GƏNCLƏRİN SUALLARI
Yaşamaq istəmirəm. Hisslərimlə necə bacarım?
«Bir neçə il əvvəl güclü narahatçılıq hissi keçirirdim, elə bil, daxilim od-alov içində idi, mən isə onu söndürə bilmirdim. O vaxt ağlımdan intihar etmək fikirləri keçirdi. Əslində, ölmək istəmirdim, sadəcə istəyirdim ki, bu əzablar bitsin» (Conatan, 17 yaş).
14 000 yuxarı sinif şagirdi arasında keçirilmiş bir sorğuya əsasən, son bir il ərzində beş nəfərdən biri intihar etmək haqqında düşünüb a. Əgər sənin də ağlından belə fikirlər keçirsə, nə edə bilərsən?
Dayan. Özünə söz ver ki, tələsik hərəkət etməyəcəksən. Problemlərin həlledilməz kimi görünsə də, əslində, çıxış yolu həmişə var.
Sənə elə gələ bilər ki, labirintdəsən və oradan çıxış yoxdur. Amma insanın keçirdiyi hisslər heç də həmişə reallığı əks etdirmir. Bəlkə də, çıxış düşündüyündən də yaxındır, sadəcə sənə onu tapmağa kömək lazımdır.
Müqəddəs Kitab prinsipi: «Bizi hər tərəfdən sıxışdırırlar, amma divara dirəməyiblər; çaşqınlıq içindəyik, amma vəziyyətimiz çıxılmaz deyil» (2 Korinflilərə 4:8).
Təklif. Əgər intihar etmək fikrini başından çıxara bilmirsənsə, gör kimdən kömək istəyə bilərsən. Məsələn, qaynar xəttə və ya təcili yardıma zəng etmək olar. Orada təlim keçmiş mütəxəssislər işləyir və onlar həqiqətən də sənə kömək etmək istəyir.
Kiminləsə danış. Səni fikirləşən və sənə kömək etmək istəyən insanlar var. Məsələn, bu, dostların və ailə üzvlərin ola bilər. Amma hər şeyi içində saxlasan, onlar nə hiss etdiyini bilməyəcəklər.
Bəzi insanlara aydın görmək üçün eynək taxmaq lazımdır. Sənin üçün belə eynək dostların ola bilər. Onlar sənə problemlərinə düzgün tərəfdən baxmağa və həyat eşqini yenidən alovlandırmağa kömək edəcək.
Müqəddəs Kitab prinsipi. «Əsl dost... dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).
Təklif. Söhbəti açmaq üçün deyə bilərsən: «Son vaxtlar beynimdən bədbin fikirlər keçir. Bu barədə danışmaq istəyirəm». Ya da belə: «Bəzi problemlərim var, amma hiss edirəm ki, təkbaşına onlarla bacarmaram. Mənə kömək edə bilərsən?»
Həkimə müraciət et. İnsanın yaşamaq istəməməsi narahatlıq və ya depressiya kimi sağlamlıq problemlərinin nəticəsi ola bilər. Amma bunların müalicəsi var.
Qrip insanın iştahasını öldürdüyü kimi, depressiya da insanın yaşamaq eşqini öldürə bilər. Amma bu xəstəliklərin heç biri əlacsız deyil.
Müqəddəs Kitab prinsipi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (Mətta 9:12).
Təklif. Kifayət qədər yat, idman et və sağlam qidalan. Səhhətinin vəziyyəti həyata baxışına təsir edə bilər.
Dua et. Müqəddəs Kitabda yazılıb ki, Yaradanımız «ürəyimizdən böyükdür və hər şeyi bilir» (1 Yəhya 3:20). Ona elə bu gün dua et. Onu adı ilə çağır və ürəyini Ona boşalt.
Bəzi problemlər ağır yük kimidir və onlarla təkbaşına bacara bilməzsən. Amma Yaradanımız Yehova sənə kömək əlini uzatmağa hazırdır.
Müqəddəs Kitab prinsipi. «Diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq» (Filippililərə 4:6, 7).
Təklif. Problemlərin barədə dua etməzdən əlavə, çalış ən azı bir şeyə görə Yehovaya şükr edəsən (Koloslulara 3:15). Bu sənə fikrini müsbət şeylərə cəmləməyə kömək edəcək.
Əgər düşünürsənsə ki, yaşamağa dəyməz, kömək istə. Məqalənin əvvəlində sözləri gətirilən Conatan da belə etdi. O deyir: «Valideynlərimlə çoxlu söhbət etdim və həkimə getdim. İndi xeyli düzəlmişəm. Bəzən əhvalım yenə də dəyişir, amma intihar etmək haqda daha düşünmürəm».
a Sorğu 2019-cu ildə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən keçirilib.