«Alfa və Omeqa» kimdir və ya nədir?
Müqəddəs Kitabın cavabı
Nəyə görə Allah Özünü «Alfa və Omeqa» adlandırır?
Alfa və omeqa Yunan əlifbasında birinci və axırıncı hərflərin adıdır. Müqəddəs Kitabın «Vəhy» bölməsinin daxil olduğu Əhdi-Cədid adlanan hissəsi yunan dilində yazılıb. Yunan əlifbasındakı bu hərflərin müvafiq mövqeləri yalnız Yehovanın əvvəl və axır olduğunu təsvir etmək üçün işlədilib (Vəhy 21:6). O, həmişə mövcud olan və sonsuzadək mövcud olacaq Qadir Allahdır. Yalnız O, «əzəldən əbədiyyətə» var olandır (Zəbur 90:2).
«Birinci və axırıncı» kimdir?
Müqəddəs Kitabda bu ifadə həm Yehova Allaha, həm də Onun oğlu İsa Məsihə aid edilir, amma müxtəlif mənalarda. İki nümunəni nəzərdən keçirin.
Əşiya 44:6 ayəsində Yehova deyir: «Birinci Mənəm, axırıncı da Mənəm. Məndən başqa Allah yoxdur». Burada Yehova vurğulayır ki, O, əbədiyyən var olan həqiqi Allahdır, ondan başqa Allah yoxdur (Qanunun təkrarı 4:35, 39). Deməli, «birinci və axırıncı» ifadəsi ilə «Alfa və Omeqa» ifadəsi eyni mənanı daşıyır.
Bundan başqa, «Birinci [alfa yox, protos] və Axırıncı [omeqa yox, eskhatos]» ifadəsinə Vəhy 1:17, 18 və 2:8 ayələrində də rast gəlinir. Kontekst göstərir ki, bu ayələrdə ölən və sonra həyata qayıdan birinə istinad edilir. Beləliklə, bu ayələr Allaha aid edilə bilməz, çünki Allah heç vaxt ölməyib (Həbquq 1:12). Amma İsa Məsih ölüb və dirilib (Həvarilərin işləri 3:13—15). O, indi «əbədiyyən [yaşadığı]» göydə ölümsüz ruhani həyat üçün dirildilən ilk insandır (Vəhy 1:18; Koloslulara 1:18). İsa Məsih bundan sonrakı bütün dirilmələri həyata keçirən kəsdir (Yəhya 6:40, 44). Ona görə də o birbaşa Yehovanın diriltdiyi axırıncı insandır (Həvarilərin işləri 10:40). Bu səbəbdən İsanı haqlı olaraq «Birinci və Axırıncı» adlandırmaq olar.
Vəhy 22:13 ayəsi İsanın «Alfa və Omeqa» olduğunu göstərir?
Xeyr. Vəhy 22:13 ayəsindəki natiqin kim olduğu dəqiq göstərilməyib və bu fəsildə müxtəlif natiqlər var. «Vəhy» kitabının bu bölməsini şərh edən professor Uilyam Barkli yazıb: «Məlumatlar müəyyən bir qaydaya əsasən yazılmır;... və kimin həqiqi natiq olduğunu müəyyən etmək, adətən, çox çətin olur» («Yəhyanın Vəhyi», II cild, yenidən işlənmiş nəşr, səhifə 223). Beləliklə, «Vəhy» kitabının başqa yerlərində «Alfa və Omeqa» ifadəsi kimə aid edilirsə, Vəhy 22:13 ayəsində də eyni Şəxsə aid edilir — Yehova Allaha.