GƏNCLƏRİN SUALLARI
Maksimalist deyiləm ki?
Əgər sən
hər imtahanda yalnız yüksək qiymət gözləyirsənsə,
müvəffəqiyyətsizlikdən qorxub yeni işlərdən qaçırsansa,
bütün tənqidlərə səni gözdən salmaq cəhdləri kimi baxırsansa,
...deməli, sənə maksimalist demək olar. Bəs maksimalist olub-olmamağın bir fərqi var?
Maksimalist olmağın nəyi pisdir?
Hər şeyi mümkün qədər yaxşı etməyə can atmaqda pis bir şey yoxdur. Lakin «Maksimalizm. Mükəmməlliyə can atmağın nəyi pisdir?» adlı kitabda qeyd olunduğu kimi, «mükəmməlliyə məntiqli şəkildə can atmaqla, olmazın hədəflər dalınca qaçmaq arasında böyük fərq var». Orada həmçinin əlavə olunur: «Maksimalist olmaq insan üçün ağır bir yükə çevrilə bilər, çünki heç kəs mükəmməl deyil» («Perfectionism—What’s Bad About Being Too Good?»).
Müqəddəs Kitabda deyilir: «Dünyada elə saleh adam yoxdur ki, heç vaxt günah etməsin, ancaq yaxşılıq etsin» (Vaiz 7:20). Qeyri-kamil olduğundan bəzən etdiklərin mükəmməl alınmaya bilər.
Əgər sənə bununla barışmaq çətindirsə, onda maksimalizmin həyatına mənfi təsir edəcəyi dörd sahəni nəzərdən keçir.
Özünə qarşı münasibətin. Maksimalistlər özləri üçün sonu məyusluqla nəticələnən yüksək normalar qoyurlar. «Etiraf edək ki, hər sahədə mükəmməl olmağımız mümkün deyil. Odur ki, əla nəticə əldə etmədik deyə özümüzü didib-parçalamaqla özümüzə inamımızı itirəcəyik. Bu isə adamı lap dilxor edə bilər» (Alisa).
Məsləhətə münasibətin. Maksimalistlər tənqidə onları gözdən salmaq cəhdləri kimi baxırlar. Ceremi adlı bir gənc deyir: «Kimsə mənə düzəliş verəndə özümü bərbad hiss edirəm». O əlavə edir: «Maksimalist olmaq insana öz bacarıqlarının məhdud olduğunu və köməyə ehtiyac duyduğunu qəbul etməyə mane olur».
Başqalarına münasibətin. Adətən, maksimalistlər insanlardan çox şey gözləyir və bunun səbəbi aydındır. Anna adlı 18 yaşlı qız deyir: «Özünə qarşı həddən artıq tələbkar olanda başqalarından da bunu gözləyirsən. İnsanlar sənin standartlarına uyğun gəlməyəndə onlara inamın sarsılır».
Başqalarının sənə münasibəti. Əgər insanlardan həddən artıq çox şey gözləyirsənsə, onların səndən yan gəzməsinə təəccüblənmə! Bet adlı bir yeniyetmə deyir: «Daim maksimalistləri razı salmağa çalışmaq adamı təngə gətirir. Heç kim belə insanla oturub-durmaq istəmir».
Bəs nə etmək olar?
Müqəddəs Kitabda deyilir: «Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (Filippililərə 4:5). Dərrakəli insanlar özlərinə və başqalarına qarşı tələbkarlıqda tarazılığı qoruyurlar.
«Onsuz da kənar təzyiqlər kifayət qədərdir, nəyə görə maksimalist olub həyatımızı daha da çətinləşdirək? Başını niyə ağrıdasan?! (Nelya).
Müqəddəs Kitab bizə «Allahın önündə təvazökarlıqla» yeriməyi buyurur (Mikə 6:8). Təvazökar insan dərk edir ki, onun imkanları məhduddur. Ona görə də edə bilməyəcəyi işi öhdəsinə götürmür və ya başqa vacib işləri qoyub bir işə hədsiz vaxt sərf etmir.
«Üzərimə götürdüyüm məsuliyyətlərin öhdəsindən yaxşı gəlmək istəyirəmsə, bacaracağım qədər işə boyun olmalıyam» (Heliy).
Müqəddəs Kitabda deyilir: «Əlindən nə gəlirsə, var gücünlə et» (Vaiz 9:10). Odur ki, maksimalizmin çarəsi tənbəllik yox, çalışqanlıqdır. Əlbəttə, yuxarıda qeyd olunduğu kimi, dərrakə və təvazökarlığı əldən verməmək şərtilə.
«Var gücümlə çalışıram ki, işlərimi ən yaxşı şəkildə yerinə yetirim. Başa düşürəm ki, ideal iş görmək mümkün deyil. Ancaq əlimdən gələni əsirgəmədiyimi bilmək mənə sevinc gətirir» (Coşua).