Müqəddəs Kitabda müxtəlif dillərdə danışmaq ənamı haqda nə deyilir?
Müqəddəs Kitabın cavabı
Müxtəlif dillərdə danışmaq ənamı ilk məsihilərdən bəzilərinin sahib olduğu möcüzəvi bacarığa aid edilir. Onlara öyrənmədikləri dildə danışmaq bacarığı verilmişdi (Həvarilərin işləri 10:46). Bu ənama sahib olan məsihilərin danışdığı dili bilən insanlar onları asanlıqla başa düşürdülər (Həvarilərin işləri 2:4—8). Müxtəlif dillərdə danışmaq ənamı Allahın müqəddəs ruh vasitəsilə birinci əsrdə yaşayan bəzi məsihilərə verdiyi ənamlardan biri idi (İbranilərə 2:4; 1 Korinflilərə 12:4, 30).
Müxtəlif dillərdə danışmaq ənamı nə vaxt və harada verildi?
Bu möcüzə ilk dəfə Yerusəlimdə eramızın 33-cü ilində yəhudilərin Əllinci gün bayramında baş verdi. İsanın təxminən 120 şagirdi bir yerə toplaşmışdı, həmin vaxt «onların hamısı müqəddəs ruhla doldu və müxtəlif dillərdə danışmağa» başladı (Həvarilərin işləri 1:15; 2:1—4). Həmin hadisəyə «dünyanın hər ölkəsindən» çoxsaylı insanlar gəlmişdi və «şagirdlər onların doğma dillərində danışırdı» (Həvarilərin işləri 2:5, 6).
Müxtəlif dillərdə danışmaq ənamının məqsədi nə idi?
Allahın məsihilərə dayaq olduğunu göstərmək. Keçmişdə Allah Musa peyğəmbər kimi sadiq insanlara dayaq olduğunu göstərmək üçün möcüzəvi əlamətlər verirdi (Çıxış 4:1—9, 29—31; Saylar 17:10). Müxtəlif dillərdə danışmaq ənamı da eyni məqsədi daşıyırdı. Allah bununla göstərdi ki, O, yeni yaranmış məsihi yığıncağına arxa-dayaqdır. Həvari Bulus yazmışdı: «Müxtəlif dillərdə danışmaq ənamı imanlılar üçün yox, imansızlar üçün rəmzdir» (1 Korinflilərə 14:22).
Məsihilərin hərtərəfli şəhadət verməsinə imkan yaratmaq. Əllinci gün bayramında İsa Məsihin davamçılarını dinləyənlər demişdi: «Hamımız onların öz doğma dilimizdə Allahın əzəmətli işləri haqqında danışdığını eşidirik» (Həvarilərin işləri 2:11). Beləliklə, bu möcüzənin digər əsas məqsədi o idi ki, məsihilər «ətraflı şəhadət» versin və «bütün xalqların içində şagird» hazırlasın. Bunlar İsa peyğəmbərin buyruqları idi (Həvarilərin işləri 10:42; Mətta 28:19). Həmin gün təxminən 3000 nəfər bu möcüzəni görmüş və şagirdlərin verdiyi şahidliyi dinləmişdi (Həvarilərin işləri 2:41).
Müxtəlif dillərdə danışmaq daimi ənam idi?
Xeyr. Müxtəlif dillərdə danışmaq ənamı da daxil olmaqla, müqəddəs ruhun ənamları müvəqqəti idi. Müqəddəs Kitabda deyilir: «Peyğəmbərlik ənamı sona yetəcək, əcnəbi dillərdə danışmaq ənamı qurtaracaq» (1 Korinflilərə 13:8).
Müxtəlif dillərdə danışmaq ənamı nə vaxt sona yetdi?
Müqəddəs ruhun ənamlarının başqa məsihilərə keçməsi yalnız həvarilərin iştirakı ilə baş verirdi. Həvarilər bu ənamları, adətən, əllərini dindaşlarının üzərinə qoyaraq ötürürdülər (Həvarilərin işləri 8:18; 10:44—46). Bu göstərir ki, həvarilərdən ruhun ənamlarını alanlar bu ənamları başqalarına ötürə bilmirdi (Həvarilərin işləri 8:5—7, 14—17). Bir nümunəni təsəvvür edək: Hökumət nümayəndəsi bir şəxsə sürücülük vəsiqəsini verə bilər, amma həmin şəxsin başqa birisinə vəsiqə verməyə hüquqi səlahiyyəti çatmır. Beləliklə, müxtəlif dillərdə danışmaq ənamı həvarilərin və şəxsən həvarilərdən bu ənamı alan insanların ölümü ilə sona yetdi.
Bu gün müxtəlif dillərdə danışmaq ənamı var?
Möcüzəvi ənam olan müxtəlif dillərdə danışmaq ənamı təxminən eramızın birinci əsrinin sonunda bitdi. Bu gün heç kim iddia edə bilməz ki, müxtəlif dillərdə danışması Allahın gücü sayəsindədir.
Həqiqi məsihiləri necə müəyyən etmək olar?
İsa Məsih demişdi ki, şagirdləri bir-birini sevməyin sayəsində tanınacaqlar (Yəhya 13:34, 35). Eynilə, həvari Bulus da həqiqi məsihilərin məhz məhəbbətin sayəsində tanınacağını öyrədirdi (1 Korinflilərə 13:1, 8). O göstərmişdi ki, Allahın ruhu məsihilərdə «ruhun bəhrəsi» kimi təsvir olunan xüsusiyyətlərin sayəsində hasil olunur, bu xüsusiyyətlərin ilki isə məhəbbətdir (Qalatiyalılara 5:22, 23).