Müqəddəs Kitabda Pasxa barədə nə deyilir?
Müqəddəs Yazıların cavabı
Xristian dünyasının qeyd etdiyi Pasxa bayramı Allahın Kəlamına əsaslanmır. Bu bayramın tarixinə nəzər salsaq, onun əslində qədim məhsuldarlıq ayinləri ilə bağlı olduğunu görəcəksiniz. Gəlin aşağıdakı məqamlara nəzər salaq.
Adı. «Britaniya ensiklopediyası»nda deyilir: «İngilis adı olan “İster” (azərbaycanca “Pasxa”) naməlum mənşəyə malikdir; anqlo-sakson kahini Venerebl Bede bu bayramın adını 8-ci əsrdə anqlo-saksonların bahar ilahəsi Eosterin adından götürmüşdür. Başqaları isə onu finikiyalıların məhsuldarlıq ilahəsi Astarta (babillilərdə İştar) ilə əlaqələndirirlər».
Dovşanlar. Məhsuldarlıq simvolu olan dovşanlar «avropalıların və Yaxın Şərqin bütpərəst bahar bayramlarından və qədim mərasimlərindən bizim günlərədək gəlib çatmışdır» («Britaniya ensiklopediyası»).
Yumurtalar. Bir mifoloji lüğətə əsasən, Pasxa dovşanının gətirdiyi güman edilən Pasxa yumurtalarını ovlamaq adəti «sadəcə uşaq oyunu yox, məhsuldarlıq ayininin izləridir» («Funk & Wagnalls Standard Dictionary of Folklore, Mythology and Legend»). Bəzi mədəniyyətlərdə inanırlar ki, bəzədilmiş Pasxa yumurtaları «sehirli şəkildə xoşbəxtlik, firavanlıq, sağlamlıq və təhlükəsizlik bəxş edə bilər» («Traditional Festivals»).
Yeni Pasxa libası. «Skandinaviya ilahəsi olan Baharı, yəni İsteri köhnə libasda qarşılamaq hörmətsizlik sayılırdı və bədbəxtlik gətirdiyi hesab edilirdi» («The Giant Book of Superstitions»).
Günəşin doğması ilə bağlı ayinlər. Bu, qədimdə günəşə ibadət edənlərin «yaz gecə-gündüz bərabərliyi zamanı günəşi və onun bütün təbiətə yeni həyat verən qüvvəsini qarşılamaq» ayinlərilə əlaqəli idi («Celebrations—The Complete Book of American Holidays»).
Bayramlara həsr olunmuş bir kitabda bütpərəst Pasxanın mənşəyi çox gözəl izah olunur: «Şübhə yoxdur ki, Kilsə hələ təzə-təzə yaranarkən bütpərəstlərin qədim adət-ənənələrini mənimsəyib onlara məsihçi donu geyindirmişdi» («The American Book of Days»).
Müqəddəs Kitabda Allaha Onun bəyənmədiyi ayinləri və adət-ənənələri icra etməklə ibadət etmək mühakimə olunur (Mark 7:6—8). 2Korinflilərə 6:17 ayəsində deyilir: «Onların arasından çıxın, — deyir Yehova, — bir də murdar şeylərə toxunmayın». Allahı razı salmaq istəyən insan bütpərəst mənşəyi olan Pasxa bayramını qeyd etməməlidir.