MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI
«Öz surətimizə... görə insanı yaradaq» (Yaradılış 1:26)
«Sonra Allah dedi: “Bizə bənzəyən insan yaradaq, qoy o, dənizdəki balıqlara, göydəki qanadlı məxluqlara, ev heyvanlarına, bütün yer üzünə və yer üzündə sürünən heyvanların hamısına hökmranlıq etsin”» (Yaradılış 1:26, «Yeni Dünya Tərcüməsi»).
«Sonra Allah dedi: “Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin”» (Yaradılış 1:26, «Müqəddəs Kitab Şirkəti—2009»).
Yaradılış 1:26 ayəsinin mənası
İnsanlar Allahın bənzərində, yəni Allahda olan xüsusiyyətləri, məsələn, məhəbbət, şəfqət və ədalət kimi xüsusiyyətləri özlərində yetişdirmək və təzahür etdirmək qabiliyyəti ilə yaradılıblar. Məhz bu səbəbdən onlar Allahın keyfiyyətlərini əks etdirə bilirlər.
«Allah dedi: “Bizə bənzəyən insan yaradaq”». Kimisə və ya nəyisə yaratmazdan əvvəl, Yehova a Allah sonradan İsa kimi tanınan güclü ruhani varlığı yaratdı. İsa vasitəsilə «göydə və yerdə olan hər şey... yarandı» (Koloslulara 1:16). İsa Yehovada olan xüsusiyyətləri təzahür etdirir. «O, gözəgörünməz Allahın bənzəri»dir (Koloslulara 1:15). Məhz buna görə Allah İsaya demişdi: «Bizə bənzəyən insan yaradaq».
«Qoy o... ev heyvanlarına, bütün yer üzünə... hökmranlıq etsin». Heyvanlar Allahın bənzərində yaradılmayıb. Onlara insana xas olan məhəbbət kimi xüsusiyyətləri təzahür etdirmək qabiliyyəti və vicdan verilməyib. Bununla belə, Allah yaratdığı heyvanlara qarşı laqeyd deyil. Bu səbəbdən Yehova insanlara heyvanlara hökmranlıq etməyi tapşırmışdı. Başqa sözlə desək, Yehova insanların üzərinə heyvanların qeydinə qalmaq məsuliyyəti qoyub (Zəbur 8:6—8; Məsəllər 12:10). Yehova istəyir ki, insanlar Yer kürəsinə və orada yaşayan canlı varlıqlara yaxşı baxsınlar.
Yaradılış 1:26 ayəsinin konteksti
«Yaradılış» kitabının ilk iki fəslində kainatın, planetimizin və yer üzündə həyatın yaradılması haqda qısa məlumat verilir. Yehovanın yaratdığı hər şey bir əsərdir, amma yer üzündə yaratdıqları içində insan Onun şah əsəridir. «Allah yaratdıqlarının hamısına baxdı və gördü ki, hər şey çox yaxşıdır» (Yaradılış 1:31).
Bu qısa videoya baxın və «Yaradılış» kitabında yaradılış haqda deyilənlərlə tanış olun.
Yaradılış 1:26 ayəsi ilə bağlı yanlış fikirlər
Yanlış. Allah bizim kimi fiziki bədənə malikdir.
Doğru. «Allah ruhdur», bu isə o deməkdir ki, O, fiziki bədənə malik deyil və Onun dərgahı fiziki aləmdən kənardadır (Yəhya 4:24). Düzdür, Müqəddəs Kitabda bəzi ayələrdə Allahın üzü, əlləri, ürəyi kimi ifadələrə rast gəlinir. Amma bunlar sadəcə nümunə kimi gətirilir ki, insanlara Allahın keyfiyyətlərini və hərəkətlərini təsəvvür etmək daha asan olsun (Çıxış 15:6; 1 Butrus 3:12).
Yanlış. Yaradılış 1:26 ayəsi İsanın Allah olduğunu sübut edir.
Doğru. Allahla İsa arasında yaxın ata-oğul münasibəti var, amma onlar eyni varlıq deyillər. İsa Allahın ondan üstün olduğunu öyrədirdi (Yəhya 14:28). Əlavə məlumat üçün «İsa Məsih Allahdır?» videosuna baxın və «Nəyə görə İsa peyğəmbər Allahın Oğlu adlanır?» məqaləsini oxuyun.
Bu qısa videoya baxın və «Yaradılış» kitabı ilə tanış olun.
a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.