Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Uşağa tərbiyə ver ki, layiqli yol tutsun» (Məsəllər 22:6)

«Uşağa tərbiyə ver ki, layiqli yol tutsun» (Məsəllər 22:6)

 «Uşağa düzgün yolu öyrət, qocalanda da o yoldan çıxmaz» (Məsəllər 22:6, «Yeni Dünya Tərcüməsi»).

 «Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, o qocalanda da bu yoldan dönməz» (Məsəllər 22:6, Müqəddəs Kitab şirkəti, 2009).

Məsəllər 22:6 ayəsinin mənası

 Valideynlər övladlarına Allahı sevməyi və Onun qanunlarına hörmət etməyi uşaqlıqdan öyrətsələr, onlar həyatları boyu bu tərbiyənin xeyrini görəcəklər.

 «Uşağa düzgün yolu öyrət». Bu ifadə «uşaq əvvəldən düzgün yolda addımlasın» mənasını da verir. «Məsəllər» kitabındakı müxtəlif ayələr valideynləri nəyin düz, nəyin səhv olduğunu övladlarına körpəlikdən aşılamağa təşviq edir (Məsəllər 19:18; 22:15; 29:15). Əlbəttə, sevən valideyn başa düşür ki, böyüklər kimi uşaqların da iradə azadlığı var. Ona görə də belə valideyn övladlarına sadəcə nə etməli olduğunu demir, bu və ya digər şəkildə davranmağın nəyə görə düzgün olduğunu izah edir. Bu, uşaqlara düzgün qərarlar verməyə qadir olan yetkin və məsuliyyətli biri kimi böyüməyə kömək edir (Qanunun təkrarı 6:6, 7; Koloslulara 3:21).

 Bəzi Müqəddəs Kitab alimləri iddia edirlər ki, bu ifadə «uşağı təbiətinə uyğun» və ya meyillərinə uyğun tərbiyə et mənasını verir. Bu cür izahat ağlabatan səslənə bilər, amma ibrani dilindən «düzgün yolu öyrət» kimi tərcümə olunan bu ifadə böyük ehtimal ki, düzgün və Allaha məqbul həyat yaşamağı öyrətmək deməkdir. «Məsəllər» kitabında göstərilir ki, insan iki yoldan birini seçə bilər. Yolun biri «yaxşıların yolu», «hikmət yolu» və «düz yol» adlanır (Məsəllər 2:20; 4:11; 23:19). Digər yol isə «şər adamların yolu», «axmağın yolu» və «əyri yol» adlanır (Məsəllər 4:14; 12:15; 16:29). Uşağın getməli olduğu yol dedikdə «düz yol», yəni Allahın Kəlamında yazıldığı kimi həyat sürmək nəzərdə tutulur (Zəbur 119:105).

 «Qocalanda da o yoldan çıxmaz». Valideynlər övladlarına Allahın əxlaq normalarını uşaqlıqdan aşılasa, böyük ehtimal ki, o bütün həyatı boyu düz yoldan sapmayacaq. Bu o demək deyil ki, bu cür tərbiyə almış uşaq yüz faiz düz yoldan sapmayacaq və ya Allahın qanunundan üz döndərməyəcək. Məsələn, əgər insan onu pis yola sürükləyən biri ilə vaxt keçirirsə, çox yəqin, o, «doğru yoldan» çıxacaq (Məsəllər 2:12—16; 1 Korinflilərə 15:33). Amma yenə də valideynlər uşaqlarını Allahın normalarına uyğun tərbiyə edəndə onların qarşısında ən gözəl həyat yolunu seçmək imkanı açırlar (Məsəllər 2:1, 11).

Məsəllər 22:6 ayəsinin konteksti

 «Məsəllər» kitabının 22-ci fəsli həyatda üzləşdiyimiz müxtəlif vəziyyətlərə dair Allahın hikmətini əks etdirən qısa kəlamlardan təşkil olunub. Bu kəlamlar Yehovanın a qarşısında yaxşı ada sahib olmağın dəyərini vurğulayır. Belə ada insan yalnız təvazökar, əliaçıq və çalışqan olduğu halda sahib ola bilər (Məsəllər 22:1, 4, 9, 29). Həmçinin həmin fəsildə Allahın normalarına məhəl qoymayan və məzluma əzab verən insanların aqibətindən danışılır (Məsəllər 22:8, 16, 22—27).

 Düzdür, «Məsəllər» kitabının 22-ci fəslindəki ayələrin çoxunda uşaqların tərbiyəsi haqda danışılmasa da, orada Allahın rəğbətini qazanmağa və əsl xoşbəxtliyə yiyələnməyə kömək edən həyat yolu təsvir olunub (Məsəllər 22:17—19). Övladlarına bu həyat yolunu öyrədən valideynlər göstərirlər ki, onların ən xoşbəxt həyata sahib olmalarını istəyirlər (Efeslilərə 6:1—3).

 Bu qısa videoya baxın və «Məsəllər» kitabı ilə tanış olun.

a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsini oxuyun.