Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Sosial şəbəkədə şəkil paylaşmaqla bağlı nəyi bilməliyəm?

Sosial şəbəkədə şəkil paylaşmaqla bağlı nəyi bilməliyəm?

 Tutalım, tətildəsən və keçirdiyin bu xoş istirahət haqda dostlarına danışmaq istəyirsən. Bunu necə edəcəksən?

  1.   Hər kəsə açıqca göndərəcəksən;

  2.   Bütün dostlarına elektron məktub yazacaqsan;

  3.   Şəkilləri sosial şəbəkədə paylaşacaqsan.

 Nənən-baban sən yaşda olanda onlar üçün yalnız «A» variantı mümkün idi.

 Valideynlərin sən yaşda olanda, ola bilsin, «B» variantı artıq əlçatan idi.

 Bu gün isə gənclərin əksəriyyəti «C» variantını seçir. Əgər sən də bu varianta üstünlük verirsənsə, onda bu məqalə sənə sosial şəbəkədə şəkil paylaşmağın bəzi təhlükələrindən qaçmağa kömək edəcək.

 Şəkil paylaşmağın faydaları

 Bunun sayəsində məlumat anındaca çatdırılır. «Səyahətdə olarkən və ya dostlarımla gözəl vaxt keçirərkən çəkdiyim şəkilləri dərhal paylaşa bilirəm» (Melani).

 Bu, çox rahatdır. «Dostlarımla nə baş verdiyini bilmək üçün paylaşdıqları şəkillərə baxmaq elektron məktubdan istifadə etməkdən daha asandır» (Cordan).

 Bu, yaxınlarımızdan xəbərdar olmağa kömək edir. «Qohumlarımın, dostlarımın bəziləri uzaqda yaşayır. Əgər onlar tez-tez şəkil paylaşırsa, sanki onları hər gün görmüş oluram» (Karen).

 Şəkil paylaşmağın təhlükələri

 Özünü təhlükə altına ata bilərsən. Əgər mobil cihazında foto və videolarda coğrafi yerin təyin olunması funksiyası (geotagging) varsa, paylaşdığın şəkillər istəmədiyin məlumatı da ötürə bilər. Bir saytda deyilir ki, «coğrafi yeri bildirən şəkil və digər məlumatlar sənin harada olduğunu aşkara çıxarır. Bu da, öz növbəsində, sənin yerini bilmələrini istəmədiyin insanlara səni tapmaları üçün fürsət verir» (Digital Trends).

 Təbii ki, oğruları sənin harada olmağından çox, sənin evdə olmamağın maraqlandırır. Yuxarıda adı çəkilən saytda həmçinin yazılmışdı ki, üç oğru heç kimin olmadığı vaxtda 18 evə basqın edib. Bəs onlar evdə heç kimin olmadığını haradan bilmişdilər? Onlar internetin köməyi ilə ev yiyəsinin harada olduğunu müəyyən edib. Nəticədə oğrular 100000 ABŞ dollar dəyərində mal oğurlayıblar.

 Qarşına nalayiq şərhlər çıxa bilər. Bəzi insanlar abır-həyanı itirərək sosial şəbəkədə pis şeylər yerləşdirir. Sara adında bir yeniyetmə deyir: «Problem tanımadığın insanların səhifələrinə baxmaqla başlayır. Elə bil, tanımadığın bir şəhərdə xəritəsiz gəzintiyə çıxmısan. Əvvəl-axır getmək istəmədiyin yerə gedib çıxacaqsan».

 Vaxt itkisidir. Yolanda adında qız bölüşür: «Dostlarının paylaşdığı yeni şəkillərə baxmaq və yazdıqları şərhləri oxumaq vərdiş halına çevrilə bilər. Vəziyyət o həddə çatır ki, boş saniyə olan kimi əlini telefona atıb baxmaq istəyirsən, görəsən, təzə nə isə var, yoxsa yox».

Sosial şəbəkədə şəkil paylaşırsansa, özünə hakim olmağı bacarmalısan

 Samanta adlı yeniyetmə də bu sözlərə şərikdir. O deyir: «Sosial şəbəkədə keçirdiyim vaxta nəzarət etməliyəm. Əgər şəkil paylaşırsansa, sözün əsl mənasında, özünə hakim olmalısan».

 Nə edə bilərsən?

  •   Nalayiq şeylərdən uzaq dur. Müqəddəs Kitabda deyilir: «Nalayiq şeyləri gözümün önünə qoymaram» (Zəbur 101:3).

     «Dostluğumda olanların səhifələrini tez-tez yoxlayıram. Əgər onların səhifələrində nalayiq nəsə görürəmsə, həmin insanı dostluq siyahımdan silirəm» (Stiven).

  •   Sənin üstünlük verdiyin mənəvi dəyərlərə önəm verməyən insanlardan uzaq dur, çünki onların düşüncəsi istər-istəməz sənə də təsir edəcək. Müqəddəs Kitabda deyilir: «Aldanmayın! Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:33).

     «Bir səhifəni hamı izləyirsə, bu o demək deyil ki, sən də izləməlisən. Çox vaxt belə səhifələrdə çılpaq şəkillərə və ya digər nalayiq şeylərə rast gəlmək olur» (Cesika).

  •   Özün üçün konkret vaxt qoy. Müqəddəs Kitabda deyilir: «Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin,.. vaxtınızın qədrini bilin» (Efeslilərə 5:15, 16).

     «Sosial şəbəkədə “yatan” insanların səhifələrini izləmirəm. Misal üçün, kimsə dənizə gedir və bir balıqqulağının 20 şəklini paylaşır. Onların hamısına baxmaq üçün nə qədər vaxt lazımdır!» (Rebeka).

  •   Paylaşdığın şəkillər sən haqda başqalarında «məndən bir dənədir» təəssüratını oyatmamalıdır. Müqəddəs Kitabı yazanlardan biri olan həvari Bulus demişdi: «Özünüz barədə lüzumundan artıq fikirləşməyin» (Romalılara 12:3). Düşünmə ki, dostların sənin bütün şəkillərinə heyran qalacaq.

     «Bəzi insanlar sosial şəbəkədə o qədər selfi şəkillər paylaşırlar ki! Əgər sən mənim dostumsansa, sənin necə göründüyü bilirəm, bu qədər selfiyə ehtiyac yoxdur» (Alison).