MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI
«Sabah üçün qayğı çəkməyin» (Mətta 6:34)
«Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir» (Mətta 6:34, «Yeni Dünya Tərcüməsi»).
«Sabah üçün qayğı çəkməyin; ona görə ki, sabahkı gün özü üçün qayğı çəkəcəkdir. Hər günün öz hökmü var» (Mətta 6:34, «İncil—1996»).
Mətta 6:34 ayəsinin mənası
Bu sözləri deyən İsa Məsih dinləyicilərini gələcəkdə baş verə biləcək problemlərə görə həddən artıq narahat olmamağa təşviq edirdi. Yəni boş yerə narahat olmaqdansa, yalnız real problem yarandığı təqdirdə onu həll etməyə çalışsınlar.
İsa bu sözlərlə demək istəmirdi ki, biz sabahkı günümüzü düşünməməliyik və ya gələcəyə dair planlar qurmamalıyıq (Məsəllər 21:5). O sadəcə istəyirdi ki, biz, ola bilsin, heç vaxt baş verməyəcək şeylərin qayğısını çəkməyək və bunlara görə həddən artıq narahat olmayaq. Bu cür narahatçılıqlar sevincimizi əlimizdən ala və diqqətimizi görməli olduğumuz işlərdən yayındıra bilər. Gələcəkdə, ola bilsin ki, üzləşəcəyimiz problemlərə görə bu gün narahat olmaqla onları həll edə bilmərik. Çox vaxt narahat olduğumuz şeylər baş vermir və ya düşündüyümüz qədər ciddi olmur.
Mətta 6:34 ayəsinin konteksti
İsa bu sözləri Mətta kitabının 5—7-dək fəsillərində yazılmış məşhur Dağüstü vəzi zamanı demişdi. Bu vəzində İsa izah etmişdi ki, heç kəs narahatçılıq və ya qayğı çəkməklə ömrünü uzada və ya daha xoşbəxt ola bilməz (Mətta 6:27). O həmçinin demişdi ki, Allahı həyatımızda hər şeydən üstün tutanda sabahkı gün üçün həddən artıq narahat olmağa səbəbimiz olmayacaq. Allah bitkilərin və heyvanların qayğısına qalırsa, Ona xidmət edənlərin də qayğısına qalacaq (Mətta 6:25, 26, 28—33).
Mətta 6-cı fəsli oxuyun, haşiyələrə və çarpaz istinadlara fikir verin.