«Həyat kitabında» kimlərin adları yazılıb?
Müqəddəs Yazıların cavabı
Həm də «yaddaş kitabı» adlandırılan «həyat kitabı»nda əbədi həyat ənamını almaq ümidinə malik olan insanların adları yazılıb (Vəhy 3:5; 20:12; Malaki 3:16). Bu kitaba kimin adının düşəcəyinə Allah qərar verir. O, bu kitaba Ona sadiq və itaətkar olan insanların adlarını yazır (Yəhya 3:16; 1 Yəhya 5:3).
«Bəşər nəsli dünyaya gələndən bəri» Allah Ona sədaqətlə xidmət edən hər bir bəndəsini yadda saxlayır, sanki, onların adlarını kitaba yazır (Vəhy 17:8). Görünür, həyat kitabına adı düşən ilk insan Allahın sadiq bəndəsi Habil idi (İbranilərə 11:4). Ancaq bu, quru siyahı deyil, çünki bu kitab göstərir ki, «Yehova Ona məxsus olanları» tanıyan məhəbbətli Allahdır (2 Timoteyə 2:19; 1 Yəhya 4:8).
«Həyat kitabı»ndan kiminsə adı silinə bilər?
Bəli. Allah qədim İsraildə yaşamış itaətsiz insanlar barədə demişdi: «Mənə qarşı kim günah işlədibsə, onun adını kitabımdan siləcəyəm» (Çıxış 32:33). Amma biz Ona sadiq qalsaq, O, adımızı «həyat kitabı»nda saxlayacaq (Vəhy 20:12).