Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Təhriklərə necə müqavimət göstərə bilərəm?

Təhriklərə necə müqavimət göstərə bilərəm?

 Həvari Bulus yazıb: «Düzgün iş görmək istəyəndə pislik artıq yanımda hazır durur» (Romalılara 7:21). Sən də nə vaxtsa belə hisslər keçirmisən? Onda bu məqalə sənə kömək edəcək ki, yanlış istəkləri həyata keçirmək təhriklərinə müqavimət göstərə biləsən.

 Nəyi bilməlisən?

 Təhriklər və həmyaşıdların təzyiqi bir-birilə sıx əlaqəlidir. Elə Müqəddəs Kitabda da deyilir ki, «pis dostlar yaxşı vərdişləri korlayır» (1 Korinflilərə 15:33, haşiyə). Başqalarının və medianın təzyiqi səni səhv hərəkətlərə təhrik edən istəkləri alovlandıra və «kütləyə qoşulub pislik» etməyinə səbəb ola bilər (Çıxış 23:2).

 «Başqaları tərəfindən sevilmək və qəbul edilmək istəyi onların etdiyi hər şeyi təkrarlamağa gətirib çıxara bilər, təki onlar razı qalsın» (Ceremi).

 Düşün: Niyə başqalarının sənin haqqında düşündüklərinə görə həddindən artıq narahat olmaq təhriklərə müqavimət göstərməyini çətinləşdirə bilər? (Məsəllər 29:25).

 Nəticə: Yol vermə ki, həmyaşıdlarının təzyiqi səni sahib olduğun prinsiplərə güzəştə getməyinə təhrik etsin.

 Nə edə bilərsən?

 Əqidənə bələd ol. Nəyə inandığını bilmirsənsə, onda başqalarının əlində oyuncağa çevriləcəksən. Yaxşı olar ki, Müqəddəs Kitabın «hər şeyin doğru olub-olmadığını yoxlayın, yaxşı şeydən ikiəlli yapışın» məsləhətinə əməl edəsən (1 Salonikililərə 5:21). İnanclarını nə qədər yaxşı dərk etsən, onda onlara uyğun davranmaq və onlara zidd gedən təhriklərə müqavimət göstərmək sənə bir o qədər asan olacaq.

 Düşün: Allahın əxlaq normalarının sənin xeyrinə olduğuna nəyə görə inanırsan?

 «Müşahidə etmişəm ki, əqidəmə sadiq qalanda və təhriklərə təslim olmayanda başqaları mənə daha çox hörmət edir» (Kimberli).

 Müqəddəs Kitabdan örnək: Dənyal. Dənyal hələ yeniyetmə olarkən «ürəyində qət etdi ki», Allahın qanunlarına əməl edəcək (Dənyal 1:8).

Əgər nəyə inandığını bilmirsənsə, onda başqalarının əlində oyuncağa çevriləcəksən

 Zəif yönlərini bil. Müqəddəs Kitabda «gəncliyə xas istəklərdən» bəhs edilir. Bu istəklər xüsusilə gənclik çağlarında güclü olur (2 Timutiyə 2:22). Bunlara yalnız cinsi istəklər yox, həmçinin başqaları tərəfindən qəbul edilmək və hələ hazır olmadan müstəqil yaşamaq istəyi də daxildir.

 Düşün: Müqəddəs Kitabda deyilir ki, «hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır» (Yaqub 1:14). Hansı istək səni daha çox yoldan çıxarır?

 «Özünə qarşı dürüst ol. Hansı təhriklərin səni daha çox təhlükəyə saldığı barədə düşün. Bu təhriklərə necə müqavimət göstərə biləcəyini araşdır və işinə yarayacaq fikirləri yaz. Bu yolla gələn dəfə belə vəziyyətlə üzləşəndə nə etməli olduğunu biləcəksən» (Silvia).

 Müqəddəs Kitabdan örnək: Davud. Bəzən Davud başqalarının təzyiqinə və hətta öz istəklərinə təslim olurdu. Amma o, səhvlərindən çox şey öyrənirdi və yaxşı insan olmağa çalışırdı. Bir dəfə o, Yehovaya duasında demişdi: «Məndə təmiz ürək yarat, içimə təzə, mətin bir ruh qoy» (Zəbur 51:10).

 Ehtiyatı əldən vermə. Müqəddəs Kitabda yazılıb: «Pisliyə məğlub olma» (Romalılara 12:21). Bu, o deməkdir ki, sən təhriklərin qurbanı olmamalısan. Sənin düzgün seçim etmək imkanın var.

 Düşün: Özünü necə nəzarətdə saxlaya bilərsən və yanlış şeyə təhrik edəcək vəziyyətin müsbət nəticələnməsi üçün nə edə bilərsən?

 «Düşünürəm ki, məni təhrik edən hər hansı bir şeyi etsəm, hansı hissləri keçirəcəyəm. Özümü daha yaxşı hiss edəcəyəm? Bəlkə də. Amma sadəcə bir anlıq. Məndə bu yaxşı hisslər davam edəcək? Yox, özümü daha pis hiss edəcəyəm. Buna həqiqətən dəyər? Yox!» (Sofiya).

 Müqəddəs Kitabdan örnək: Bulus. Bulus pis meyillərinin olduğunu boynuna alsa da, o, ehtiyatı əldən vermirdi. Məktublarının birində o belə yazmışdı: «Bədənimə cəfa verib onu kölə kimi özümə tabe etdirirəm» (1 Korinflilərə 9:27).

 Nəticə: Təhrikedici vəziyyətlə üzləşəndə, sanki sükan arxasında oturmuş sürücü olursan.

 Yadda saxla ki, təhriklər müvəqqətidir. 20 yaşlı Melissa deyir: «Məktəbdə oxuyanda üzləşdiyim çoxlu təhrikedici vəziyyətlər indi mənə mənasız gəlir. Bunun üzərində düşünəndə əmin oluram ki, hal-hazırda üzləşdiyim təhrikedici vəziyyətlər da keçib gedəcək. Bir gün geriyə baxacağam və başa düşəcəyəm ki, onlara müqavimət göstərə bildiyim üçün həyatım indi daha yaxşıdır».