Müqəddəs Kitab xronologiyası 1914-cü il haqda nə deyir?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Kitab xronologiyasına əsasən, 1914-cü ildə göydə Allahın Padşahlığı quruldu. Bu, «Daniel» kitabının 4-cü fəslində yazılan peyğəmbərlikdən bəllidir.
Peyğəmbərliyin icmalı. Allah Babil padşahı Navuxodonosora peyğəmbərlik olan bir yuxu göndərdi. Padşah yuxusunda böyük bir ağac görür. Ağacı kəsirlər, kötüyünü isə çənbərləyirlər ki, «yeddi il» böyüməsin. Bu müddət keçəndən sonra ağac yenə böyüməyə başlayır (Daniel 4:1, 10—16).
Peyğəmbərliyin ilkin icrası. Böyük ağac Navuxodonosor padşahı təmsil edirdi (Daniel 4:20—22). Onun məcazi mənada «kəsilməsi» yeddi il ağlını itirməsi və hakimiyyətdən məhrum olması demək idi (Daniel 4:25). Allah padşaha ağlını qaytaranda o, yenidən taxta çıxdı və Allahın hökmranlığını tanıdı (Daniel 4:34—36).
Peyğəmbərliyin ikinci icrasının olduğuna dair sübut. Müqəddəs Kitaba əsasən, bu peyğəmbərlik ona görə verilmişdi ki, «yaşayanlar bunu bilsin: insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir, padşahlığı kimə istəyir, ona verir və insanlar arasında ən aşağı olanı onlara başçı qoyur» (Daniel 4:17). Təkəbbürlü padşah Navuxodonosor Allahın bu cür böyük hakimiyyət vermək istədiyi adam idi? Yox, çünki ondan qabaq Allah ona verdiyi digər yuxu vasitəsilə peyğəmbərlik etmişdi ki, nə o, nə də ki digər siyasi rəhbər bu vəzifəni icra etməyəcək. «Heç vaxt dağılmayan bir [padşahlığı]» Allah Özü quracaqdı (Daniel 2:31—44).
Bu hadisələrdən xeyli əvvəl Allah Öz hakimiyyətini yer üzündə təmsil edən bir padşahlıq yaratmışdı. Bu, qədim İsrail padşahlığı idi. Allah düşmənlərə yol verdi ki, İsraili «viran» qoysunlar, çünki onun rəhbərləri satqın çıxdı. Lakin Allah hakimiyyəti «haqq sahibi»nə verəcəyinə dair peyğəmbərlik söyləmişdi (Yezekel 21:25—27). Müqəddəs Kitabda əsasən, bu əbədi padşahlığın qanuni varisi İsa Məsihdir (Luka 1:30—33). Navuxodonosordan fərqli olaraq, İsa Məsih, peyğəmbərlikdə deyildiyi kimi, qəlbən təvazökardır (Matta 11:29).
Daniel 4-cü fəsildəki ağac nəyi təmsil edir? Müqəddəs Kitabda ağac bəzən hakimiyyəti təmsil edir (Yezekel 17:22—24; 31:2—5). Daniel 4-cü fəslin daha böyük icrasında böyük ağac Allahın hökmranlığını təmsil edir.
Ağacın kəsilməsi nə deməkdir? Ağacın kəsilməsi Navuxodonosorun hökmranlığına ara verildiyini təmsil etdiyi kimi, bu həmçinin Allahın yer üzündə hökmranlığına ara verilməsini təmsil edirdi. Bu, Navuxodonosor Yerusəlimi dağıdanda baş vermişdi. Yerusəlim Allahın təmsilçiləri olan İsrail padşahlarının «Rəbbin taxtında» oturduğu şəhər idi (1 Salnamələr 29:23).
«Yeddi il» nəyi təmsil edir? «Yeddi il» Allahın millətlərə Onun təsis etdiyi hər hansı bir hökumətin müdaxiləsi olmadan yer üzündə hökmranlıq etməyə icazə verdiyi dövrü təmsil edir. Bu dövr eramızdan əvvəl 607-ci ilin oktyabr ayında başlayıb. Həmin il, Müqəddəs Kitab xronologiyasına əsasən, Yerusəlim şəhəri babillilər tərəfindən yerlə yeksan edilmişdi a (2 Padşahlar 25:1, 8—10).
«Yeddi il» nə qədər davam etdi? Navuxodonosorun hadisəsində olduğu kimi, bu, hərfi yeddi il ola bilməz. Bu, İsanın sözlərindən bəllidir. O demişdi: «Millətlər üçün təyin olunmuş vaxt qurtarana qədər Yerusəlim [Allahın hökmranlığının rəmzi] millətlərin tapdağı altında qalacaq» (Luka 21:24). «Millətlər üçün təyin olunmuş vaxt» ərzində Allah yol verirdi ki, Onun hökmranlığı «millətlərin tapdağı altında» qalsın. Daniel 4-cü fəsildəki yeddiillik müddət və «millətlər üçün təyin olunmuş vaxt» eyni dövrdür. Bu isə o deməkdir ki, İsa Məsih yer üzündə olanda «yeddi il» hələ də davam edirdi.
Müqəddəs Kitab vasitəsilə «yeddi il»in nə qədər davam etdiyini hesablamaq mümkündür. Oradan öyrənirik ki, üç yarım müddət 1260 günə bərabərdir, deməli, «yeddi il» iki dəfə çox davam edən müddətdir və 2520 günə bərabərdir (Vəhy 12:6, 14). Bura «hər il üçün bir gün» peyğəmbərlik qaydasını tətbiq etdikdə aydın olur ki, 2520 gün 2520 ili təmsil edir. Beləliklə, «yeddi il», yəni 2520 il 1914-cü ilin oktyabr ayında başa çatıb (Saylar 14:34; Yezekel 4:6).
a Yerusəlimin eramızdan əvvəl 607-ci ildə dağıldığına dair sübutların təfsilatları haqda «Gözətçi qülləsi»nin 2011-ci il oktyabr sayının 24—29 səhifələrindəki «Qədim Yerusəlim nə vaxt dağıdılıb? Birinci hissə», eləcə də «Gözətçi qülləsi»nin 2012-ci il yanvar sayının 26—32 səhifələrindəki «Qədim Yerusəlim nə vaxt dağıdılıb? İkinci hissə» adlı məqalələrdən öyrənə bilərsiniz.