Nuhun hekayəsi və Böyük daşqın. Bu, sadəcə bir mifdir?
Müqəddəs Kitabın cavabı
Daşqın olmuş hadisədir. Allah bu daşqını pis insanları məhv etmək üçün göndərmişdi, amma O, heyvanları və yaxşı insanları xilas etmək üçün Nuha gəmi tikməyi tapşırmışdı (Yaradılış 6:11—20). Daşqının həqiqətən baş verdiyinə əmin ola bilərik, çünki bu hadisə hər kəlməsi Allahdan olan Müqəddəs Yazılarda qeydə alınıb (2 Timutiyə 3:16).
Fakt, yoxsa əfsanə?
Müqəddəs Kitab göstərir ki, Nuh həqiqətən yaşayıb və Daşqın həqiqətən baş verib. Bu, nə əfsanədir, nə də mifdir.
Müqəddəs Kitab yazarları Nuhun real bir şəxs olduğuna inanırdı. Məsələn, Müqəddəs Kitab yazarları və təcrübəli tarixçilər olan Üzeyir və Luka İsrail xalqının nəsil şəcərəsinə Nuhu daxil etmişdi (1 Salnamələr 1:4; Luka 3:36). Müjdə yazarları Mətta və Luka İsanın Nuh və Daşqın haqqında söylədiklərini qələmə almışdı (Mətta 24:37—39; Luka 17:26, 27).
Həmçinin Hizqiyal peyğəmbər və həvari Bulus iman və salehlik nümunəsi kimi Nuhu sitat gətirmişdi (Hizqiyal 14:14, 20; İbranilərə 11:7). Bu yazarların əfsanəvi bir şəxsi nümunə çəkmələri heç də məntiqli olmazdı. Aydındır ki, Nuh və digər mömin kişi və qadınlar bir zamanlar yaşadıqları üçün örnək gətirilmişdi (İbranilərə 12:1; Yaqub 5:17).
Müqəddəs Kitabda Daşqın haqqında xüsusi təfərrüatlar qeydə alınıb. Orada bu hadisə nağıllarda olduğu kimi «biri var idi, biri yox idi» sözləri ilə başlamır. Əksinə, Müqəddəs Kitabda Daşqınla əlaqəli hadisələrin ili, ayı və günü yazılıb (Yaradılış 7:11; 8:4, 13, 14). Orada həmçinin Nuhun tikdiyi gəminin ölçüləri yazılıb (Yaradılış 6:15). Bu təfərrüatlar sübut edir ki, Müqəddəs Kitab Daşqını bir mif kimi yox, bir fakt kimi təqdim edir.
Daşqın nəyə görə baş vermişdi?
Müqəddəs Kitaba əsasən, Daşqından əvvəl «insanlar tamam» pozulmuşdu (Yaradılış 6:5). Üstəlik, orada yazılıb ki, «dünya Allahın gözündə dağılıb gedirdi», çünki yer zorakılıq və əxlaqsızlıqla dolmuşdu (Yaradılış 6:11; Yəhuda 6, 7).
Müqəddəs Kitabda deyilir ki, bu müsibətin ən böyük səbəbi göyləri tərk edən pis mələklərin qadınlarla cinsi əlaqəyə girməsi idi. Bu mələklərdən nefilimlər törəndi. Nefilimlər həmin dövrdə yaşayan insanların çoxlu əzab-əziyyət yaşamasına səbəb oldu (Yaradılış 6:1, 2, 4). Allah qərar verdi ki, yer üzünü pis insanlardan təmizləsin və yaxşı insanlara təzədən pisliyin olmayacağı yer üzündə yaşamaq imkanı versin (Yaradılış 6:6, 7, 17).
İnsanlar Daşqının baş verəcəyini bilirdi?
Bəli. Allah olacaqları Nuh peyğəmbərə bildirmişdi və həm ailəsini, həm heyvanları qurtarması üçün ona gəmi tikməyi tapşırmışdı (Yaradılış 6:13, 14; 7:1—4). Nuh baş verəcək məhv haqda insanları xəbərdar edirdi, amma onlar Nuhun xəbərdarlıqlarını ciddiyə almırdı (2 Butrus 2:5). Müqəddəs Kitabda yazılıb: «Daşqın gəlib onların hamısını aparmayınca heç nəyə məhəl qoymurdular» (Mətta 24:37—39).
Nuhun gəmisi necə idi?
Gəmi böyük dördbucaqlı sandığa və ya qutuya bənzəyirdi, təxminən 133 metr uzunluğunda, 22 metr enində və 13 metr hündürlüyündə idi a. Gəmi qatran ağacından hazırlanmışdı və həm içəridən, həm də bayırdan qatranla örtülmüşdü. Onun üç mərtəbəsi və bir sıra bölmələri var idi. Gəminin yan tərəfində bir qapı və ola bilsin, yuxarısında bir pəncərə var idi. Çox ehtimal, gəminin dam örtüyü elə hazırlanmışdı ki, su dam örtüyünün üstündə yığılıb qalmasın, kənarlardan axıb getsin (Yaradılış 6:14—16).
Nuh gəmini neçə müddətə tikmişdi?
Müqəddəs Kitabda Nuhun gəmini nə qədər müddətə tikdiyi deyilmir, amma ehtimal ki, o, bu gəmini tikmək üçün bir neçə onilliklər sərf etmişdi. Nuhun ilk oğlu doğulanda onun 500-dən çox yaşı var idi, Daşqın baş verəndə isə 600 yaşında idi b (Yaradılış 5:32; 7:6).
Allah Nuha gəmi tikməyi tapşıranda onun üç oğlu böyümüşdü və evlənmişdi. Bu da haradasa 50—60 il çəkə bilərdi (Yaradılış 6:14, 18). Bu ehtimala əsasən, gəminin tikilməsi 40—50 il çəkib.
a Müqəddəs Kitabda gəminin ölçüləri qulaclarla verilib. «Standart ibrani qulacı 44,45 santimetrə bərabərdir» («The Illustrated Bible Dictionary», yenidən işlənmiş versiya, 3-cü hissə, 1635-ci səhifə).
b Nuh kimi uzun müddət yaşayan insanlarla bağlı «Gözətçi qülləsi»nin 2010-cu il, 1 dekabr sayında yer alan «Müqəddəs Kitabın yazıldığı dövrdə insanlar həqiqətənmi uzunömürlü idi?» adlı məqaləyə (rus.) baxın.