MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI
«Allah insanların gözlərindən bütün yaşları siləcək» (Vəhy 21:4)
«Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4, «Yeni Dünya Tərcüməsi»).
«Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4, Müqəddəs Kitab şirkəti, 2009).
Vəhy 21:4 ayəsinin mənası
Allah vəd edir ki, təkcə bu gün insanların üzləşdiyi ağrı-acını yox, həm də onların səbəbini aradan qaldıracaq.
«Allah insanların gözlərindən bütün yaşları siləcək». Bu sözlər Yehovanın a Əşiya peyğəmbər vasitəsilə verdiyi vədi təsdiq edir: «Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək» (Əşiya 25:8; Vəhy 7:17). Ayədə yazılanlar bizi əmin edir ki, Allah əzizini itirən və ya başqa səbəbə görə göz yaşı tökən insanlara şəfqət göstərir.
«Artıq ölüm olmayacaq». Allah ölümü və onun gətirdiyi əzabları aradan qaldıracağını, eləcə də ölüləri dirildəcəyini vəd edir (1 Korinflilərə 15:21, 22). Başqa sözlə, O, «ölümü məhv edəcək» (1 Korinflilərə 15:26).
«Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq». Allahın bu vədi o demək deyil ki, insanlar potensial zədələr də daxil olmaqla bütün fiziki ağrılara qarşı hissiyyatsız olacaqlar. Əksinə, bu vəd o deməkdir ki, günah b və qeyri-kamilliyin səbəb olduğu mənəvi, emosional və fiziki ağrılar artıq olmayacaq (Romalılara 8:21, 22).
«Əvvəlki şeylər keçib getdi». Bu son sözlər insanların yaşadığı faciələrə son qoyacaq. Bir mənbədə deyilir: «İnsanın keçmiş həyat tərzi olan ölüm, yas, ağlamaq və ağrı yeni həyat tərzi ilə əvəz olunacaq». Bundan sonra insanlar Allahın vəd etdiyi yeni dünyada möhtəşəm şəraitdən əbədi həzz alacaqlar (Yaradılış 1:27, 28).
Vəhy 21:4 ayəsinin konteksti
21-ci fəslin əvvəlində həvari Yəhya röyada gördüyü görüntünü belə təsvir edir: «Mən yeni göy və yeni yer gördüm» (Vəhy 21:1). O, Müqəddəs Kitabda əvvəlcədən deyilmiş peyğəmbərlikləri təsvir etmək üçün məcazi ifadələrdən istifadə etmişdi (Əşiya 65:17; 66:22; 2 Butrus 3:13). Allahın səmavi Padşahlığı və ya «yeni göy» bütün insan hökumətlərini əvəz edəcək və «yeni yerdə», yəni yeni insan cəmiyyəti üzərində hakimiyyət sürəcək (Əşiya 65:21—23).
Bu görüntünün yer üzünə aid olduğunu nə sübut edir? Birincisi, Allah növbəti sözlərlə belə bir vəd verib: «Allahın çadırı insanlarladır» (Vəhy 21:3). Bu o deməkdir ki, bu vəd göydəki mələklərə yox, yerdəki insanlara aiddir. İkincisi, ayədə artıq ölümün olmayacağı yer üzü təsvir olunur (Vəhy 21:4). Göydə heç vaxt ölüm hadisəsi baş verməyib, amma yer üzündə yaşayanlar hər zaman ölümə məhkum olublar (Romalılara 5:14). Məntiqə əsasən belə nəticəyə gəlmək olar ki, ayədəki vəd yer üzündəki gələcəyə aiddir.
Bu qısa videoya baxın və Vəhy kitabı ilə tanış olun.
a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.
b Müqəddəs Kitabda günah sözü altında Allahın normalarına zidd gedən hər hansı hərəkəti etmək və ya etməmək, hansısa hisslər və hərəkətlər nəzərdə tutulur (1 Yəhya 3:4). «Günah nədir?» adlı məqaləyə baxın.