Müqəddəs Kitabdakı rəqəmlər nəyi bildirir? Numerologiya Müqəddəs Kitaba ziddir?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Kitabdakı rəqəmlər çox vaxt hərfi mənada istifadə olunur, amma onlar bəzən simvolik mənada işlədilir. Adətən, bu, kontekstdən aydın görünür. Gəlin Müqəddəs Kitabda istifadə olunan rəqəmlərin simvolik mənalarına nəzər salaq.
1 Birlik, vəhdət deməkdir. Misal üçün, İsa peyğəmbər Allaha dua edəndə şagirdlərini nəzərdə tutaraq demişdi: «Hamısı bir olsun» (Yəhya 17:20, 21, İncil, 1996; Matta 19:6).
2 Məhkəmə işlərində hansısa hadisənin doğruluğunu iki şahid təsdiq etməli idi (Qanunun təkrarı 17:6). Buna bənzər tərzdə, görüntünün və ya sözün iki dəfə təkrarlanması onun doğru və etibaralayiq olduğunu göstərir. Məsələn, Yusif fironun yuxusunu yozanda dedi: «Firon yuxunu iki dəfə görüb, çünki Allah belə qərara gəlmişdir və tezliklə bu işi görəcək» (Yaradılış 41:32). Daniel peyğəmbərin Midiya-Fars haqda gördüyü görüntüdə olduğu kimi, «iki buynuz» ikili imperiyanı təmsil edə bilər.
3 Üç nəfərin şahidliyi hadisənin həqiqiliyinin danılmaz sübutu olduğu kimi, görünür, bir şeyin üç dəfə təkrarlanması onun qətiliyini artırır və ya vurğulayır (Yezekel 21:27; Həvarilərin işləri 10:9—16; Vəhy 4:8; 8:13).
4 Bu rəqəm nəyinsə formasının və ya funksiyasının bütövlüyünü təmsil edə bilər. Nümunə olaraq «yerin dörd [ucu]» ifadəsini göstərmək olar (Vəhy 7:1; 21:16; Yeşaya 11:12).
6 Yeddi rəqəmindən bir ədəd az olan altı rəqəmi çox vaxt natamamlığı, qeyri-kamilliyi bildirir, eləcə də Allahın düşmənləri ilə əlaqədar istifadə oluna bilər (1 Salnamələr 20:6; Daniel 3:1; Vəhy 13:18).
7 Bu rəqəm çox vaxt tamlığı bildirir. Misal üçün, Allah israillilərə Yerixonun ətrafında yeddi gün dövrə vurmağı, yeddinci gün isə yeddi dəfə dövrə vurmağı tapşırmışdı (Yeşua 6:15). Müqəddəs Kitabda yeddi rəqəmi ilə bağlı bu kimi nümunələr çoxdur (Levililər 4:6; 25:8; 26:18; Məzmur 119:164; Vəhy 1:20; 13:1; 17:10). Bir dəfə İsa Peterə demişdi ki, o, qardaşını «yeddi dəfə yox», «yetmiş yeddi dəfə» bağışlamalıdır. Bu hadisədə «yeddi» rəqəminin təkrarlanması hədsizliyi bildirir (Matta 18:21, 22).
10 Bu rəqəm nəyinsə bütövlüyünü və ya cəmini təmsil edə bilər (Çıxış 34:28; Luka 19:13; Vəhy 2:10).
12 Görünür, bu rəqəm Allahın təsis etdiyi quruluşu bütövlüyu ilə göstərir. Misal üçün, həvari Yəhya göylərlə bağlı görüntüsündə «bünövrəsi on iki daşdan» olan, daşların üstündə isə «on iki [həvarinin] adı» yazılan bir şəhər görmüşdü (Vəhy 21:14; Yaradılış 49:28). 12-yə tam bölünən rəqəmlər də eyni mənanı daşıya bilər (Vəhy 4:4; 7:4—8).
40 Bəzi hökm və ya cəza müddətləri bu rəqəmlə bağlı idi (Yaradılış 7:4; Yezekel 29:11, 12).
Numerologiya və gematriya
Müqəddəs Kitabdakı rəqəmlərin simvolik mənasının rəqəmlərdə, onların kombinasiyasında və cəmlərində mistik məna axtaran numerologiya ilə heç bir əlaqəsi yoxdur. Məsələn, hərfləri ilə rəqəmləri tutuşduran gematriya adlı numeroloji sistemin köməyilə yəhudi kabalistləri İbranicə Müqəddəs Yazılarda gizli məna axtarmışlar. Numerologiya falçılığın bir növü olduğu üçün Yehova Allah onu rədd edir (Qanunun təkrarı 18:10—12).