Müqəddəs Kitabı başa düşməkdə mənə nə kömək edə bilər?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Yazıları başa düşmək üçün sizə nəyin lazım olduğunu onun özü göstərir. Mənşəyinizdən asılı olmayaraq, siz Müqəddəs Kitabı başa düşə bilərsiniz, çünki o, «çətin və əlçatmaz deyil» (Qanunun təkrarı 30:11).
Müqəddəs Kitabı başa düşmək üçün sizə lazımdır:
Düzgün əhval-ruhiyyə. Müqəddəs Kitabı Allahın Kəlamı kimi qəbul edin. Təvazökar olun, çünki Allah məğrurları bəyənmir (1 Saloniklilərə 2:13; Yaqub 4:6). Kor-koranə hər şeyə inanmayın — Allah istəyir ki, siz «zehninizi» işə salasınız (Romalılara 12:1, 2).
Allahdan müdriklik diləyin. Süleymanın məsəlləri 3:5 ayəsində deyilir: «Öz idrakına etibar etmə». Əksinə, «Allahdan daima [diləyin]» ki, Müqəddəs Kitabı başa düşmək üçün sizə müdriklik versin (Yaqub 1:5).
Müntəzəm şəkildə araşdırın. Əgər Müqəddəs Kitabı vaxtaşırı yox, müntəzəm şəkildə araşdırsanız, daha çox fayda əldə edəcəksiniz (Yeşua 1:8).
Mövzuları ardıcıllıqla araşdırın. Müqəddəs Kitabdakı mövzuları ardıcıllıqla araşdırmaq konkret mövzu haqqında orada yazılanları təhlil etmək deməkdir. Bu, Müqəddəs Kitabın təlimlərini öyrənmək üçün çox yaxşı üsuldur. İlk öncə «ibtidai təlimləri» araşdırın, sonra isə daha mürəkkəb təlimlərə keçin (İbranilərə 6:1, 2). Siz görəcəksiniz ki, ayələri bir-biri ilə müqayisə etmək mümkündür, eləcə də öyrənəcəksiniz ki, Müqəddəs Kitabın müxtəlif hissələri, hətta «çətin başa düşülən» ayələri belə özləri-özlərini izah edir (2 Peter 3:16).
Kömək istəyin. Müqəddəs Kitab bizə kömək almaq üçün onu yaxşı başa düşənlərə müraciət etməyi məsləhət görür (Həvarilərin işləri 8:30, 31). Yehovanın Şahidləri pulsuz-təmənnasız Müqəddəs Kitab öyrənməsi təklif edirlər. Allahın qədim xidmətçiləri kimi, onlar da Müqəddəs Kitabın əslində nə öyrətdiyini başa salmaq üçün daima ayələrə istinad edirlər (Həvarilərin işləri 17:2, 3).
Sizə lazım deyil:
Ali təhsil və ya çox bilikli olmaq. İsa peyğəmbərin 12 həvarisi Müqəddəs Yazıları başa düşür, üstəlik, başqalarını da öyrədirdilər, halbuki bəzi insanlar onları «savadsız, sadə adam» hesab edirdi (Həvarilərin işləri 4:13).
Pul. Siz Müqəddəs Yazıları pulsuz öyrənə bilərsiniz. Müqəddəs Kitabda deyilir: «Təmənnasız almısınız, təmənnasız da verin» (Matta 10:8).