Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Emosiyaları necə idarə etmək olar?

Emosiyaları necə idarə etmək olar?

«Bir gün özümü əla hiss edirəm, o biri gün qəm dəryasına batıram. Dünən gözümdə xırda görünən şeylər bu gün mənim üçün əməlli-başlı problem olub» (Karisa).

Əhvalın enişli-yoxuşlu bir yol kimi tez-tez dəyişir? a Əgər belədirsə, bu məqalə sənə kömək edəcək.

 Səbəblər

 Keçid dövründə orqanizmdə baş verən proseslər zamanı emosiyaların dəyişkənliyi təbiidir. Hətta keçid dövründən sonra da əhvalın tez-tez və anidən dəyişə bilər.

 Əgər əhvalının gah elə, gah da belə olması səni sıxırsa, unutma ki, buna səbəb böyümə prosesində gedən hormonal dəyişikliklər və özünəinamsızlıqdır. Amma ürəyini sıxma, sən emosiyalarının səbəbini anlaya və onları idarə etməyi öyrənə bilərsən.

 Nəzərə al ki... Gənc yaşlarında emosiyalarını idarə etməyi öyrənmək olduqca vacibdir. Bu bacarıq sənə yetkin yaşlarında da lazım gələcək.

Mənfi emosiyalar çala-çuxurlu yola bənzəyir. Bacarıqlı olsan, bu yolda özünü daha inamlı hiss edə və ən dərin çuxurlardan yan keçə bilərsən.

 Üç çıxış yolu

 Bölüş. Müqəddəs Kitabda deyilir: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

 «Doğma xalam hesab etdiyim bir ailə dostumuz var. O, məni dinləməyə həmişə hazırdır. Onunla hisslərim haqda rahat danışa bilirəm. Düzgün düşündüyümü görəndə mənimlə qürur duyduğunu deyir. Səhvim olanda isə mənə düzgün istiqamət verir» (Yolanda).

 Məsləhət. Nəzərə al ki, həmyaşıdların da sənin kimi emosional dəyişikliklərlə mübarizə aparır. Odur ki, hisslərini təkcə onlarla bölüşməkdənsə, valideynlərinlə, yaxud da güvəndiyin yetkin biri ilə danış.

 Yaz. Müqəddəs Kitabda ümidsizliyə qərq olan Əyyub peyğəmbər barədə yazılıb: «Dərdimi açıb-tökəcəyəm, yana-yana danışacağam» (Əyyub 10:1). Ürəyindəkiləri təkcə kiməsə danışmaqla yox, bir kağıza yazmaqla da boşaltmaq mümkündür.

 «Üstümdə həmişə kiçik bir bloknot olur. Kefimi korlayan nə isə baş verəndə bu barədə bloknota yazıram. Yazmaq mənim üçün əsl sakitləşdiricidir» (İliana).

 Məsləhət. Bir dəftər tut. Orada keçirdiyin hissləri, bu hisslərinin nədən qaynaqlandığını və onları necə cilovlaya biləcəyini yaz. Bu mövzuyla bağlı çalışma vərəqi sənə kömək edəcək.

 Dua et. Müqəddəs Kitabda yazılıb: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz» (Zəbur 55:22).

 «İçimdə narahatçılıq olanda Yehovaya durmadan dua edirəm. Hər dəfə ürəyimi Ona boşaldandan sonra qəlbimə rahatlıq çökür» (Jasmin).

 Məsləhət. Ürəyində narahatçılıq olsa da, həyatında şükür edə biləcəyin üç şey barədə düşün. Duada Yehovadan kömək istə, eyni zamanda sənə bəxş etdiyi şeylərə görə minnətdarlıq bildirməyi unutma.

a Bu məqalədə bir çox gəncin keçirdiyi emosional dəyişiklikdən bəhs olunur. Əgər sən bipolyar pozuntu (əhval-ruhiyyənin kəskin surətdə dəyişməsi), yaxud depressiyanın hər hansı bir növü ilə mübarizə aparırsansa, «Depressiyadan necə çıxım?» (rus.) adlı məqaləyə baxa bilərsən.