Kontentə keç

Rustamjon Norov həbsdən azad edilməzdən əvvəl

12 OKTYABR 2021
TACİKİSTAN

Azadlığa buraxılan Rustamjon Norov həbsdə olarkən yaxşı ad qazanıb

Azadlığa buraxılan Rustamjon Norov həbsdə olarkən yaxşı ad qazanıb

Xəbər verildiyi kimi, 21 sentyabr 2021-ci il tarixində Tacikistandan olan 22 yaşlı qardaşımız Rustamjon Norov həmin ayın əvvəlində qüvvəyə minmiş amnistiya qanununa görə vaxtından əvvəl azadlığa buraxılıb. Rustamjon üç ay məhkəməyədək həbsdə saxlanılmışdı. 10 may 2021-ci il tarixində onu Yavan şəhərində yerləşən islah müəssisəsinə keçirdilər. Burada qardaş ona təyin olunmuş üç il yarım müddətli həbs cəzasını çəkməyə davam etməli idi. Məhkəməyədək həbsdə olarkən, məhkəmə zamanı və həbsxanada olduğu müddətdə onu müşahidə edənlər onun davranışına və ədəb-ərkanına heyran idilər.

Bir dəfə məhkəmə iclası zamanı bir polkovnik ona yaxınlaşıb əlini sıxdı. Polkovnik möhkəm, cəsarətli və yenilməz olduğuna görə ona hörmətinin böyük olduğunu dedi. Sonra o əlavə etdi: «Hər dindar sənin kimi olmalıdır... Bil ki, illər sonra, Tacikistanda alternativ xidmət yaradılanda, bu vətəndaş hüququna görə qurbanlar verənlərin adları sırasında sənin də adın olacaq».

Həbsxanada da Rustamjon gözəl və nümunəvi davranışı ilə şahidlik verməyə davam edirdi. Bu səbəbdən həbsxana müdiriyyəti onu Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən xüsusi təlim kursuna dəvət etmişdi. Kursun məqsədi həbsdən azad edildikdən sonra məhbuslara iş tapmağa kömək etməkdir. Kursu bitirdikdən sonra həbsxana müdiriyyəti Rustamjona sertifikat və onun əməksevər insan olduğu deyilən minnətdarlıq məktubu təqdim etmişdi. Qardaş deyir ki, həbsxana müdiriyyəti onun nümunəvi davranışını məsihi prinsiplərinə əməl etməsi ilə izah edirdi.

Rustamjon amnistiya qanununun ona aid olub-olmadığını bilmirdi. Ancaq digər məhbuslar deyirdilər ki, həbsxanada qazandığı gözəl ada görə onu mütləq buraxacaqlar. Bir çox həbsxana işçiləri də eyni fikirdə idilər.

Rustamjon kimi bitərəf mövqelərinə sadiq qaldıqlarına görə həbs edilən gənc məsihilər nur kimi insanların qarşısında parlayırlar. Ən əsası isə, onların yaxşı işləri Yehova Allaha şərəf gətirir və Onu ucaldır (Mətta 5:16).