Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Barəmdə şayiələr yayırlar. Nə edim?

Barəmdə şayiələr yayırlar. Nə edim?

 Niyə şayiələr adama bu qədər pis təsir edir?

 Bəzi şayiə və söz-söhbətlər zərərsizdir. Amma elə şayiələr də var ki, (məsələn, adını pisə çıxarmaq məqsədilə yayılan şayiələr) onları heç də zərərsiz adlandırmaq olmaz. Hər necə olsa da, bu, sənin xətrinə dəyə bilər, xüsusilə də həmin şayiələri dost bildiyin insan yayıbsa (Məzmur 55:12—14).

 «Bir gün xəbər tutdum ki, rəfiqəm arxamca danışır, deyirmiş ki, guya mən özümdən başqa heç kimi fikirləşmirəm. Elə bil, kürəyimə ox saplandı! Başa düşə bilmirəm, o, niyə belə etdi» (Eşli).

 Fakt. Fərqi yoxdur, şayiələri kim yayır: yaxın dostun, ya da başqa birisi. Kiminsə arxanca xoşagəlməz söz-söhbətlər yaydığını bilmək heç də gülməli deyil.

 Pis xəbər — bunun qarşısını həmişə almaq olmur

 İnsanlar nəyə görə başqaları haqda danışır? Bunun bir neçə səbəbi var. Bəziləri bunlardır:

 Səmimi maraq. Biz insanlar ünsiyyət etməyi sevirik. Buna görə də bir-birimizlə söhbət etməyimiz və kiminsə haqqında danışmağımız təbiidir. Əslində, Müqəddəs Kitab da bizi başqaları ilə maraqlanmağa təşviq edir (Filipililərə 2:4).

 «Adamların elə özləri söhbət üçün ən maraqlı mövzudur!» (Byanka).

 «Açığını desəm, insanların həyatı mənim üçün həmişə maraqlı olub. Bu haqda başqaları ilə danışmaqdan xoşum gəlir. Özüm də bilmirəm niyə. Amma bu əladır» (Keti).

 Bikarçılıq. Qədim zamanlarda vaxtlarını sırf yeni bir şey danışmaqla və ya dinləməklə keçirən insanlar var idi (Həvarilərin işləri 17:21). O vaxtdan bəri heç nə dəyişməyib!

 «Arada qeyri-adi heç nə baş verməyəndə insanlar başlayırlar fantaziyalarını işə salmağa ki, söhbət etməyə bir mövzu olsun» (Coanna).

 İnamsızlıq hissi. Müqəddəs Kitab əbəs yerə bizi özümüzü başqaları ilə müqayisə etməkdən çəkindirmir (Qalatiyalılara 6:4). Əfsuslar olsun ki, bəziləri özünəinam hisslərini artırmaq üçün başqaları barədə xoşagəlməz şayiələr yayırlar.

 «Xoşagəlməz şayiələr onları yayan insan barədə çox şey deyir. Əslində, çox vaxt bu, arxasınca danışdığı adama qəlbinin dərinliyində paxıllıq etdiyini göstərir. Şayiə yaymaqla o, sanki, özünə təsəlli verir ki, həmin insandan daha yaxşıdır» (Fil).

 Fakt. Xoşuna gəlsə də, gəlməsə də, insanlar başqaları haqda danışacaqlar. Sən istisna deyilsən.

 Yaxşı xəbər — bu, sənin əl-qolunu bağlamamalıdır

 Sənin barəndə gəzən bütün şayiələrin qarşısını ala bilməsən də, onlara necə reaksiya göstərəcəyin sənin əlindədir. Sən bu iki üsuldan birini seçə bilərsən:

 ÜSUL 1. Fikir verməmək. Çox vaxt, xüsusilə də şayiələrin əhəmiyyətsiz olduğu hallarda ən yaxşı çıxış yolu onlara əhəmiyyət verməməkdir. Müqəddəs Kitabda yazıldığı kimi davran: «Qəzəblənməyə tələsmə» (Vaiz 7:9).

 «Barəmdə şayiə gəzirdi ki, mən bir oğlanla görüşürəm, halbuki onu heç tanımırdım! Mən sadəcə gülüb üstündən keçdim» (Elis).

 «Şayiələrə qarşı ən güclü silah təmiz addır. Barəndə pis şayiələr gəzirsə, yaxşı ad qazandığın təqdirdə, onlara çox az adam inanacaq. Haqq həmişə öz yerini tapır» (Allison).

 Məsləhət. Barəndə gəzən şayiəni və onun sənə necə təsir etdiyini kağıza yaz. Demək olar ki, belə etməklə sən Müqəddəs Kitabın «ürəyinizdə düşünün» məsləhətinə riayət etmiş olursan. Bundan sonra şayiəyə fikir verməmək sənə daha asan olacaq (Məzmur 4:4).

 ÜSUL 2. Barəndə şayiə yaymağa başlayan insanla üz-üzə söhbət etmək. Şayiə ciddi olanda, ola bilsin, sən onu yayan insanla söhbət etmək qərarına gəldin.

 «Arxanca danışan insana yaxınlaşıb üz-üzə məsələni müzakirə edəndə, ola bilsin, o başa düşəcək ki, söz gedib yiyəsinə çatır. Üstəlik, sən onun nəyə görə belə etdiyini öyrənə və bəlkə də, məsələni öz yoluna qoya bildin» (Elis).

 Amma bunu etməzdən öncə, Müqəddəs Kitabdakı növbəti prinsipləri nəzərdən keçir və özünə bəzi suallar ver.

  •   «Eşitməzdən qabaq cavab vermək səfehlik və rüsvayçılıqdır» (Süleymanın məsəlləri 18:13). «Doğrudanmı məsələyə aid olan bütün faktlar mənə məlumdur? Bəlkə, şayiəni qulağıma çatdıran insan nəyi isə düzgün başa düşməyib?»

  •   «Qoy hər bir insan eşitməyə hazır olsun, danışmağa və qəzəblənməyə tələsməsin» (Yaqub 1:19). «İndi onunla danışmaq üçün münasib vaxtdır? Məsələyə obyektiv yanaşıram? Bəlkə, bir müddətdən sonra, hirsim soyuyanda onunla danışmağım məsləhətdir?»

  •   «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin» (Matta 7:12). «Onun yerində mən olsaydım, haqqında şayiə yaydığım insanın mənimlə necə rəftar etməsini istəyərdim? Onun bu məsələni hansı şəraitdə mənimlə müzakirə etməsini istərdim? Hansı sözlər və hansı davranış daha məsləhətlidir?»

 Məsləhət. Barəndə şayiə yayan insana yaxınlaşmazdan öncə, deyəcəyin sözləri bir vərəqə yaz. Bir-iki həftədən sonra yazdıqlarını təzədən oxu və lazımdırsa, düzəlişlər et. Planlarını atanla, yaxud ananla, ya da ki yetkin bir dostunla müzakirə et və ondan məsləhət istə.

 Fakt. Həyatdakı bir çox şeylər kimi, bütün şayiələrin də qarşısını almaq olmur. Amma bu o demək deyil ki, onlar sənin əl-qolunu bağlamalıdır.