Mənə sataşmasınlar deyə nə edim?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Kitabın müdrik kəlmələrinə əsaslanan məsləhətlərə diqqət yetirin:
İşgüzar münasibətlərdən kənara çıxmayın. İş yoldaşlarınıza xoş və hörmətcil münasibət göstərin. Amma həddən artıq mehribançılığa yol verməyin, əks halda, onlar elə düşünəcəklər ki, sizə göstərdikləri cinsi marağa biganə deyilsiniz (Matta 10:16; Koloslulara 4:6).
Ədəbli geyinin. Cəlbedici, açıq-saçıq geyim haqqınızda yanlış təəssürat yarada bilər. Allahın Kəlamında «ləyaqətli... həya və ədəb-ərkanla» geyinmək məsləhət görülür (1 Timoteyə 2:9).
Dost seçimində ehtiyatlı olun. Flirt etməyi və əks cinsin diqqət mərkəzində olmağı sevən və ya bu kimi hərəkətlərə göz yuman insanlarla oturub-durursunuzsa, çox güman ki, sizin haqqınızda da bu fikirdə olacaqlar (Süleymanın məsəlləri 13:20).
Ədəbsiz söhbətlərə qoşulmayın. Görəndə ki, söhbət «axmaq... və nalayiq zarafatlara» keçir, oradan uzaqlaşın (Efeslilərə 5:4).
Riskli vəziyyətlərdən qaçın. Misal üçün, əsaslı səbəb olmadan işdən sonra qalmaq təklifinə razılıq verməyin (Süleymanın məsəlləri 22:3).
Sözünüzü deməyə çəkinməyin və qəti olun. Sataşan insana onun hərəkətlərinin qətiyyən xoşunuza gəlmədiyini aydın şəkildə deyin (1 Korinflilərə 14:9). Məsələn, belə demək olar: «Sizin dəqiqəbaşı bilərəkdən mənə toxunmağınız mənim xoşuma gəlmir. Xahiş edirəm, bu hərəkətlərə son qoyun». Siz həmin adama məktub yazıb onun hərəkətlərinin sizə necə təsir etdiyini deyə bilərsiniz. Mövqeyinizin əxlaqi və dini dəyərlərə əsaslandığını aydın bildirin (1 Saloniklilərə 4:3—5).
Kömək istəyin. Əgər sataşma halları təkrarlanarsa, etibarlı dostunuzla, ailə üzvlərindən və ya iş yoldaşlarınızdan kiminləsə bu haqda danışın. Mütəxəssislərə də müraciət edə bilərsiniz (Süleymanın məsəlləri 27:9). Sataşmanın qurbanı olanların bir çoxu Allaha dua etməyin böyük xeyrini görmüşlər. Ola bilsin, əvvəllər heç vaxt dua etməmisiniz, amma indi çəkinmədən «hər cür təsəlli Allahı» olan Yehovaya dua edərək Ondan kömək istəyin, bunun faydasız olduğunu düşünməyin (2 Korinflilərə 1:3).
İş yerlərində baş verən sataşma halları milyonlarla insanın gününü qara edib. Allahın Kəlamında praktiki kömək təklif edilir.