Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən» (Əşiya 26:3)

«Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən» (Əşiya 26:3)

 «Sənə tam bel bağlayanları hifz edərsən, onlara tükənməz sülh bəxş edərsən, çünki Sənə güvənirlər» (Əşiya 26:3, «Yeni Dünya Tərcüməsi»).

 «Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, çünki onlar Sənə güvənir» (Əşiya 26:3, Müqəddəs Kitab şirkəti, 2009).

Əşiya 26:3 ayəsinin mənası

 Bu sözlərlə Əşiya peyğəmbər əmin edir ki, Allah Ona tam güvənənləri qoruyur. O bunu onlara özlərini təhlükəsizlikdə və əmin-amanlıq içində hiss etməyə kömək etməklə edir.

 «Sənə tam bel bağlayanları hifz edərsən». Ayənin bu hissəsi Yehova a Allaha tam bel bağlamağa qəti qərarlı olan insanları təsvir edir. Allaha bel bağlayanlar Ona ehtiyacı olduqlarını dərk edir. Məsələn, vacib qərarlar verəndə onlar öz ağıllarına arxalanmırlar, əksinə, hər addımlarında Allahın düşüncə tərzini nəzərə alırlar (Məsəllər 3:5, 6). Allahın yaranmış vəziyyətə necə yanaşdığını öyrənmək üçün onlar Allahın Kəlamını oxuyur və oxuduqları üzərində mütaliə edirlər (Zəbur 1:2; 119:15). Çətinliyə düşəndə onlar Allaha ürəkdən dua edib Ondan kömək istəyirlər (Zəbur 37:5; 55:22). Belə etməklə onlar Allaha tam güvəndiklərini göstərirlər. Allah isə əvəzində onlara qəlb rahatlığı verir.

 «Onlara tükənməz sülh bəxş edərsən». Orijinal ibrani mətnində xüsusi vurğu üçün «sülh» mənasını verən söz iki dəfə yazılıb. Həmin xüsusi vurğunun verdiyi mənanı göstərmək üçün bu söz «tükənməz sülh», «kamil sülh» və ya «tam sülh» kimi tərcümə oluna bilər. Başqa sözlə desək, Yehovaya tam bel bağlayanların daxili sülhü olur. Bu sülh vəziyyətdən asılı olmayaraq, onlara qəlb rahatlığı verir (Zəbur 112:7; 119:165). Bu sülhə Yehova Allah ilə yaxın münasibətlər və Onun gözündə doğru olanı etmək üçün var güclə çalışmağın sayəsində nail olmaq olur (Məsəllər 3:32; Əşiya 48:18).

 Bu cür «tükənməz sülh»ə sahib olmaq o demək deyil ki, Allah Öz xidmətçilərini bütün çətinliklərdən, narahatlıqlardan qoruyur (1 İşmuil 1:6, 7; Əyyub 6:1, 2; Zəbur 31:9). Amma O, xidmətçilərinə bu çətinliklərə dözməyə güc verir (Əşiya 41:10, 13). Allah xidmətçilərinin duasına cavab olaraq, onlara hikmət, güc və təsəlli verir (Zəbur 94:19; Məsəllər 2:6; Əşiya 40:29). Bunun sayəsində onlar hətta ən çətin vəziyyətlərdə sakitliyi qoruya bilirlər (Filippililərə 4:6, 7).

Əşiya 26:3 ayəsinin konteksti

 Əşiya peyğəmbər e.ə. VIII əsrdə yaşayıb. Həmin dövrdə Yəhudada yaşayanların çoxu Yehova Allaha sədaqətlə ibadət etmirdi. Buna görə də Yehova yol verdi ki, e.ə. 607-ci ildə Yəhudanın paytaxtı Yerusəlim şəhəri darmadağın edilsin.

 Amma bu hadisədən yüz ildən də çox əvvəl Əşiya Yehovanın adına həmd etmək üçün 26-cı fəsildə qeyd olunmuş peyğəmbərlik nəğməsini yazmışdı (Əşiya 26:1—6). Həmin nəğmədə Yəhuda diyarının gələcəkdə bərpa olunacağına işarə olunurdu. Yəhuda diyarı deyildikdə, çox yəqin ki, Yerusəlim şəhəri nəzərdə tutulurdu.

 Yerusəlimin bərpası e.ə. 537-ci ildə başlandı. Şəhər bərpa olunandan sonra Yerusəlimə qayıtmış sadiq yəhudilər özlərini təhlükəsizlikdə hiss etdilər və dedilər: «Güclü bir şəhərimiz var» (Əşiya 26:1). Amma şəhəri güclü edən möhkəm qala divarları deyildi. Onu təhlükəsiz edən Yehovanın verdiyi müdafiə və bol nemətlər idi (Əşiya 26:2).

 Eynilə, bu gün də Yehovaya tam bel bağlayanlar özlərini təhlükəsizlikdə hiss edirlər, çünki Allah onların «qayası» və güvənc yeridir (Əşiya 26:4).

 Bu qısa videoya baxın və «Əşiya» kitabı ilə tanış olun.

a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsini oxuyun.