, güclü düşmən olan Babil padşahı Yerusəlimi işğal etdi və şəhərin əhalisini əsir apardı. Xalqın iman etdiyi saxta allahlar onları xilas edə bilmədilər (Ərəmya 11:12; 25:8, 9).
Öz xalqının başına bu müsibətlərin gəlməsinə yol verməsi Allahın ədalətsiz və qəddar olduğunu göstərmir. Yaqub 1:13 ayəsində yazılıb: «Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil». Orijinal dildən b Yaqub 1:13 ayəsində «pislik» kimi tərcümə olunan sözü Ərəmya 11:11 ayəsində «bəla» kimi də tərcümə etmək olar. Bu söz yəhudilərin başına gələn müsibətləri dəqiq təsvir edir.
«Məndən imdad diləyəndə onlara qulaq asmayacağam». Yehova əlləri qana batanların və ya kömək üçün saxta allahlara üz tutanların dualarını eşitmir (Əşiya 1:15; 42:17). Bununla belə, Yehova pis əməllərinə görə ürəkdən tövbə edən və təvazökarlıq göstərib Ona geri dönənlərin dualarını eşidir (Əşiya 1:16—19; 55:6, 7).
Ərəmya 11:11 ayəsinin konteksti
Eramızdan əvvəl 647-ci ildə Yehova Ərəmyanı peyğəmbər təyin etdi. 40 il ərzində Ərəmya yəhudalıları qarşıdan gələcək Allahın hökm günü barədə xəbərdar edirdi. Amma xalq bunu qulaqardına vururdu. Həmin ərəfələrdə peyğəmbər Ərəmya 11:11 ayəsində yazılan sözləri qələmə aldı. Eramızdan əvvəl 607-ci ildə babillilər Yerusəlimi məhv edəndə bu sözlər yerinə yetdi (Ərəmya 6:6—8; 39:1, 2, 8, 9).
«Ərəmya» kitabında həmçinin ümid xəbəri də var. Yehova demişdi: «Babildə yetmiş il tamam olanda... sizi bu yerə [vətəninizə] gətirib vədimi gerçəkləşdirəcəyəm» (Ərəmya 29:10). Eramızdan əvvəl 537-ci ildə Mada-Fars ordusu Babili işğal edəndə Yehovanın bu vədi gerçəkləşdi. Yehova bütün imperiyaya səpələnmiş xalqına izin verdi ki, vətənə qayıdıb pak ibadəti bərpa etsin (2 Salnamələr 36:22, 23; Ərəmya 29:14).
Bu qısa videoya baxın və «Ərəmya» kitabı ilə tanış olun.
a «Yehova» tək olan Allahın adıdır. Bəs nəyə görə bir çox Müqəddəs Kitab tərcümələrində Allahın adının yerinə «Rəbb» sözü yazılıb? Bu haqda öyrənmək üçün «Yehova kimdir?» məqaləsini oxuyun.
b Adətən, Əhdi-Ətiq adlanan İbranicə Müqəddəs Yazıların orijinal mətni ibrani və arami dillərində yazılmışdır.