Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Daha böyük məhəbbət heç kimdə yoxdur» (Yəhya 15:13)

«Daha böyük məhəbbət heç kimdə yoxdur» (Yəhya 15:13)

 «Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur» (Yəhya 15:13, «Yeni Dünya Tərcüməsi»).

 «Bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət heç kimdə yoxdur» (Yəhya 15:13, İncil, 1993).

Yəhya 15:13 ayəsinin mənası

 İsa şagirdlərinə başa salmaq istəyirdi ki, onların arasındakı məhəbbət bir-birlərindən ötrü canlarını fəda edəcək dərəcədə güclü olmalıdır.

 İsa bu sözləri deməzdən əvvəl şagirdlərinə belə buyurmuşdu: «Sizə əmrim budur: bir-birinizi mən sizi sevdiyim kimi sevin» (Yəhya 15:12). O, şagirdlərinə qarşı nə cür məhəbbət bəsləyirdi? Təmənnasız, fədakar məhəbbət. Yer üzündəki xidməti zamanı İsa şagirdlərinin və başqalarının ehtiyacını, rifahını özününkündən üstün tuturdu (Mətta 9:35; Luka 22:27; Yəhya 13:3—5). O, xəstə insanları sağaldırdı, onlara Allahın Padşahlığı a haqda öyrədirdi. İsa başqalarının qulluğunda durmaq üçün hətta ən aşağı səviyyəli işləri görmüşdü. Amma Yəhya 15:13 ayəsində o, məhəbbətin daha böyük təcəssümündən danışır. Bu sözlərindən cəmi bir neçə saat sonra İsa bu böyük məhəbbəti «bir çoxları uğrunda həyatını fidyə» verərək göstərdi (Mətta 20:28; 22:39). O, bununla başqalarını özündən daha çox sevdiyini bənzərsiz bir şəkildə təzahür etdirdi.

 İsa bütün insanları sevir. Amma onun təlimlərinə uyğun yaşayanlara xüsusi məhəbbət bəsləyir. İsa şagirdlərini yaxın dostu hesab edirdi, çünki onlar onun buyruqlarına əməl edirdilər və sınaqları boyu onun yanında idilər (Luka 22:28; Yəhya 15:14, 15). Ona görə də İsa onlar uğrunda canını fəda etməyə heç tərəddüd belə etmədi.

 Birinci əsrdə yaşayan məsihilər İsanın bu sözlərinə ürəkdən əməl edirdilər və bir-birilərindən ötrü ölməyə hazır idilər (1 Yəhya 3:16). Onların İsadan örnək götürərək göstərdikləri fədakar məhəbbət həqiqi məsihiləri tanıdan əsas nişanə oldu (Yəhya 13:34, 35).

Yəhya 15:13 ayəsinin konteksti

 Yəhyanın müjdəsinin 13-dən 17-ə kimi fəsillərində İsanın 11 sadiq həvarisinə dediyi son nəsihəti və onlarla birgə etdiyi son dua qələmə alınıb. İsanın ölümünə çox az qalmışdı. O, 15-ci fəsildə şagirdlərini bar verən meynə budaqlarına bənzətmişdi. İsa bu nümunə əsasında başa salmaq istəyirdi ki, şagirdləri onun davamçısı olduğunu sübut etmək üçün onunla vəhdətdə olmalıdırlar. İsa şagirdlərini «çoxlu bar» verməyə təşviq etmişdi (Yəhya 15:1—5, 8). Bunun bir yolu İsa kimi «Allahın Padşahlığı haqqında müjdəni» təbliğ etməkdir (Luka 4:43; Yəhya 15:10, 17).

 Bu qısa videoya baxın və «Yəhya» kitabı ilə tanış olun.

a Allahın Padşahlığı Onun göydə qurduğu hökumətdir. O, bu hökumət vasitəsilə yerə dair niyyətini həyata keçirəcək (Dənyal 2:44; Mətta 6:9, 10). Əlavə məlumat üçün «Allahın Padşahlığı nədir?» məqaləsinə baxın.