Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Çünki Allah üçün mümkün olmayan şey yoxdur» (Luka 1:37)

«Çünki Allah üçün mümkün olmayan şey yoxdur» (Luka 1:37)

 «Çünki Allahın dediyi hər bir söz mütləq yerinə yetir» (Luka 1:37, «Yeni Dünya Tərcüməsi»).

 «Çünki Allah üçün mümkün olmayan şey yoxdur» (Luka 1:37, Müqəddəs Kitab şirkəti, 2009).

Luka 1:37 ayəsinin mənası

 Külli-İxtiyar Allah insan nöqteyi-nəzərindən mümkünsüz görünən şeyləri etməyə qadirdir. Heç nə Onun dediyi sözü və ya verdiyi vədi yerinə yetirməsinin qarşısını ala bilməz.

 «Dediyi söz» kimi tərcümə olunmuş orijinal dildəki bu ifadə «söz» və ya «kəlam» mənasını verir. Bu həmçinin Yehova a Allahın dediyi sözün nəticəsi kimi də başa düşülür. Allahın dediyi söz həmişə yerinə yetir. Ona görə də Luka 1:37 ayəsi bu cür də tərcümə oluna bilər: «Allahın vədi heç vaxt boşa çıxmaz» və ya «Allah üçün mümkünsüz şey yoxdur». Orijinal yunan mətninin bu tərcümələri eyni həqiqəti əks etdirir: Allahın dediyi hər bir söz və ya verdiyi vəd mütləq yerinə yetir, çünki heç nə Onun qarşısını ala bilməz (Əşiya 55:10, 11).

 Allahın vədləri haqqında Müqəddəs Kitabda buna bənzər başqa ifadələr də var. Məsələn, Yehova mələyi vasitəsilə İbrahimin arvadı Saranın qoca vaxtında hamilə qalacağını demişdi. Allah əlavə etmişdi: «Yehovanın əlində mümkün olmayan bir şey varmı?» (Yaradılış 18:13, 14). Allahın yaratdıqları haqda düşünəndən sonra Əyyub demişdi: «Qət etdiyin elə bir şey yoxdur ki, gerçəkləşdirə bilməyəsən» (Əyyub 42:2). İsanın davamçıları Allahın xilas üçün qoyduğu normalara uyğun olub-olmadıqlarına dair narahatlıqlarını bildirəndə İsa onlara xatırlatdı ki, «Allah üçün hər şey mümkündür» (Mətta 19:25, 26) b.

Luka 1:37 ayəsinin konteksti

 Luka 1:37 ayəsindəki sözləri Cəbrayıl adlı mələk Məryəm adında gənc bakirə yəhudi qıza demişdi. Cəbrayıl Məryəmə demişdi ki, o, «Haqq-Taalanın Oğlu»nu dünyaya gətirəcək və onun adını İsa qoymalıdır. O, əbədiyyən hökmranlıq edəcək Allahın Padşahlığının Padşahı olacaqdır (Luka 1:26—33; Vəhy 11:15).

 Məryəm soruşdu ki, bu necə mümkün olacaq, çünki o, ərə getməmişdi və onun «kişi ilə yaxınlığı» olmamışdır (Luka 1:34, 35). Cəbrayıl cavabında bildirdi ki, bu, Allahın Müqəddəs ruhu və ya Onun fəal qüvvəsi sayəsində mümkün olacaq. Həmin vaxt İsa göydə idi və Allahın ruhani oğlu idi. Yehova Müqəddəs ruhu vasitəsilə oğlunun həyatını göydən Məryəmin bətninə köçürdü (Yəhya 1:14; Filippililərə 2:5—7). Beləcə, o, möcüzəvi şəkildə hamilə qaldı. Məryəmin Allahın qüdrətinə imanını möhkəmləndirmək üçün mələk ona dedi ki, qohumu İlsəba qoca yaşında bir oğlan uşağına hamilə qalıb. İlsəba və yoldaşı Zəkəriyyənin övladı yox idi, çünki İlsəba sonsuz idi (Luka 1:36). Onların oğlu vəftizçi Yəhya oldu. Yehova onun barəsində də əvvəlcədən peyğəmbərlik etmişdi (Luka 1:10—16; 3:1—6).

 Bundan sonra Cəbrayıl mələk, ola bilsin, həm Məryəmi, həm də İlsəbanı ağlında tutaraq Luka 1:37 ayəsindəki sözləri demişdi. Bu sözlər bu gün də Yehovanın davamçılarını əmin edir ki, O, verdiyi vədləri yerinə yetirəcək. Bu vədə Allahın bütün insan hökumətlərini Səmavi Padşahlığı ilə əvəz edəcəyinə dair vədi də daxildir. Səmavi Padşahlığın Padşahı Onun Oğlu İsa Məsihdir (Dənyal 2:44; 7:13, 14).

 Bu qısa videoya baxın və «Luka» kitabı ilə tanış olun.

a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.