MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI
«Allahınızın önündə həlim ürəklə gəzin» (Mikə 6:8)
«Ey insan, nəyin doğru olduğunu O, sənə söylədi. Yehova səndən başqa nə istəyir ki?! İstəyir ki, ədalətlə davranasan, sədaqəti uca tutasan, Allahın önündə təvazökarlıqla yeriyəsən!» (Mikə 6:8, «Yeni Dünya Tərcüməsi»).
«Ey insanlar, Allah sizə yaxşı olanı bildirdi. Rəbb sizdən bundan başqa nə istəyir ki? Adil olun, məhəbbət göstərməyi sevin, Allahınızın önündə həlim ürəklə gəzin» (Mikə 6:8, «Müqəddəs Kitab Şirkəti—2004»).
Mikə 6:8 ayəsinin mənası
Mikə peyğəmbər izah edir ki, Yehova a Allahı razı salmaq insan üçün çətin deyil (1 Yəhya 5:3). Allahın insanlardan nə tələb etdiyi bu ayədə üç fikirlə ifadə olunub. İlk iki tələb insanın başqalarına qarşı, üçüncüsü isə Allaha qarşı münasibətinə aiddir.
«Ədalətlə davranasan». Allah Ona ibadət edənlərdən ədalətli olmağı tələb edir. Bunun üçün insan Allahın gözündə nəyin düzgün, nəyin yanlış olduğunu bilməli və buna uyğun davranmalıdır (Qanunun təkrarı 32:4). Məsələn, Allahın yaxşıya və pisə dair normalarına əməl edənlər insanların mənşəyindən, milliyyətindən və cəmiyyətdəki mövqelərindən asılı olmayaraq, hamı ilə dürüst davranır və ayrı-seçkilik etmirlər (Lavililər 19:15; Əşiya 1:17; İbranilərə 13:18).
«Sədaqəti uca tutasan». Bu ifadəni həmçinin «[sadiq] məhəbbət göstərməyi [sevmək]» kimi də tərcümə etmək olar (Mikə 6:8, «Müqəddəs Kitab Şirkəti—2004»). Orijinal ibrani dilində «sədaqət» dedikdə, yalnız kiməsə sadiq olmaq deyil, həm də xeyirxahlıq və mərhəmət göstərmək, yəni tələb olunandan da artığını etmək nəzərdə tutulur. Deməli, Allah Onu razı salmaq istəyənlərdən xeyirxahlıq və mərhəmət göstərmələrindən əlavə, həm də bu keyfiyyətləri uca tutmağı, onları sevməyi tələb edir. Bu o deməkdir ki, Ona ibadət edənlər başqalarına, xüsusilə də ehtiyacı olanlara kömək etməkdən zövq almalıdır. Həqiqətən, vermək insana sevinc gətirir (Həvarilərin işləri 20:35).
«Allahın önündə təvazökarlıqla yeriyəsən». Müqəddəs Kitabda «yerimək» sözü «müəyyən tərzdə davranmaq» mənasını verə bilər. İnsan Allaha məqbul həyat tərzi sürməklə Onunla yerimiş olur. Bu sahədə Nuh gözəl nümunədir. Allah onu saleh sayırdı, çünki «Nuh Allahın yolu ilə gedirdi» və «zəmanəsinin adamlarından fərqli olaraq, o, eyibsiz adam idi» (Yaradılış 6:9). Bu gün biz Allahın Kəlamı olan Müqəddəs Kitabdakı təlimlərə uyğun yaşamaqla «Allahın yolu ilə [getmiş oluruq]». Bunun üçün bizdən məhdudiyyətlərimizi və hər şeydə Allahdan asılı olduğumuzu təvazökarlıqla qəbul etmək tələb olunur (Yəhya 17:3; Həvarilərin işləri 17:28; Vəhy 4:11).
Mikə 6:8 ayəsinin konteksti
Bizim eramızdan əvvəl səkkizinci əsrdə yaşamış Mikə qədim İsraildə peyğəmbər kimi xidmət edirdi. O vaxt ölkədə bütpərəstlik, dələduzluq və zülmkarlıq baş alıb gedirdi (Mikə 1:7; 3:1—3, 9—11; 6:10—12). Əksər israillilər Allahın Musa vasitəsilə verdiyi qanunlara məhəl qoymurdular. Eyni zamanda, çoxlarında belə bir yanlış fikir də var idi ki, sadəcə dini ayinləri icra etməklə və qurbanlar gətirməklə Allahın rəğbətini qazanmaq mümkündür (Məsəllər 21:3; Huşə 6:6; Mikə 6:6, 7).
Mikənin dövründən əsrlər sonra yaşamış İsa Məsih də demişdi ki, Allah məhəbbətli, ədalətli və mərhəmətli insanlardan razıdır, üzdən özlərini mömin göstərənlər isə Onda ikrah doğurur (Mətta 9:13; 22:37—39; 23:23). İsanın sözləri Allahın Ona ibadət edənlərdən bu gün nə gözlədiyini başa düşməyə kömək edir.
Bu qısa videoya baxın və «Mikə» kitabı ilə tanış olun.
a «Yehova» Allahın adının ibrani dilindən Azərbaycan dilinə tərcüməsidir. İbrani dilində bu ad dörd hərflə yazılıb («יהוה» (YHVH)) və tetraqrammaton kimi tanınır. «Müqəddəs Kitab Şirkəti—2004» tərcüməsində bu ad bu ayədə «Rəbb» kimi tərcümə olunub. Yehova haqda və nəyə görə bəzi Müqəddəs Kitab tərcümələrində bu ada rast gəlinmədiyini öyrənmək üçün «Yehova kimdir?» məqaləsinə baxın.