Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Səhv hərəkət etmişəmsə, nə etməliyəm?

Səhv hərəkət etmişəmsə, nə etməliyəm?

 Sən nə edərdin?

 Karinanın başına gələnləri oxu. Təsəvvür et ki, bunlar sənin başına gəlib. Onun yerində olsa idin, nə edərdin?

 Karina: «Bir gün məktəbə gedəndə maşını çox bərk sürürdüm. Polis məni saxladı və cərimə yazdı. Yaman pis olmuşdum! Anamla danışdım. O da mənə dedi ki, bu haqda atama deməliyəm. Amma mən bunu etmək istəmirdim».

  Sən nə edərdin?

  1.  A variantı: atanın heç nədən xəbər tutmayacağına ümid edərək sakitcə durardın.

  2.  B variantı: hər şeyi olduğu kimi atana danışardın.

 Bəlkə də, A variantı daha ürəyincədir. Ola bilsin, anan elə fikirləşər ki, sən gedib atana hər şeyi danışmısan. Hər nə səhv etsən də, onu boynuna almağın üçün əsaslı səbəblər var.

 Səhvini boynuna almağın üçün üç səbəb

  1.  1. Çünki düzgün davranmış olarsan. Müqəddəs Kitabda deyilir ki, Allaha ibadət edən insan «hər sahədə dürüst ol[malıdır]» (İbranilərə 13:18).

     «Dürüst olmaq və hərəkətlərimə görə məsuliyyət daşımağı öyrənmək üçün üzərimdə az işləməmişəm. Səhv buraxan kimi o dəqiqə boynuma alıram» (Aleksis).

  2.  2. İnsanlar səhvini boynuna alanları daha tez bağışlayırlar. Müqəddəs Kitabda deyilir: «Günahlarını ört-basdır edən uğur qazanmaz, onu etiraf edərək tərk edən mərhəmət tapar» (Süleymanın məsəlləri 28:13).

     «Səhvini boynuna almaq üçün adama cəsarət gərəkdir, insanların etibarını ancaq bu cür qazanmaq olar. Onlar görürlər ki, sən dürüst insansan. Səhvini boynuna almaqla sən pis vəziyyəti düzəltmiş olursan» (Riçard).

  3.  3. Yehova Allahı razı salmaq üçün bunu etmək vacibdir. Müqəddəs Kitabda deyilir: «Azğınlar Rəbdə ikrah yaradar, Rəbb əməlisalehlərlə dost olar» (Süleymanın məsəlləri 3:32).

     «Nəsə ciddi bir səhv edəndə başa düşürəm ki, onu boynuma almalıyam. Yehovanın xeyir-duasını almaq istəyirəmsə, hər şeyi Onun iradəsinə uyğun etməliyəm» (Rəhilə).

 Karina nə etdi? O, cərimə talonunu aldığını atasından gizlətməyə çalışdı. Amma bunu ömrünün axırına kimi gizlədə bilməzdi. Karina deyir: «Təxminən bir il sonra atam sığorta qeydlərinə baxanda mənim adıma yazılan cərimə talonunu gördü. Öz başıma iş açdım. Hətta anam da onun sözünə baxmadığım üçün mənə çox acıqlandı!»

 Dərs: Karina deyir: «Səhvləri gizlətmək vəziyyəti daha da çətinləşdirir. Onsuz da gec-tez səhvlərinə görə cavab verməli olacaqsan!»

 Öz səhvlərindən necə dərs götürə bilərsən?

 Hamı səhv edir (Romalılara 3:23; 1 Yəhya 1:8). Gördüyümüz kimi, səhvi etiraf etmək — özü də ki dərhal — təvazökarlığın və yetkinliyin göstəricisidir.

 Növbəti addım isə səhvlərdən dərs götürməkdir. Təəssüf ki, bəzi gənclər bunu etmirlər! Məsələn, 14 yaşlı Priskilla adlı yeniyetmə bir qız kimi. O deyir: «Əvvəllər etdiyim səhvlərə görə məyusluğa qapılırdım. Özüm haqda pis fikirdə olurdum. Səhvlərim gözümdə daşıya bilməyəcəyim ağır yük kimi görünürdü. Özümü bərbad və aciz hiss edirdim».

 Sənin də özünü belə hiss etdiyin anlar olur? Onda bir şeyi unutma: keçmiş səhvlərinlə yaşamaq gözünü maşının arxa görüntü güzgüsünə zilləyərək sürməyə bənzəyir. Bu, insanda gərəksizlik hissi yaradır və qabaqdakı çətinliklər qarşısında onu aciz qoyur.

 Ən yaxşısı səhvlərinə tarazlı yanaşmağı öyrənməkdir.

 «Arxaya dönüb səhvinə bax və ondan dərs götür ki, bir də o səhvi təkrarlamayasan. Amma çox fikir eləmə, əks halda, batarsan» (Eliot).

 «Səhvlərdən dərs götürəndə təcrübəm artır. Bu isə mənə xasiyyətimi düzəltməyə və növbəti dəfə fərqli davranmağa kömək edir. Ən yaxşısı, səhvlərə belə yanaşmaqdır, onda insan yetkinləşir» (Vera).