Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Məsih vasitəsilə hər şeyi etməyə qadirəm» (Filippililərə 4:13)

«Məsih vasitəsilə hər şeyi etməyə qadirəm» (Filippililərə 4:13)

 «Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13, «Yeni Dünya Tərcüməsi»).

 «Məni möhkəmləndirən Məsih vasitəsilə hər şeyi etməyə qadirəm» (Filippililərə 4:13, «İncil—1996»).

Filippililərə 4:13 ayəsinin mənası

 Həvari Bulusun yazdığı bu sözlər Allaha ibadət edənləri əmin edir ki, Onun iradəsini yerinə yetirmək üçün güc alacaqlar.

 Müqəddəs Kitabın bəzi tərcümələrində bu ayədə Məsihin Bulusa güc verdiyi deyilir. Amma Müqəddəs Kitabın ən qədim yunan əlyazmalarında bu ayədə «Məsih» sözü yoxdur. Bu səbəbdən bir çox müasir tərcümələrdə bu ayə «mənə qüvvət verənin sayəsində» («Yeni Dünya Tərcüməsi»), «məni Möhkəmləndirən vasitəsilə» («İncil—1993») kimi tərcümə olunub. Belə isə Bulus kimi nəzərdə tuturdu?

 Konteksdən görünür ki, Bulus Allahı nəzərdə tuturdu (Filippililərə 4:6, 7, 10). Elə həmin məktubda bir qədər əvvəl Bulus filippililərə yazmışdı: «Allah… sizi qüvvətləndirir. O… fəaliyyət göstərməyiniz üçün sizə güc verir» (Filippililərə 2:13). 2 Korinflilərə 4:7 ayəsində Bulus həmçinin yazmışdı ki, xidmətini icra etmək üçün ona güc verən Allahdır (2 Timutiyə 1:8 ayəsi ilə müqayisə edin). Bundan belə nəticəyə gəlirik ki, Bulus «mənə qüvvət verənin sayəsində» sözlərini yazanda Allahı nəzərdə tuturdu.

 Bulus «hər şeyə gücüm çatır» sözləri ilə nə demək istəyirdi? Çox ehtimal ki, Bulus Allahın iradəsini yerinə yetirərkən üzləşdiyi müxtəlif çətinlikləri nəzərdə tuturdu. Maddi vəziyyəti həm yaxşı, həm də pis olduğu hallarda Bulus Allahın onun qeydinə qalacağına əmin idi. Bulus hər şəraitdə qane olmağı öyrənmişdi (2 Korinflilərə 11:23—27; Filippililərə 4:11).

 Bulusun sözləri Allahın müasir xidmətçilərinə də əminlik verir. Allah sınaqlara dözmək və iradəsini yerinə yetirmək üçün onlara hökmən güc verəcək. Allah onlara Öz müqəddəs ruhu, yəni fəal qüvvəsi, digər xidmətçiləri və Müqəddəs Kitab vasitəsilə güc verir (Luka 11:13; Həvarilərin işləri 14:21, 22; İbranilərə 4:12).

Filippililərə 4:13 ayəsinin konteksti

 Bulus bu sözləri filippililərə yazdığı məktubun sonunda deyir. O, bu məktubu eramızın 60—61-ci illərində Romada ilk dəfə həbsdə olanda yazmışdı. Bir müddət Filippidən olan məsihilərin həvari Bulusa maddi kömək göstərməyə imkanları yox idi. Ancaq bu dəfə onlar Bulusun ehtiyac duyduğu şeyləri ona göndərmişdilər (Filippililərə 4:10, 14).

 Bulus bu məsihiləri səxavətlərinə görə tərifləmiş və əmin etmişdi ki, onun lazım olan hər şeyi var (Filippililərə 4:18). Bulus həmçinin yazmışdı ki, o bir sirr öyrənib: o başa düşüb ki, həm kasıb, həm varlı məsihilər Allahın köməyinə güvənərlərsə, həyatdan razı qalacaqlar (Filippililərə 4:12).