Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Rəbdən zövq al» (Zəbur 37:4)

«Rəbdən zövq al» (Zəbur 37:4)

 «Qoy səadətin Yehova olsun, O, qəlbinin muradını çin edər» (Zəbur 37:4, «Yeni Dünya Tərcüməsi»).

 «Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq» (Zəbur 37:4, Müqəddəs Kitab şirkəti, 2009).

Zəbur 37:4 ayəsinin mənası

 Məzmurçu istəyir ki, insanlar Allahla dostluğun gətirdiyi sevinci dadsınlar. Bu cür dostluğa sahib olanlar əmin ola bilərlər ki, Yehova a Allah onları muradına çatdıracaq.

 «Qoy səadətin Yehova olsun». Bu ifadəni «Yehovada sevinc tap», «Rəbbə xidmət etdiyin üçün sevin» və ya «Rəbbin verdiyi vədlərə görə sevin» kimi də tərcümə etmək olar. Bir sözlə, bizim ən böyük sevincimiz həqiqi Allaha ibadət etməyimiz olmalıdır. Nəyə görə?

 Yehovaya ibadət edənlər Onun düşüncəsini mənimsəməyə çalışırlar. Onlar sadəcə Allahı tanımaqla kifayətlənmirlər, həm də Onun qoyduğu qanunlara əməl edirlər. Nəticədə, təmiz vicdana sahib olurlar və yanlış qərarların gətirdiyi acı nəticələri dadmırlar (Məsəllər 3:5, 6). Məsələn, fitnəkar, nadürüst insanların işinin yağ kimi getdiyini görəndə onlara həsəd aparmırlar (Zəbur 37:1, 7—9). Allaha ibadət edənlər əmindirlər ki, O, tezliklə dünyadakı ədalətsizliyə son qoyacaq və sadiq xidmətçilərini mükafatlandıracaq (Zəbur 37:34). Həmçinin Yehovanın razılığını qazanmaq onlara böyük sevinc bəxş edir (Zəbur 5:12; Məsəllər 27:11).

 «O, qəlbinin muradını çin edər». Bu sözləri «O sənin dualarına cavab verəcək» və ya «ən böyük arzunu çin edəcək» kimi də tərcümə etmək olar. Bu o demək deyil ki, Yehova ucdantutma bütün arzularımızı gerçəkləşdirəcək. Yaxşı bir valideyn kimi, Yehova da nəyin övladlarının xeyrinə olduğunu bilir. Bundan əlavə, bizim Yehovadan dilədiklərimiz və həyat tərzimiz Onun normalarına və iradəsinə uyğun olmalıdır (Məsəllər 28:9; Yaqub 4:3; 1 Yəhya 5:14). Onda əmin ola bilərik ki, «duaları eşidən» Allah bizim də yalvarışlarımızı eşidəcək (Zəbur 65:2; Mətta 21:22).

Zəbur 37:4 ayəsinin konteksti

 37-ci məzmur qədim İsrailin padşahı Davud tərəfindən bəstələnib. O bu məzmuru akrostix üslubda yazıb b.

 Davud dəfələrlə ədalətsizliyin qurbanı olmuşdu. Talut padşah və digər düşmənləri onun canının qəsdinə durmuşdular (2 İşmuil 22:1). Buna baxmayaraq, Davud Allaha tamamilə bel bağlayırdı. O bilirdi ki, Yehova gec-tez pisləri haqq-hesaba çəkəcək (Zəbur 37:10, 11). Hətta onlar «yaşıl çəməntək» çiçəklənmiş kimi görünsə də, «saralıb-solacaqlar» (Zəbur 37:2, 20, 35, 36).

 37-ci məzmurda Allahın normalarına tabe olanlarla onlara məhəl qoymayanların aqibəti qarşı-qarşıya qoyulur (Zəbur 37:16, 17, 21, 22, 27, 28). Bu məzmur bizə hikmətli olub Allahın razılığını qazanmağa kömək edir.

 Bu qısa videoya baxın və «Zəbur» kitabı ilə tanış olun.

a «Yehova» tək olan Allahın adıdır. Bəs nəyə görə bir çox Müqəddəs Kitab tərcümələrində Allahın adının yerinə «Rəbb» sözü yazılıb? Bu haqda öyrənmək üçün «Yehova kimdir?» məqaləsini oxuyun.

b Bu cür məzmurlarda hər ayə və ya bəndin ilk hərfi ibrani əlifbasının sırası ilə yazılıb. Bunun sayəsində məzmuru yadda saxlamaq asan olurdu.