GƏNCLƏRİN SUALLARI
Təkamül, yoxsa yaradılış? II hissə. Təkamülü təkzib etməyə əsas varmı?
Aleks çaş-baş qalıb. O, Allaha və yaradılışa inanırdı. Lakin bu gün onun biologiya müəllimi iddia etdi ki, təkamül faktdır və mötəbər elmi tədqiqatlara əsaslanır. Aleks ağılsız kimi görünmək istəmirdi. O, öz-özünə fikirləşdi: «Əgər alimlər təkamülü sübuta yetiriblərsə, onu təkzib etməyimin yeri var?»
Bu vəziyyət sənə tanışdır? Ola bilsin ki, sən gözünü açandan Müqəddəs Kitabın bu sözlərinə inanmısan: «Allah göyləri və yeri yaratdı» (Yaradılış 1:1). Ancaq insanlar inandırmağa çalışırlar ki, yaradılış əfsanədir, təkamül isə faktdır. Sən onlara inanmalısan? Təkamülü təkzib etməyə əsas var?
Təkamülü təkzib etməyə əsas verən 2 səbəb
Alimlər təkamül məsələsində həmfikir deyillər. Onilliklərdir aparılan tədqiqatlara baxmayaraq alimlərin təkamüllə bağlı verdikləri izahatlarda yekdillik yoxdur.
Fikirləş: Əgər alimlər təkamül məsələsində razılığa gələ bilmirlərsə, halbuki onlar bu işin mütəxəssisləri sayılır, sənin bu təlimi təkzib etməyində səhv nəsə var? (Məzmur 10:4)
Nəyə inandığın vacibdir. Zakari adlı bir oğlan deyir: «Əgər həyatımız, kainatımızdakı hər şey təsadüf nəticəsində yaranıbsa, onda heç nəyin mənası yoxdur». Onun dedikləri məntiqlidir. Əgər təkamül düzdürsə, onda həyatın məqsədi yoxdur (1 Korinflilərə 15:32). Ancaq, yaradılış həqiqətdirsə, onda həyatın məqsədi var və gələcəklə bağlı suallara qaneedici cavablar tapa bilərik (Yeremya 29:11).
Fikirləş: Təkamül və yaradılış haqda həqiqəti bilmək həyatını necə dəyişə bilər?
Düşünmək üçün suallar
İDDİA. «Kainatdakı hər şey təsadüfən baş verən böyük partlayış nəticəsində yaranıb».
Böyük partlayışa kim və ya nə səbəb olub?
Hansı daha məntiqlidir? Hər şeyin yoxdan var olması, yoxsa nədənsə və ya kimsə tərəfindən yaranması?
İDDİA. «İnsanlar heyvanlardan əmələ gəlib».
Əgər insanlar heyvanlardan əmələ gəlibsə, məsələn, meymundan, onda niyə insanların zehni qabiliyyəti ilə meymunun zehni qabiliyyəti arasında dağlar qədər fərq var? a
Niyə hətta ən «sadə» həyat forması belə heyrətamiz şəkildə mürəkkəb quruluşa malikdir? b
İDDİA. «Təkamül sübut olunub».
Bunu iddia edən insan özü sübutları araşdırıb?
Sırf ziyalı insanlar təkamülə inandıqlarını dedikləri üçün təkamülə inanan nə qədər insan var?
a Bəziləri iddia edir ki, insanın beyni meymunun beynindən böyük olduğu üçün o daha ağıllıdır. Bu fikrin doğru olmadığını «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» broşürasının 28-ci səhifəsindən (türk.) oxuya bilərsiniz.
b «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» broşürasının 8—12 səhifələrinə (türk.) bax.