Bütün dinlər eynidir? Hamısı Allaha aparır?
Müqəddəs Yazıların cavabı
Xeyr. Bütün dinlər eyni deyil. Müqəddəs Kitabda Allahı razı salmayan bir çox dinlərdən danışılır. Bunlar iki əsas qrupa ayrılır.
1-ci qrup: Saxta allahlara ibadət
Müqəddəs Kitabda saxta allahlara ibadət «puç», «yararsız» kimi sözlərlə təsvir olunur (Ərəmya 10:3—5; 16:19, 20). Yehova a Allah qədim İsrail xalqına əmr etmişdi: «Məndən başqa allahınız olmamalıdır» (Çıxış 20:3, 23; 23:24). İsraillilər yad allahlara sitayiş edəndə, «Yehovanın İsrailə qəzəbi tutdu» (Saylar 25:3; Lavililər 20:2; Hakimlər 2:13, 14).
Allah saxta tanrılara ibadətə bu gün də eyni cür yanaşır (1 Korinflilərə 8:5, 6; Qalatiyalılara 4:8). Allah Ona ibadət etmək istəyən insanlara yalan dinə ibadət edən insanlarla əlaqələrini kəsməyi əmr edərək demişdi: «Buna görə də onların arasından çıxın, ayrılın» (2 Korinflilərə 6:14—17). Əgər bütün dinlər eynidirsə və insanları Allaha tərəf aparırsa, onda nəyə görə Allah belə bir əmr vermişdi?
2-ci qrup: Həqiqi Allaha bəyənmədiyi tərzdə ibadət
Bir vaxtlar israillilər Allaha ibadət edərkən saxta allahlara edilən ibadət üsullarından istifadə edirdilər, amma Yehova saxta dinin həqiqi dinə qarışmaması üçün bunu rədd etmişdi (Çıxış 32:8; Qanunun təkrarı 12:2—4). Allaha bu cür ibadət etdiklərinə görə, İsa öz dövrünün din rəhbərlərini məzəmmət edirdi. Çünki onlar özlərini üzdən dindar kimi göstərirdilər, amma riyakarcasına «haqq-ədalətə, mərhəmətə və sədaqətə fikir [vermirdilər]» (Mətta 23:23).
Eynilə, indiki dövrdə də Allaha aparan yalnız bir həqiqi din var. Bu həqiqət Müqəddəs Kitabda yazılıb (Yəhya 4:24; 17:17; 2 Timutiyə 3:16, 17). Müqəddəs Kitaba zidd gedən təlimləri öyrədən dinlər insanları Allahdan uzaqlaşdırır. İnsanlar Üç üqnum, ölməz ruh və əbədi işgəncə kimi saxta allahlara ibadətdən gələn təlimlərin Müqəddəs Kitaba əsaslandığını fikirləşirlər. Bu kimi təlimlər boş şeylərdir, çünki onlar Allahın əmrlərini dini ənənələrə satıblar (Mark 7:7, 8).
Allah dini riyakarlığa nifrət edir (Titusa 1:16). İnsanlara Allaha yaxınlaşmağa kömək etmək üçün din onların gündəlik həyatlarına təsir etməli, yəni rituallardan ibarət olmamalı və ya formal xarakter daşımamalıdır. Misal üçün, Müqəddəs Kitabda deyilir: «Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa, o, öz-özünü aldadır və onun dindarlığı boşdur. Atamız Allahın qarşısında pak və qüsursuz dindarlıq budur: çətinliklərlə üzləşən yetimlərə və dul qadınlara qayğı göstərəsən və özünü bu dünyada ləkəsiz saxlayasan» (Yaqub 1:26, 27). «Kral Yakovun Müqəddəs Kitabı»nda «pak dindarlıq» sözü qeyri-riyakar ibadət kimi verilir.