Alimlər İsa peyğəmbəri tarixi şəxsiyyət kimi qəbul edirlərmi?
İsa peyğəmbərin real tarixi şəxsiyyət olduğunu qəbul etmək üçün alimlərin kifayət qədər əsasları var. İsa Məsih və onun erkən davamçılarının xatırlandığı birinci və ikinci əsrdə yaşamış tarixçilərin əsərlərinə dair «Britaniya Ensiklopediyası»nda (2002-ci ilin nəşri) deyilir: «Bu müstəqil mənbələr onu göstərir ki, qədim zamanlarda hətta məsihiliyin düşmənləri belə İsa [Məsihi] tarixdə mövcud olmuş şəxsiyyət kimi qəbul edirdilər; ilk dəfə və heç bir əsası olmadan İsa Məsihin mövcudluğuna şübhələr XVIII əsrin sonlarında, XIX əsrdə və XX əsrin əvvəllərində yayılmağa başladı».
«Bu gün heç bir mötəbər alim Yusif oğlu İsa adlı yəhudinin nə vaxtsa yaşadığını dana bilməz. Alimlərin çoxu razılaşacaq ki, onun gördüyü işlər və təlimləri barədə əlimizdə kifayət qədər çoxlu məlumat var», — deyə 2006-cı ildə dərc edilmiş bir nəşrdə qeyd olunur («Jesus and Archaeology»).
Həqiqətən də, Müqəddəs Yazılardan İsa Məsihin real tarixi şəxsiyyət olduğu görünür. Orada onun əcdadlarının, eləcə də yaxın qohumlarının adları çəkilir (İncil, Matta 1:1; 13:55). Həmçinin orada onun dövründə yaşamış dövlət başçılarının və siyasi rəhbərlərin adları da çəkilir (İncil, Luka 3:1, 2). Tədqiqatçılar bu təfərrüatların sayəsində Müqəddəs Yazılarda deyilənlərin doğruluğuna bir daha əmin olmuşlar.