Müqəddəslərə dua etmək caizdirmi?
Müqəddəs Yazıların cavabı
Xeyr, caiz deyil. Müqəddəs Yazılarda deyilir ki, biz yalnız Allaha dua etməliyik. İsa peyğəmbər davamçılarına dua etməyi öyrədəndə belə demişdi: «Səmavi Atamız, qoy adın müqəddəs tutulsun» (İncil, Matta 6:9). O heç vaxt demirdi ki, şagirdləri müqəddəslərə, mələklərə və Allahdan başqa kiməsə dua etməlidirlər.
Həmçinin bir dəfə o, davamçılarına demişdi: «Yol, həqiqət və həyat mənəm. Mənsiz heç kəs Atanın yanına gələ bilməz» (İncil, Yəhya 14:6). Allah havadar kimi yalnız İsa Məsihi təyin edib (İncil, İbranilərə 7:25).
Həm Allaha, həm də müqəddəslərə dua etmək olarmı?
Şeytan İsa Məsihi yoldan çıxartmağa çalışanda peyğəmbər ona belə cavab vermişdi: «Rədd ol, Şeytan! Axı yazılıb: “Allahın Yehovaya səcdə qıl və yalnız Ona ibadət et”» (İncil, Matta 4:10). Allahın tələbi budur ki, insanlar, dua da daxil olmaqla, yalnız Ona ibadət etsinlər (Yeşaya 48:11).
Əgər hansısa şəxslərə, hətta müqəddəslərə və mələklərə dua etsək, bu Allaha xoş gedən deyil. İsa peyğəmbərin şagirdlərindən biri olan həvari Yəhya bir dəfə səhvən onun yanına gələn mələyə diz çöküb səcdə qılmaq istəyəndə mələk onu dayandıraraq dedi: «Dayan! Bunu etmə! Mən sadəcə sənin kimi və İsa haqqında şəhadət verən qardaşların kimi bir qulam. Allaha səcdə qıl» (İncil, Vəhy 19:10).