GƏNCLƏRİN SUALLARI
Məktəbdən çıxım?
«Məktəbdən zəhləm gedir!» Sənin də? Əgər belədirsə, onda yəqin ürəyindən keçir ki, məktəbdən çıxasan. Bu məqalədə daha yaxşı çıxış yolu göstərilir.
Məktəbdən çıxmağın səbəbləri
Mütəxəssislər şagirdlərin məktəbdən çıxmasına növbəti amilləri səbəb olaraq gətirirlər:
Öyrənməyə çətinlik çəkirlər. «Qiymətlərimi heç cür düzəldə bilmirəm».
Dərsə həvəsin olmaması. «Dərslərimizin mənasını görmürəm».
Maddi çətinlik. «İşləyib ailəmizə kömək etməliyəm».
Nəticəni düşün
Müqəddəs Kitabda deyilir: «Uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15). Məktəbdən çıxmaq istəyirsənsə, nəticəni ölçüb-biç.
Düşün:
Məktəbdən çıxsam, gələcəkdə işə düzələ biləcəyəm?
«Gün gələcək iş axtaracaqsan, ailə dolandırmalı olacaqsan. Əksər iş yerlərində heç olmasa attestat tələb edirlər. Onda nə edəcəksən?» (Culia)
Məktəbdən çıxsam, çətinliklərin öhdəsindən gəlməyi necə öyrənəcəyəm?
«Məktəb insanı həyata hazırlayır. Gələcəkdə də məktəbdəki kimi insanlarla qarşılaşacaqsan, oxşar sınaqlarla üzləşəcəksən və hansısa işin öhdəsindən gəlməli olacaqsan» (Daniel).
Məktəbdən çıxsam, həyat üçün lazım olan bacarıqlara yiyələnəcəyəm?
«Məktəbdə keçilənlər lazımsız görünə bilər. Amma 23 yaşına çatanda və büdcə qurmaq lazım gələndə adam fikirləşir ki, nə yaxşı, vaxtında riyaziyyatı oxumuşam» (Anna).
Daha yaxşı çıxış yolu
Kömək istə. Müqəddəs Kitabda deyilir: «Çoxlu məsləhətçi olan yerdə... uğur gələr» (Məsəllər 11:14). Əgər qiymətlərin aşağı düşürsə, valideynlərindən, müəllimlərindən, yaxud başqa bir böyük adamdan qiymətlərini yaxşılaşdırmaq üçün məsləhət istə.
«Çətinlik çəkirsənsə, müəllimlə danış. Bəzən adama elə gəlir ki, təqsir müəllimdədir, əslində isə ondan kömək istəsən, vəziyyət daha yaxşı olar» (Edvard).
Geniş düşün. Müqəddəs Kitabda deyilir: «İşin axırı əvvəlindən yaxşıdır» (Vaiz 7:8). Məktəbi qurtaranda bilikdən savayı, həyatda vacib olan keyfiyyətlərə və bacarıqlara yiyələnəcəksən.
«Düzdür, böyüyəndə inşa yazmaq, yaxud imtahana hazırlaşmaq lazım gəlmir. Amma məktəbdə çətinliklərin öhdəsindən gələndə sonralar çətinlikləri yoluna qoymaq daha asan olur» (Vera).
Başqa variantlara bax. Müqəddəs Kitabda deyilir: «Tələskən ehtiyaca yuvarlanar» (Məsəllər 21:5). Tez-tələsik belə qənaətə gəlmə ki, məktəbdən çıxmaq yeganə çıxış yoludur. Təhsilini onlayn dərslərlə, yaxud evdə təhsil almaqla da başa vura bilərsən.
«Məktəb adama çalışqan olmağı, problemləri həll etməyi, əməkdaşlıq etməyi öyrədir. Bunun faydasını həmişə görmək olar. Məktəbi axıra kimi oxumağa dəyər» (Bencamin).
Nəticə: Məktəbi axıra kimi oxusan, həyatda faydasını görəcəyin çox şey öyrənəcəksən.