Necə dua etmək lazımdır? İsanın öyrətdiyi duanı təkrarlamalıyıq?
Müqəddəs Kitabın cavabı
Bir dəfə şagirdləri İsadan xahiş etdilər: «Ağa... bizə dua etməyi öyrət» (Luka 11:1). Cavabında İsa onlara nə haqda və necə dua etməyi öyrətdi. Amma İsanın öyrətdiyi bu dua Müqəddəs Kitabda yazılmış yeganə dua deyil a. Əslində, bu, Allahın hansı duaları qəbul etdiyinə dair bir nümunə idi.
Bu məqalədə
İsanın öyrətdiyi duada nə deyilir?
Mətta 6:9—13 ayələrində yazılan İsanın öyrətdiyi dua müxtəlif tərcümələrdə müxtəlif cür səslənir. İki nümunəyə nəzər salaq.
«Yeni Dünya Tərcüməsi»: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun. Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin. Bu gün bizə bugünlük ruzimizi ver və günahlarımızı bağışla, necə ki özümüz də bizə qarşı günah işləyənləri bağışlamışıq. Qoyma yolumuzu azaq, bizi Şərirdən xilas et».
«İncil—1996»: «Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun. Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; və bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla; və bizi imtahana çəkmə, lakin bizi şərdən xilas et» b.
Öyrətdiyi duada İsanın dediklərinin mənası nədir?
İsanın təlimləri Müqəddəs Kitabla uzlaşır, ona görə də təəccüblü deyil ki, Müqəddəs Kitabın digər hissələri İsanın öyrətdiyi bu duaya aydınlıq gətirir.
«Göylərdə olan Atamız»
Allaha «Atamız» deyə müraciət etməkdə səhv heç nə yoxdur, çünki O bizim Yaradanımızdır və həyatı bizə O verib (Əşiya 64:8).
«Qoy adın müqəddəs tutulsun»
Allahın adı Yehova müqəddəs tutulmalı və ona hörmətlə yanaşılmalıdır. İnsanlar Allahın gözəl keyfiyyətləri və niyyəti barədə başqalarına danışanda Onun adını müqəddəs tutduqlarını göstərirlər (Zəbur 83:18; Əşiya 6:3).
«Qoy Padşahlığın gəlsin»
Allahın Padşahlığı göydə qurulmuş hökumətdir. Onun Padşahı İsa Məsihdir. İsa bu Padşahlığın bütün yer üzünü idarə etməsi barədə dua etməyi öyrədirdi (Dənyal 2:44; Vəhy 11:15).
«Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin»
Göydə pislik və ölüm yoxdur. Allah istəyir ki, yerdə də təhlükəsizlik və əmin-amanlıq olsun və insanlar əbədi yaşasın (Zəbur 37:11, 29).
«Bu gün bizə bugünlük ruzimizi ver»
Yadda saxlamalıyıq ki, hamımız Yaradanımızdan asılıyıq: qidanı və yaşamaq üçün lazım olan digər şeyləri bizə verən Odur (Həvarilərin işləri 17:24, 25).
«Günahlarımızı bağışla, necə ki özümüz də bizə qarşı günah işləyənləri bağışlamışıq»
Bütün insanlar günah işləyir və bağışlanmaya ehtiyacı var. Amma Allahın bizi bağışlamasını istəyiriksə, biz də bizə qarşı günah iş tutanları bağışlamağa borcluyuq (Mətta 6:14, 15).
«Qoyma yolumuzu azaq, bizi Şərirdən xilas et»
Şərir, yəni Şeytan İblis bizi yoldan çıxarmaq istəyir (1 Yəhya 5:19; Mətta 4:1—4). Buna görə də o bizi azdırmağa çalışanda Yehovadan xahiş edirik ki, bizə Ona itaətkar qalmağa kömək etsin.
Allaha yalnız İsanın öyrətdiyi duanı təkrarlamaqla dua etmək olar?
İsanın öyrətdiyi bu dua nümunə olaraq verilmişdi. Ona görə də onu sözbəsöz təkrarlamaq lazım deyil. İsa bu duanı öyrətməzdən əvvəl demişdi: «Dua edəndə... eyni sözləri təkrar-təkrar deməyin» (Mətta 6:7). Başqa bir vəziyyətdə İsa dua etməyi öyrədəndə fərqli sözlər işlətmişdi (Luka 11:2—4).
Ən yaxşısı ürəkdən və bizi narahat edən məsələlər barədə dua etməkdir (Zəbur 62:8).
Necə dua etməliyik?
İsanın öyrətdiyi duadan görürük ki, Allah dualarımızı qəbul etsin deyə Ona necə dua etməliyik. Bu dua Müqəddəs Kitabın dua barədə digər ayələri ilə uzlaşır.
Yalnız Allaha dua edin
Ayə: «Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin» (Filippililərə 4:6).
Mənası. Biz İsaya, Məryəmə və ya müqəddəslərə deyil, Allaha dua etməliyik. İsanın öyrətdiyi dua «göylərdə olan Atamız» sözləri ilə başlayır. Bu göstərir ki, dualarımız yalnız Yehova Allaha ünvanlanmalıdır.
Allahın iradəsinə uyğun olan şeylər barədə dua edin
Ayə: «Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəhya 5:14).
Mənası. Biz Allahın iradəsinə uyğun olan hər şey barədə dua edə bilərik. Allahın iradəsinin yerinə yetməsi çox vacibdir. İsa bunu öyrətdiyi duaya növbəti sözləri daxil etməklə göstərdi: «Qoy Sənin iradən... yerinə yetsin». Bəşəriyyət və yerlə bağlı Allahın iradəsini Onun Kəlamını araşdırmaqla öyrənə bilərik.
Şəxsən sizi narahat edən məsələlər barədə dua edin
Ayə: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəbur 55:22).
Mənası. Allah bizə qarşı laqeyd deyil. Öyrətdiyi duaya İsa bir neçə şəxsi xahişi də daxil etmişdi. Ona görə də biz Allahdan gündəlik ruzimizi istəyə bilərik, həmçinin xahiş edə bilərik ki, vacib qərarlar verəndə bizə rəhbərlik versin, çətin vaxtlarda bizə dayaq olsun və günahlarımızı bağışlasın c.
a Məsələn, Müqəddəs Kitabda İsanın və şagirdlərinin söylədiyi digər dualar da qələmə alınıb. O dualar bu duadan çox fərqlənir (Luka 23:34; Filippililərə 1:9).
b «İncil—1996» tərcüməsində bu dua növbəti sözlərlə bitir: «Çünki səltənət, qüdrət və izzət əbədi olaraq Sənindir. Amin». Bu mədhiyyəyə bəzi Müqəddəs Kitab tərcümələrində rast gəlinir. Amma bir məlumat kitabçasına əsasən, «ən etibarlı [əlyazmalarda] bu... mədhiyyəyə rast gəlinmir» («Jerome Biblical Commentary»).
c Vicdan əzabı çəkən bəzi insanlar özlərini Allaha dua etməyə layiq bilmir. Yehova belə adamlara növbəti sözləri deyir: «Gəlin aramızdakı məsələləri həll edək» (Əşiya 1:18). Yehova səmimi-qəlbdən Ondan əfv diləyənləri rədd etmir.