Pasxa nə bayramıdır?
Müqəddəs Yazıların cavabı
Pasxa Allahın israilliləri b.e.ə. 1513-cü ildə Misir əsarətindən azad etməsi münasibətilə qeyd edilən yəhudi bayramıdır. Allah israillilərə əmr etmişdi ki, hər il yəhudi təqviminə əsasən nisan ayının 14-ü bu vacib hadisəni yad etsinlər (Çıxış 12:42; Lavililər 23:5).
Nəyə görə Pasxa adlanır?
Pasxa ibranicə «yan keçmək» mənasını verən sözdən əmələ gəlib. Bu söz Allahın Öz xalqını qurtarması ilə bağlıdır. Allah Misirin üzərinə bəla göndərib oradakı bütün ilk doğulanları, insanların və heyvanların ilk balasını qırmağa hökm vermişdi (Çıxış 12:27; 13:15). İsraillilərə isə buyurmuşdu ki, qoyun və ya keçi kəsərək qanını evlərinin qapısının yan taxtasına çiləsinlər (Çıxış 12:21, 22, haşiyə). Allah qapıdakı qanı görüb həmin evdən «yan keçəcəkdi», yəni oradakı ilk doğulanlara zərər verməyəcəkdi (Çıxış 12:7, 13).
Qədimdə Pasxa bayramı necə keçirilirdi?
Allah israillilərə ilk Pasxanı qeyd etməklə bağlı göstərişlər vermişdi a. Müqəddəs Kitabda qeyd olunan bu göstərişlərin bəzilərini nəzərdən keçirək.
Qurban: İsrail icmasının hər ailəsi nisan ayının 10-cu günü birillik quzu və ya keçi seçib onu ayın 14-cü günü kəsirdi. İlk Pasxa bayramında yəhudilər heyvanın qanından bir az götürüb qapılarının yan və üst taxtalarına çiləmiş, özünü isə bütöv şəkildə qızardıb yemişdilər (Çıxış 12:3—9).
Yemək: Pasxa yeməyində israillilər quzu və ya keçidən əlavə, mayasız çörək və acı otlar da yeyirdilər (Çıxış 12:8).
Bayram: İsraillilər Pasxadan sonra yeddi gün ərzində Mayasız çörək bayramını qeyd edirdilər. Bu müddət ərzində onlar mayalı çörək yeməməli idilər (Çıxış 12:17—20; 2 Salnamələr 30:21).
Təlim: İsrailli valideynlər uşaqlarına Pasxa bayramının mənasını izah edərək onlara Yehova Allah haqqında öyrətməli idilər (Çıxış 12:25—27).
Səfər: Sonralar israillilər Pasxanı qeyd etmək üçün Yerusəlimə gedirdilər (Qanunun təkrarı 16:5—7; Luka 2:41).
Digər adətlər: İsa Məsihin dövründə keçirilən Pasxa bayramında həmçinin şərab içilir və mədh nəğmələri oxunulurdu (Mətta 26:19, 30; Luka 22:15—18).
Pasxa haqqında yanlış təsəvvürlər
Yanlış: İsraillilər Pasxa yeməyini nisan ayının 15-ində yeyirdi.
Doğru: Allah israillilərə quzunu nisan ayının 14-ü gün batandan sonra kəsib, elə həmin gecə yeməyi buyurmuşdu (Çıxış 12:6, 8). İsraildə gün gün batandan gün batanacan hesablanılırdı (Lavililər 23:32). Beləliklə, onlar quzunu 14 nisan tarixi girəndə kəsib Pasxa yeməyini yeyirdilər.
Yanlış: Məsihilər Pasxa bayramını qeyd etməlidir.
Doğru: İsa Məsih eramızın 33-cü ilinin 14 nisan tarixində Pasxa bayramını qeyd edəndən sonra yeni mərasim — Ağanın şam yeməyini təsis etdi (Luka 22:19, 20; 1 Korinflilərə 11:20). Bu yeni mərasim «Pasxa quzumuz Məsih»in verdiyi qurbanlığa həsr olunduğu üçün Pasxa yeməyi Ağanın şam yeməyi ilə əvəz olundu (1 Korinflilərə 5:7). Məsihin fidyə qurbanlığı bəşəriyyəti günah və ölümün köləliyindən azad etdiyinə görə Pasxa qurbanlığından qat-qat üstündür (Mətta 20:28; İbranilərə 9:15).
a Müəyyən vaxtdan sonra Allah bu göstərişlərin bəzilərini dəyişməyi məsləhət bilmişdi. Misal üçün, israillilər Misiri tərk etməyə hazır olmaq üçün ilk Pasxanı «tələm-tələsik» qeyd etməli idilər (Çıxış 12:11). Amma vəd olunmuş diyara çatanda Pasxanı tələm-tələsik qeyd etməyə artıq gərək yox idi.