MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI
«Məni çağır, sənə cavab verim» (Ərəmya 33:3)
«Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə məmnuniyyətlə bildirim» (Ərəmya 33:3, «Yeni Dünya Tərcüməsi»).
«Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim» (Ərəmya 33:3, Müqəddəs Kitab şirkəti, 2009).
Ərəmya 33:3 ayəsinin mənası
Bu sözlərlə Allah insanları duada Onu çağırmağa dəvət edirdi. Bu dəvəti qəbul edib Allaha dua edənlərə O, gələcəkdə baş verəcək hadisələri açıqlayacaqdı.
«Məni çağır, sənə cavab verim». «Məni çağır» ifadəsi Allahın adını sadəcə çağırmaq mənasını vermir. Allahın adını çağırmaq duada Ondan kömək və rəhbərlik diləmək deməkdir (Zəbur 4:1; Ərəmya 29:12).
Çox yəqin ki, bu dəvət qədim İsrail xalqına ünvanlanmışdı. Allahdan dönmüş bu xalq Babil ordusu ilə üz-üzə qalmışdı (Ərəmya 32:1, 2). Yehova a israilliləri Ona geri dönmək üçün duada Onu çağırmağa dəvət etmişdi.
«Bilmədiyin böyük, dərkedilməz şeyləri sənə... bildirim». Allahın bildirəcəyi şeylər o mənada «dərkedilməzdir» ki, insanlar özləri bu şeylər barədə öyrənə bilməzlər. «Dərkedilməz şeylər» ifadəsi həmçinin «gizli şeylər» mənasını da verə bilər.
Allah hansı «gizli şeyləri» açıqlayacaqdı? Gələcək hadisələri, xüsusilə də qədim Yerusəlim şəhərinin dağılacağını və xarabalığa çevriləcəyini, eləcə də sonradan bərpa olunacağını (Ərəmya 30:1—3; 33:4, 7, 8). Həmçinin Allah xidmətçilərinin bir xalq olaraq məhv olmayacağını da açıqlamışdı (Ərəmya 32:36—38).
Ərəmya 33:3 ayəsinin konteksti
E.ə. 608-ci ildə Sidqiyyə padşahın hakimiyyətinin onuncu ilində Ərəmya peyğəmbərə Yehovanın sözü nazil olmuşdu. Ərəmya Yerusəlimin dağılacağını və Sidqiyyə padşahın əsir aparılacağını əvvəlcədən demişdi. Bu xəbər padşahın xoşuna gəlmədiyi üçün o, Ərəmyanı həbsə atmışdı (Ərəmya 32:1—5; 33:1; 37:21).
Həmin vaxt Allah Ərəmya 33:3 ayəsində yazılan bu dəvəti etmişdi. Əfsuslar olsun ki, Sidqiyyə padşah və xalqın böyük qismi bu dəvəti qəbul etmədi (Ərəmya 7:26; 25:4). Onlar Allahı çağırıb Ondan rəhbərlik diləmədilər. Bir il sonra Sidqiyyə taxtdan salındı, Yerusəlim dağıdıldı, sağ qalanların böyük əksəriyyəti isə Babilə əsir aparıldı (Ərəmya 39:1—7).
Ərəmya 33:3 ayəsində yazılanlar xatırladır ki, Allah Onun Kəlamını dua edərək araşdıranlara Öz iradəsi haqqında dəqiq biliyi və dərin sirlərini açıqlayır (Koloslulara 1:9; 1 Korinflilərə 2:10). Bu dərin sirlərə Allahın yaxın gələcəkdə edəcəyi işlər barədə verdiyi vədlər də daxildir (Vəhy 21:3, 4).
Bu qısa videoya baxın və «Ərəmya» kitabı ilə tanış olun.
a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.